KÖNÜLLÜLƏR FƏDAKARLAR SIRASINDA

Oxunma sayı: 491
Sosial       22 Aprel 2020, 14:13
KÖNÜLLÜLƏR FƏDAKARLAR SIRASINDA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Həm ümumbəşəri, həm də milli-mənəvi dəyərləri daim uca tutan xalqımız əsrlər boyu xeyirxahlıq, qayğıkeşlik və mərhəmət kimi ülvi hisslərlə yaşamış, ehtiyacı olanlara təmənnasız yardım göstərmək kimi nəcib əməlləri bir ənənə kimi yaşatmış, ən çətin və ağır sınaqlardan milli birliyi, dövlətə sadiqliyi sayəsində qalib çıxmağı bacarmışdır. Son bir neçə ayda dünyanı qəflətən və qlobal şəkildə bürüyən, yüz minlərlə insanın həyatına son qoyan, iqtisadi böhranı qaçılmaz edən və bəşər övladının gündəlik həyat tərzini alt-üst edən koronovirus (COVİD-19)  pandemiyası təəssüf ki, ölkəmizdən də yan keçmədi. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə və birbaşa nəzarəti  altında dövlətimizin qısa müddət ərzində ardıcıllıqla həyata keçirdiyi kompleks tədbirlər, zamanında qəbul edilən qərarlar, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, bütün ölkə ərazisində geniş tətbiq edilən karantin rejimi yaranmış vəziyyətin ağırlaşmasının qarşısını xeyli dərəcədə alıb, yoluxma və ölüm halları digər ölkələrlə müqayisədə az sayda aşkarlanıb. Vaxtında atılan düşünülmüş və çevik addımlar olmasaydı, qabaqlayıcı tədbirlər görülməsəydi, xəstəliyin yayılması daha ağır fəsadlara yol aça bilərdi, özümüz isə olduqca ürəkağrıdıcı və dözülməz vəziyyətin şahidi olardıq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açıqlamalarında pandemiyanın ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə atılan addımların yüksək qiymətləndirilməsi buna əyani sübutdur.

 

Ötən ilin 30 dekabr tarixində ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər İli” elan olundu. Bu gün ölkəmizdə könüllülər hərəkatı geniş vüsət alıb və cəmiyyətimiz könüllülərin hər bir təşəbbüsünü yüksək dəyərləndirir. Ölkə başçısının, dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan könüllülər hərəkatı ilin əvvəlində ciddi sınaqla üzləşmiş oldu: könüllülərimiz pandemiya ilə mübarizənin ön cəbhəsində öz həyatlarını təhlükə altına ataraq xəstələri ölümün pəncəsindən xilas edən tibb işçilərinin, karantin rejimində əsayişi qoruyan polis işçilərinin, əhalinin ilkin tələbatının ödənilməsini təmin edən müxtəlif xidmət sahələri işçilərinin sırasına qoşuldular. Yüksək təşəbbüskarlıqları ilə fərqlənən, öz enerji və bacarıqlarını xeyirxahlıq naminə səfərbər edən könüllülər pandemiya ilə mübarizədə dövlət qurumlarına etibarlı yardımçı oldular.

 

Bu gün cəmiyyətdə yeniyetmə və gənclərdən, həkim və müəllimlərdən, idmançı, sahibkar və digər peşə sahiblərindən ibarət olan könüllülər ordusunun ilk və ağır sınaqdan uğurla çıxacağına, öz nəcib və xeyirxah əməlləri ilə ölkə başçısının təşəbbüsü ilə gerçəkləşən “Biz birlikdə güclüyük” kampaniyasına öz layiqli töhfəsini verəcəyinə möhkəm inam yaranıb.

 

Dövlətimiz bu gün kifayət qədər güclüdür və hər zaman öz vətəndaşının yanındadır. Lakin bu cür çətin və ağır vəziyyətdə xeyirxahlıqla bağlı vətəndaş təəssübkeşliyi nümayiş etdirən könüllülərimizin fədakarlığı dövlətin gücünə güc qatmaqdadır. Fərəhləndirici haldır ki, bu günlərdə həm ölkə daxilində vətəndaşlarımız, həm də xaricdə yaşayan soydaşlarımız aztəminatlı və imkansız ailələrə, ehtiyacı olan insanlara öz kömək əlini uzadır, onların qayğısına qalır, ahıl yaşlarına çatmış tənha insanları ərzaq və lazımi vasitələrlə təmin edirlər. Ölkə rəhbərinin sədrliyi ilə keçirilən son onlayn-müşavirədə təşəbbüskar insanların bu cür nəcib və xeyirxah əməlləri Prezidentimiz tərəfindən yüksək qiymətləndirmiş, dövlət başçısı onlara öz təşəkkürünü bildirmişdir.

 

Yaranmış vəziyyətlə bağlı ölkəmizdə tətbiq olunan sosial izolyasiya qaydalarına riayət edərək, özümüzü və ətrafdakıları ümumbəşəri bəladan qorumaq bu gün ən başlıca vəzifəmizdir. Bu cür şəraitdə “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, habelə “Gənc Könüllülər” Hərəkatı və o cümlədən Universitet təşkilatlarının və hərəkatlarının təmsilçiləri ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı dövlətimiz tərəfindən atılmış qabaqlayıcı addımları yüksək qiymətləndirərək könüllülərin pandemiya ilə mübarizədə fəal iştirakını təmin edirlər. Bu bir daha xalq-iqtidar birliyinin, vətəndaş-dövlət münasibətlərinin müasir cəmiyyətimizdə yüksək səviyyədə bərqərar olduğunu göstərir. Könüllülərimiz öz fədakarlıqları ilə dövlətə daim dəstək verdiklərini, xalqın yanında, vətəndaşın xidmətində olduqlarını nümayiş etdirir, Könüllülər İlinin qəhramanlarına çevrilirlər.

 

İnşallah, bu ümumbəşəri bəla tezliklə dünyadan və ölkəmizin üzərindən çəkiləcək, həyat öz məcrasına qayıdacaq və xalqımızın xoş günündə biz fədakar könüllülərimizi ürəkdən alqışlayacaq, sevincimizi onlarla bölüşəcəyik.

 

Ramin Səmədov

 

Bakı Dövlət Universitetinin əməkdaşı

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar