Əməkdar artist: "Azərbaycanda aktyor olaraq dolanmaq çox çətindir" - ÖZƏL MÜSAHİBƏ (FOTOLAR)

Oxunma sayı: 848
Müsahibə       27 Fevral 2020, 13:00
Əməkdar artist: "Azərbaycanda aktyor olaraq dolanmaq çox çətindir"       - ÖZƏL MÜSAHİBƏ (FOTOLAR)

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Mən övladlarımı da çox istəyirəm, tələbələrimi də. Bizim işimizin mahiyyəti ondan ibarətdir ki, biz İncəsənət Universitetində aktyor, rejissor yetişdiririk. Onlar müəllimlərindən doğma münasibət görməsələr, ürəklərini açıb ortaya qoymazlar. Biz onlara öz hissləri ilə çalışmağı öyrədirik".

 

Bu barədə bədii qiraətçi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdüri, aktyor, əməkdar artist Azad Şükürov Azmedia.az-a özəl müsahibəsində deyib. 

 

- İlk baxışda çox zəhmli insana bənzəyirsiniz. Tələbələrinizin qarşısında da belə zəhmlisinizmi?

 

- Bilirsiz necə? Tələbələrim əslində mənim övladlarım kimidir. Mən övladlarımı da çox istəyirəm, tələbələrimi də. Bizim işimizin mahiyyəti ondan ibarətdir ki, biz İncəsənət Universitetində aktyor, rejissor yetişdiririk. Onlar müəllimlərindən doğma münasibət görməsələr, ürəklərini açıb ortaya qoymazlar. Biz onlara öz hissləri ilə çalışmağı öyrədirik. O hissləri də, insan yalnız çox istədiyi birinin qarşısında ortaya qoyar. Məsələn atasına, sevgilisinə, böyük qardaşına və s. Ona görə biz çalışırıq ki, tələbələr bizə böyüyü, bir valideyni kimi baxsın. Özünü rahat hiss etsin.

 

Bu adam şeir söyləməyi öyrənir, qəlbindəkiləri ishar etmək istəyir. Əgər sıradan müəllim-şagird münasibəti ilə ona yanaşsan o, səndən utanar, çəkinər. İstədiyiniz nəticə ortaya çıxmaz. Bir şeyi də qeyd edim ki, aktyorluq sənəti çox mürəkkəb sənətdir. Tələbə öz keyfiyyətlərini əldə etmək üçün gərək eyiblərini, səhvlərini görsün. İlk öncə öz üzərində özü çalışsın, sonra isə pedaqoq ona kömək etsin ki, bu şeyləri etsən daha gözəl nəticələr əldə edə bilərsən. Eyib deyərkən - çatışmayan xırda nüansları nəzərdə tuturam. Bəzən elə olur ki, tələbə artıq 2-3-cü kursda səninlə birgə filmə də çəkilir. Hətta sən onun yanında sürücü rolunu oynayırsan, o isə müdür. Bu mənada biz müəllimlər ilə tələbələrimiz arasında çox səmimi, rahat ünsiyyət yaranır. Onlar universiteti bitirdikdən sonra belə müəllimlərini unutmurlar. 


- Uzun illərdir pedoqoq kimi çalışırsınız. Tələbələrin hansı hərəkətləri sizi əsəbləşdirir. Onlarda ən çox nəyi bəyənmirsiz?
 
- Nəinki tələbələrdə, sıradan insanlarda belə heç sevmədiyim şey laqeyd olmaqdır. Laqeyd insandan heç nə çıxmaz. Bir insan ki, öz sənətinə, vətəninə, ailəsinə laqeyd olsun ondan heç nə alınmaz. Elə insan sadəcə həyata gəlib ki, yer tutsun, zamanı gəlsin Allah aparsın onu. Məncə eləsi elə tez getsə yaxşıdır. Digər sevmədiyim xüsusiyyət isə bəzi insanların zəhmətkeş olmamasıdır. Bunu tərcübəmə əsaslanaraq deyirəm. Məsələn 1-ci kursda çox istedadlı olmasına baxmayaraq tənbəl olan tələbə bir neçe il sonra istedadı nisbətən zəif, lakin çalışqan tələbənin qarşısında diz çökməli olur. Bu faktdır. İlk kurslarda düşünürsən ki, maşAllah istedadlı bacarıqlı uşaqdır, bundan yaxşı aktyor olacaq. Zaman keçir görürsən yox, öz istedadını cilovlaya bir şey ərsəyə gətirə bilmir, çünki tənbəldir. Bizim işimiz istedad və zəhmətdir. Bunun bahasına nə isə ortaya çıxa bilər. O aktyor ki, daim öz üzərində çalışır, yeni şeirlər, əsərlər əzbərləyir, yeni materiallar axtarır, qüsurlarını aradan qaldırır mütləq mənada həmin aktyor müvəffəqiyyət qazanır və öz işində irəliləyir. Bir yandan dolanışığı da rahat olur. Çünki tələbat artır, hər yerə səni dəvət edirlər. Maddi cəhətdən də sənin dəstəyin əmələ gəlir. Bu mənada sən öz zəhmətinin bəhrəsini görürsən. Lakin kim ki tənbəldir, vay-vay dad tənbəl əlindən. İstedadlı insanlar tənbəlliyin nəticəsində yox olub, çıxıb gedir. Sonra isə digər insanların paxıllığını çəkir. Görür ki, bu bir şey əldə edə bilmir, hər kəs gəlib bunu keçir, irəli gedir. Bunun da deyinməkdən savayı əlacı qalmır.

 

- Azad bəy, Siz həm də bədii qiraətçisiniz. Gənc yazarlar haqda nə düşünürsünüz?

 

- Götürək bu günki Azərbaycan ədəbiyyatındakı gəncləri. Kifayət qədər uğurlu gənclərimiz var. Həm poeziya yaradıcılığında, həm də nəsr yaradıcılığında. Mən ad çəkmək istəmirəm. Çünki istər-istəməz yaş da öz işini görür, yaddaş zəifləyir. Görürsən ki, kiminsə adını çəkməyi unutmusan, adam əzab çəkir ki, kaş onun da adını qeyd edərdim. Elə gənc şairlər var ki, bəlkə də onun xəbəri yoxdur, lakin mən onun bütün əsərləri ilə tanışam. Hətta bəzi materialları tələbələrimə də gətirirəm ki, baxın yaxşı əsər tapmışam, götürüb oxuyun. Mən mütəmadi olaraq "Azərbaycan", "Ulduz" jurnalını və "Ədəbiyyat" qəzetini oxuyuram. İmkan olduqca "Qobustan" jurnalını. Daim mətbuat orqanları ilə əlaqədə oluram ki, müasir ədəbiyyat aləmində baş verən yeniliklərdən xəbərim olsun. Xüsusən də "Ulduz" jurnalında gənclərə yer verilir, onların əsərləri çap olunur. Yaxşı material olanda ya öz repertuarıma salıram, ya da tələbələrimə verirəm ki, işləsinlər. Çünki tələbələr danışıq üzərində işləyərkən bu və ya digər mətnlərə ehtiyyac olur. Məsələn təmsil, hekayə, monoloq, şeir üzərində işləmək onların yaradıcılığına müsbət təsir göstərir. 

 

- Azad Şükürov niyə səhnədə az-az görünür?

 

- Bilirsiz, mən heç vaxt teatrdan ayrı olmamışam. Lakin mən 10 ilə yaxındır ki, teatrdan uzaq düşmüşəm. Səbəb mənim özümdədir, çünki pedoqoji fəaliyyət çox zamanımı alır. Teatrdan uzaq olsam da imkan olduqca filmlərə, serallara çəkilirəm. Xoşuma gələn obraz, yaxşı kollektiv olanda məmnuniyyətlə razılıq verib, gedib çəkilirəm. El dili ilə desək - qurdumu bu cür öldürürəm(gülür). 

 

- Tələbə rejissorlarla işləmək sizi qane edirmi?

 

- Əlbəttə yox. Çünki mən onlardan daha böyük yaradıcı potensiala malik olmağı gözleyirem. Buna baxmayaraq məmnuniyyət hissi ilə onlarla işləyirəm. İstər telerejissor, istər teatr rejissorluğu şöbəsində təhsil alan, istərsə də bədii kino şöbəsində təhsil alan tələbələr müraciət edir ki, müəllim arzu edərdik ki, bizim diplom işimizdə sizin rolunuz olsun. Mən də sevə-sevə gedib çəkilirəm. Ən azından bir böyük kimi borcumdur. Bəzisi müvəffəqiyyətli olur, bəzilərində isə alınmır, qalır rəflərdə. Gənclərə daim kömək etmək lazımdır. Biz bunu qeyd etsək də, iş əmələ gələndə çoxumuz qaçırıq, dəstək olmuruq. Düşünməliyik ki, bizim işimiz budur. Nə olar ki, biraz zəif, yaxud yeni rejissor olanda? Bu mənada mənim qapım hər zaman gənc, yeni başlayan rejissorların üzünə açıqdır.


- Azərbaycanda nə kino var, nə də teatr. Bu fikri səsləndirənlərə münasibətiniz?

 

- O fikri səsləndirənlərin nə kinodan xəbərləri var, nə də teatrdan. Bu fikrin başqa cavabı yoxdur. Xəbərləri olsa idi belə deməzdilər. 

 

- Teatrı, səhnəni sevən insan ondan uzaq qala bilərmi?

 

- Qala bilirlər, lakin çox böyük əziyyət bahasına. Mənim tanıdığım bir neçə istedadlı aktyor var ki, onlar artıq Rusiyada, Ukraynada yaşayırlar. Açıq etiraf etmək lazımdır ki, dolanışıq xatirinə sənəti atmağa məcburdurlar. Azərbaycanda aktyor olaraq dolanmaq çox çətindir. Mən özüm uzun illər toy məclislərini idarə etmişəm, masa bəyi olmuşam. Burda utanmalı nəsə görmürəm. Ailəmin dolanışığı üçün etməliyəm. Əsas da tələbənin cibinə göz dikməmək üçün. Çünki mən o tələbələr ilə teatrda oynayıram, kinoya çəkilirəm, küçədə rast gəlirəm, televiziya verlişlərində üz-üzə gəlirəm. Əgər tələbənin puluna göz diksəm mən onun üzünə baxa bilmərəm. Məhz buna görə də öz sənətimdən maddi durumumu yaxşılaşdırmaq üçün istifadə etmişəm. İndi də buna davam edirəm. Bu çox əziyyətli bir işdir. Heç olmasa həftənin 2-3 günü rahat yatmalısan, dincəlməlisən ki, o əzbərlədiyin şeirləri, mətnləri ürəklə, gözəl şəkildə ifa edə biləsən. Əgər onlar səndən razı qalsa daim sənə tələbat olacaq və təkrar çağıracaqlar. Onun müqabilində müəyyən qanarar ödəyirlər ki, həmin məclisdə iştirak edəsən. Əgər bizim məvacibimiz normal olsa - Fransanı, ABŞ-ı,İtaliyanı, Rusiyanı demirəm. Türkiyə, Gürcüstandakı aktyorlar qədər məvacib alsaq bizə yetər. Bəli, prezidentimiz daim teatra böyük diqqət ayırır, hətta 1-2 il bundan öncə bəzi tratrlarda əmək haqqını yüksəltdi, arzu olunandır ki, bu işə biraz daha diqqət artırılsın. Məsələn, mən bir seriala çəkilirəm, baş rollardan birinə. Türkiyədəki sənətçi dostumdan da zəif işləmirəm. Hətta o yoldaşlar bizi izləyərkən təəccüb hissi yaşayırlar ki, rolunuzun öhtəsindən məharətlə gəlirsiniz. Sonda o bu işin müqabilində alır 100 min dollar, mən isə 2-3 min dollar. Bu çox böyük bir fərqdir. Biz də normal qanarar alsaq, bəlkə də daha çox işləyərik. Həvəslə çalışarıq. Başqa yerlərə qaçmarıq. Gücümüzü başqa işlərə sərf etmərik. Başımızı salıb ele bu işlə məşğul olarıq, çünki bu artıq məni maddi cəhətdən təmin edir. Niyə mən işdən sonra məclis idarə edib, konsertdə çıxış edib, gecələr əlavə materiallar əzbərləməliyəm? Ondansa elə öz işim, rolum üzərində çalışaram daha da gözəl nəticə əldə edərəm, o obrazı daha da yaxşı təqdim edərəm. 

 

- Həmkarlarınızdan biri demişdir ki, yaxşı aktyor heç vaxt reklamlara çəkilməz. Bu haqda nə düşünürsünüz?

 

- Kökündən səhv fikirdir. Mən bununla razı deyiləm. Təbii ki, hansı reklama çəkilir söhbəti var, çəkilişin keyfiyyəti söhbəti var. Bəli, bu müzakirə olunacaq bir mövzudur. Kifayət qədər xarici aktyor tanıyıram ki, reklama da çəkilir, ondan kifayət qədər qazanc da əldə edirlər. Əfsuslar olsun ki, bizdə belə deyil. Reklama çağırırlar deyirlər ki - çəkiliş günü bir gündür, al bu 50 manatı qoy cibinə. Bax bu mənada o sözü işlədən insana haqq qazandırıram. Sənəti, aktyorluğu ucuz tutulan zaman, əlbəttə o insan haqlıdır. Gərək ucuzluğa getməyəsən. İndiki zamanda aktyorun zəhməti qiymətləndirilmirsə mən də o çəkilişə getməyi özümə sığışdırmaram. Lakin aktyor reklama da çəkilər, şeir də söyləyər, təmsil də söyləyər, nə olar ki? Aktyorsan. İşin budur.

 

Sara Hacıbabayeva

AZMEDİA.AZ

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar