Manat qıtlığı yaranıb, dollar alışı KƏSKİN AZALDI

Oxunma sayı: 271
İqtisadiyyat       22 Aprel 2020, 17:48
Manat qıtlığı yaranıb, dollar alışı     KƏSKİN AZALDI

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Banklarda dollara tələbdə azalma dinamikası davam edir. Dövlətin koronavirus pandemiyasının təsirlərini zəiflətmək üçün sahibkarlara və muzdlu işçilərə verdiyi maliyyə dəstəyi də tələbin azalmasının qarşısını ala bilmədi. Mərkəzi Bank tərəfindən keçirilən valyuta hərracının və depozit hərracının nəticələri göstərir ki, banklar dollardan çox manat alır.

 

Azmedia.az xəbər verir ki, halbuki, apreldə neft qiymətlərinin daha çox enməsi, dövlətin iqtisadiyyata maliyyə dəstəyi göstərməsi dollara tələbi yenidən artıra bilərdi. Amma bu, nəinki baş vermədi, əksinə, dollar alışı daha da azaldı.

 

Aprelin 1-dən 22-nə kimi Mərkəzi Bank tərəfindən 6 valyuta hərracı keçirilib. Bunlardan ilki aprelin 2-də olub və hərracda 74,6 milyon dollar satılıb. Sonra aprelin 7-də keçirilən hərracda 67,2 milyon dollar, ayın 9-da baş tutan hərracda 55 milyon dollar, aprelin 14-də olan hərracda 56,5 milyon dollar, aprelin 16-da baş tutan hərracda 53 milyon dollar, aprelin 21-də olan hərracda isə 38,8 milyon dollar satılıb. Bu hərraclarda 345,1 milyon dollar banklara verilib. Mövcud dinamikanı nəzərə alsaq, apreldə dollara tələbin 400-450 milyon səviyyəsində olacağını güman edə bilərik.

 

Dollara tələbin azalmasının üç başlıca səbəbi var – karantin, manat qıtlığı və idxalın azalması. Karantin dövründə sahibkarların və əhalinin fəaliyyətinə qadağalar gətirilib, onların biznes və əmək fəaliyyəti məhdudlaşdırılıb. Belə vəziyyətdə gəlir əldə etmək imkanı zəiflədiyinə görə iqtisadi subyektlərin yığım əldə etmək qabiliyyəti azalıb. Yığım edə bilməyən və ya əvvəlki dövrlərlə müqayisədə dəfələrlə az yığım edən iqtisadi subyektlərin dollar almaq imkanı təbii ki, xeyli zəifləməli idi. Buna görə də karantin davam etdikcə ölkəmizdə dollar alışının artması müşahidə edilməyəcək.

 

Karantin rejimi bankların əlində olan sərbəst vəsaitin realizəsini də çətinləşdirib. Onlar hüquqi və fiziki şəxslərdən cəlb etdikləri vəsaiti yönəltməyə, kredit verməyə yer tapa bilmir. Buna görə də banklarda yenidən Mərkəzi Bankın keçirdiyi depozit hərraclarına böyük maraq yaranıb. Martda depozit hərraclarına maraq zəifləmişdi. Mərkəzi Bank hərracda 200-300 milyon manat məbləğində manatla vəsait cəlb edə bilirdi. Amma apreldə keçirilən hərraclarda tələb 400 milyon manatı ötüb. Bu ayda 3 hərrac keçirilib və həmin hərraclarda Mərkəzi Bank 14 gün müddətinə manatla vəsait cəlb edib. Bütün hərraclarda 200-250 milyon manat vəsaitin cəlb edilməsi nəzərə tutulur. Birinci hərrac aprelin 6-da keçirilib və bu hərracda 258,7 milyon manat cəlb olunub. İkinci hərrac aprelin 13-də olub və burada 426,9 milyon manat cəlb edilib. Aprelin 20-də keçirilən üçüncü hərracda isə 480,3 milyon manat cəlb olunub.

 

Göründüyü kimi, banklarda deposit hərraclarına maraq böyük olub və onlar 6,76 faiz olmaqla manatla vəsaitlərini Mərkəzi Banka yerləşdiriblər. Yalnız son iki hərracda 907,2 milyon manatı Mərkəzi Bank cəlb edib.

 

Dollar alışını azaldan digər amil manat qıtlığıdır. Martda əhalidə, biznes dairələrində yaranan ajiotajla əlaqədar Mərkəzi Bank 1,9 milyarddan çox dollar satıb. Hüquqi və fiziki şəxlər bu qədər dolların alınması üçün 3,23 milyarddan çox manatla vəsait xərcləyiblər. Həmin vəsaitlər indi banklardadır. Karantinlə əlaqədar gəlirlərin azalması, martda böyük həcmdə dollar alınması və Mərkəzi Bankın depozit hərracları yolu ilə manat cəlb etməsi apreldə manat qıtlığı yaradıb, buna görə də hüquqi və fiziki şəxslərin istəyi olsa belə dollar almaq qabiliyyəti xeyli zəifləyib.

 

Nəhayət, dollar tələbi azaldan digər amil idxalın dəyərinin azalması ilə bağlıdır. Neftin ucuzlaşması və dünyada alıcılıq qabiliyyətinin zəifləməsi səbəbindən beynəlxalq birjalarda əmtəə qiymətlərində ciddi enmə var. İlin əvvəlindən əmtəələr orta hesabla 15-30 faiz səviyyəsində ucuzlaşıb. Əmtəələrin ucuzlaşması əvvəlki miqdarda alınan mala daha az pulun ödənilməsinə səbəb olub. Digər tərəfdən ölkəmizdə karantinin olması, bir çox sahələrdə fəaliyyətin dayanması da əmtəələrə olan tələbi xeyli zəiflədib. Qeyri-ərzaq mağazalarının əksəriyyətinin bağlanması həmin malların idxalını dəfələrlə azaldıb. Dollara tələbi yaradan əsas amillərdən biri də məhz qeyri-ərzaq malları idi.

 

İndiki vəziyyətin qalacağı təqdirdə yaxın bir ayda dollar tələbdə artım gözlənilmir. Yalnız karantin dövrü bitdikdən sonra neft qiymətləri yüksəlmə mərhələsinə keçməsə, o halda, dollara tələbin yenidən artması gözlənilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar