Ermənistanın işğal etdiyi 4 kəndin qaytarılacağı tarix məlum oldu

SİYASƏT

05 Aprel 2024 14:57

Oxunma sayi: 144
Ermənistanın işğal etdiyi 4 kəndin qaytarılacağı tarix məlum oldu

Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan Tavuşun 4 kəndinin Azərbaycana dəqiq hansı tarixdə qaytarılacağının məlum olmadığını bildirib. Erməni KİV-nin yaydığı məlumata görə, nazir müavini Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə toxunub. 

"Hazırda delimitasiya və demarkasiya ilə bağlı müəyyənlik yoxdur. Bununla bağlı hər hansı digər açıqlama verə bilmərəm. Razılaşma əldə olunarsa, hər iki tərəf müvafiq bəyanatla çıxış edəcək", - o deyib. 

Ermənistan rəsmi dairələrinin bir-birini təkzib edən açıqlamaları bir sıra məsələlərlə bağlı çaşqınlıq yaradır. Belə ki, Ermənistan baş naziri dəfələrlə yaxın zamanda anklav olmayan 4 kəndin qaytarılması istiqamətində konkret bəyanatlar versə də, digər erməni dairələri bu açıqlamaları təkzib edir. 

Azmedia.Az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan politoloq Amid Əliyev bildirib ki, istər sərhəd, istərsə də anklavların qaytarılması ilə bağlı nəticələr bütünlüklə Ermənistanın atacağı addımlardan asılıdır: 

“Əsas məsələ Ermənistanın atacağı addımlardan asılıdır. Düzdü, Ermənistanın rəsmi dairələri bu istiqamətdə müsbət bəyanatlar verir, amma əsas məsələ ondan ibarətdir ki, faktiki real addımlar yoxdur. Bu cür bəyanatların səslənməsi ilə yanaşı, biz eyni zamanda Ermənistan silahlı qüvvələrinin toplaşmasını və dayaq məntəqələrinin yaradılmasını görürük. Verilən bəyanatlarla şərti dövlət sərhəddində atılan addımlar arasında tərs mütənasiblik var. Əgər doğrudan da bu ərazilər qaytarılacaqsa, onda həmin silahlı qüvvələr niyə bu ərazilərə yerləşdirilir. Bir məsələni də qeyd edim ki, 2020-ci ildən bu vaxta qədər artıq 4 ilə yaxın zaman keçir və sülhün imzalanması ilə bağlı Ermənistan tərəfi illərdi ancaq bəyanatlar verir. Konkret addımların atılmasına gəldikdə isə heç bir real addım atılmır. Hesab edirəm ki, Ermənistan siyasiləri tərəfindən verilən bu fikirlər də bir qədər tərəddüdlüdür. Ölkə ərazisində onlara qarşı yönəlmiş qüvvələrin qarşısının alınması və Ermənistana patronajlıq edən dövlətlərin təsirini də qeyd etmək lazımdır”. 

Politoloq hansısa ciddi təsir olmazsa, kəndlərin bu ilin sonuna qədər qaytarıla biləcəyini qeyd edib: 

“Görünən odur ki, Ermənistan Azərbaycan tərəfindən şərt kimi irəli sürülmüş bu məsələni qəbul edir. Bəyanat kimi belə olsa, ermənilər bunu qəbul edir. Çünki Azərbaycanın bu məsələdə prinsipial mövqeyi var. Həm bu 4 kənd, həm də anklav şəraitində olan kəndlər də qeyri-şərtsiz Azərbaycana qaytarılacaq. Bildiyiniz kimi, hər iki ölkə arasında delimitasiya və demarkasiya məsələləri üzrə komissiyanın 7 iclası keçirilib və bu iclasların əsas mövzusu məhz bu anklavlar məsələsidir. Hesab edirəm ki, müdaxilə edənlər olmasa, Azərbaycan və Ermənistan bu məsələni ilin axırına qədər sonlandıra bilər. Yox, əks təsirlər olarsa və Ermənistan iradəsizlik ortaya qoyarsa, məsələnin uzanmasını görə bilərik”. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!