Böyük ömrün fotolarda əbədiləşən anları - FOTOKOMPOZİSİYA

Oxunma sayı: 279
12 Dekabr 2019, 11:07
Böyük ömrün fotolarda əbədiləşən anları     - FOTOKOMPOZİSİYA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin cismani yoxluğundan 16 il ötür. Bu illər ərzində həyatımızda çox şey dəyişib. Ötən müddət ərzində baş verən inkişaf ildən-ilə gözəlləşən Bakının və regionlarımızın simasında aydın görünür. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə qlobal energetika və nəqliyyat layihələri həyata keçirilir, vaxtilə xəyal hesab edilənlər reallığa çevrilir. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşamaqda, gələcəyə aparan yolumuzu işıqlandırmaqdadır.

      

Ulu Öndər bənzərsiz bir ömür yaşayıb. Onun həyat yolu, Vətəni və xalqı qarşısında misilsiz xidmətləri bu gün dönə-dönə xatırlanır, yaddaşlar təzələnir. Bu baxımdan böyük ömrün fotolarda əbədiləşən anları daha təsirlidir və bizi Heydər Əliyevli günlərə qaytarır.

 

Azmedia.Az bildirir ki, AZƏRTAC Ulu Öndərin xatirə gününə həsr olunmuş xüsusi layihə - fotokompozisiya hazırlayıb. Bu kompozisiyada Heydər Əliyev ömrünün tarixi anları əksini tapır.

          

                

Tənəzzüldən yüksəlişə gedən yol

 

Azərbaycanın ən yeni tarixi, qazandığı möhtəşəm uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövründə Azərbaycan misilsiz inkişaf yolu keçib. Həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir.

                 

Heydər Əliyev respublikaya rəhbər təyin olunana qədər Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri sayılırdı. 1969-cu ilin iyulunda Heydər Əliyevin ölkə rəhbəri seçilməsi həyatın ritmini kökündən dəyişdi: ölkədə canlanma və yüksəliş, geniş quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri zavodu, dərin dəniz özülləri zavodu, memarlıq incilər olan binalar - "Gülüstan" sarayı, indiki Heydər Əliyev Sarayı tikildi, Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri salındı. Kənd təsərrüfatı məhsulları, xüsusən pambıq və üzüm istehsalı dəfələrlə artdı. Bunun nəticəsində əhalinin güzəranı da yaxşılaşdı. Bu illər haqlı olaraq, Azərbaycanın intibah dövrü adlandırılır.

 

Aşağıdakı fotolar özündə həmin anları yaşadır, bizi xəyalən o illərə qaytarır.

           

           

          

               

           

Xalqın qürur və iftixar mənbəyi

 

Azərbaycan xalqı Heydər Əliyevlə qürur və iftixar duyur. Bu, təsadüfi deyil. Heydər Əliyev SSRİ kimi nəhəng dövlətin əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü idi. Daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçilmişdi. Bu hadisələr Azərbaycanda böyük sevinc doğurmuş, əsl bayram əhval-ruhiyyəsi yaratmışdı.

             

Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi təbii ki, Azərbaycanın xeyrinə oldu. Onun bir əli Vətənin üstündə idi: Öz nüfuzundan və tutduğu yüksək vəzifələrin yaratdığı imkanlardan istifadə edərək bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəldə bildi.

 

Siyasi Büronun üzvü olarkən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı Heydər Əliyevin şöhrətini getdikcə artırırdı. Bununla eyni vaxtda ona qarşı paxıllıq və həsəd hissləri baş qaldırırdı.

          

           

             

Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya açıq müstəviyə keçdi. O, ölkə rəhbərliyi ilə aralarında yaranmış ciddi ixtilaf səbəbindən istefa verdi. Bununla da Azərbaycanın qara günləri başladı. Onda da, indi də bir çoxları əminliklə deyir ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də 20 Yanvar hadisələri baş verməzdi.

