Arazdəyən Culfa

İQTİSADİYYAT

06 İyun 2023 04:57

Oxunma sayi: 1226
Arazdəyən   Culfa

İyun ayının 2-də Moskvada üçtərəfli işçi qrupunun 12-ci iclası keçirilib. Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya baş nazirinin müavini Aleksey Overçukun müzakirələrindən sonra bir sıra nəticələr əldə edilib. Xüsusilə, Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmiryol əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi üçün ümumi anlaşmaya gəlindiyi vurğulanıb.

İki ölkə arasında bərpası nəzərdə tutulan dəmiryol xəttinin iqtisadi perspektivi haqqında danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, bu marşrutun açılması ciddi iqtisadi əhəmiyyət vəd etmir:

 

“Amma bunu Zəngəzur dəhlizinə gedən yolda ilkin addım kimi müsbət qiymətləndirmək olar. Çünki əsas məqsəd Zəngəzur dəhlizinin açılmasıdır. Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu Zəngəzur dəhlizinə dəstək ola, yük qabiliyyətinin artırılmasına, dəmir yolunun daha aktiv işləməsinə təsir göstərə bilər.

Ümumiyyətlə, mən hesab edirəm ki, Azərbaycan və Ermənistan arasındakı müzakirələrdə yalnız Avropada, Brüsseldə və digər yerlərdə Şarl Mişelin rəhbərliyi ilə həyata keçirilən addımlar daha çox sərf edir. Rusiyada aparılan danışıqlar isə üzdə bizə faydalı görünsə də, əməldə reallaşmır. Rusiya anlayır ki, iki ölkə arasında mübahisəli məsələlər həll edilsə, sülhməramlılara ehtiyac qalmayacaq.

Türkiyədə Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi qardaş ölkənin Azərbaycana siyasi dəstəyinin artacağına inam yaradır. Hiss olunur ki, delimitasiya-demarkasiya məsələləri, sərhəd problemi, nəqliyyat əlaqələri – hər biri bərpa ediləcək. Zəngəzur dəhlizi ilə əlaqədar isə hər iki tərəfdə iş aparılır. Görünür, bu məsələdə Rusiyanın üzdə deyil, əməldə razılığının əldə olunması vaxt aparacaq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!