Xilaskarın qayıdışı

 

Vətənin ağır günlərində - 1990-cı illərin əvvəllərində Heydər Əliyev Azərbaycana qayıtdı. Onun xalq arasındakı nüfuzundan qorxuya düşən o vaxtkı hakimiyyət Heydər Əliyevin Bakıya yolunu kəsdi. Bu səbəbdən Ulu Öndər doğulub boya-başa çatdığı Naxçıvana getdi.

 

Ulu Öndər muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımızı ilk dəfə məhz Naxçıvanda ucaltdı, Yeni Azərbaycan Partiyasının təməlini qoydu.

                   

                

Dövlət müstəqilliyinin bərpası olunduğu ilk illərdə Azərbaycan böyük bəlalarla - xaos və anarxiya, vətəndaş müharibəsi, müstəqilliyi itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda köməyə yenə Heydər Əliyev yetişdi. Xalqın çağırışı ilə yenidən hakimiyyət qayıdan Ulu Öndər bu təhlükələri dəf edərək milli dövlət quruculuğuna başladı. Həmin illərdə milli maraqlara söykənən xarici siyasət kursu formalaşdırıldı, Dağlıq Qarabağ müharibəsində atəşkəsə nail olundu, yaradılan ictimai-siyasi sabitlik quruculuq işlərinə yol açdı.

 

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir. Ulu Öndər daxili və xarici siyasətdə köklü dəyişikliklərlə eyni vaxtda nizami ordu yaradılması istiqamətində də ardıcıl səylər göstərirdi. Cəbhə bölgələrinə gedir, ön xətdə əsgərlərlə görüşürdü. Bu, orduda böyük ruh yüksəkliyi yaratdı və nəticədə düşmən hücumlarının qarşısı alındı.

 

Həmin vaxt çəkilmiş fotoşəkillərdə Heydər Əliyevin həyat və fəaliyyətinin bəzi məqamlarını əks etdirir.

       

         

           

"Əsrin müqaviləsi" ilə başlayan inkişaf dövrü

 

1994-cü ildə Azərbaycan investisiya qoyuluşu baxımından riskli ölkə sayılırdı. Xarici şirkətlər Azərbaycan neftinə sərmayə qoymağa tərəddüd edirdilər. Heydər Əliyev "Amoko", "BP", "Yunokal", "LUKoyl", "Statoyl", "Ekson", "İtoçu" kimi nəhəng şirkətləri inandıra bildi ki, Azərbaycana qoyulan sərmayə hədər getməyəcək. Beləliklə, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair sonra da "Əsrin müqaviləsi" adı almış neft kontraktları imzalandı. "Əsrin müqaviləsi" və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın inkişafına yol açdı.

 

O vaxt çəkilmiş fotoşəkillərin biri bu müqavilədən əldə olunan ilk neftin Ulu Öndərdə doğurduğu böyük sevinc hissi əks etdirir.

          

Sonra üç dəniz əfsanəsi adlandırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri, onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri ərsəyə gəldi. Bu gün Azərbaycanın təşəbbüsü olan Cənub Qaz Dəhlizi kimi nəhəng layihə sona çatmaq üzrədir. Bir neçə gün əvvəl Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışının şahidi olduq. Bu transmilli enerji layihələri Azərbaycanın dünya miqyasında, Avropanın enerji təhlükəsizliyində rolunu artırır və ölkəmizi beynəlxalq aləmdə mühüm aktora çevirir.

          

           

    Ulu Öndərin layiqli varisi İlham Əliyev Azərbaycanı inamla irəli aparır

 

Ümummilli Liderin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Ulu Öndər həyatının son günlərində xalqa müraciətində İlham Əliyevə özü qədər inandığını deyir və bildirirdi ki, o, Azərbaycanı daha parlaq gələcəyə aparacaq.

 

Zaman Ulu Öndərin bu inamını təsdiqlədi. Yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev Azərbaycana uğurla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentini hamılıqla dəstəkləyir. Azərbaycan yeni zəfərlərə doğru inamla addımlayır.

     

       

Loading...
Paylaş
Xəbər lentİ
Çox oxunanlar