Pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə vergi güzəştləri nəzərdə tutulur - FOTOLAR

Oxunma sayı: 459
Açıqlama       5 May 2020, 15:32
Pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə vergi güzəştləri nəzərdə tutulur      - FOTOLAR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur. Vergi güzəştləri və tətilləri ilə bağlı təkliflər paketi koronavirus (COVID-19) pandemiyasının milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi məqsədilə yaradılmış İşçi Qrup çərçivəsində dövlət qurumları, sahibkarların ictimai təşkilatları, o cümlədən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) xətti ilə ayrı-ayrı sektorlar üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə geniş müzakirə olunub.

 

Bu barədə Azmedia.az-a Vergilər Nazirliyinin Vergi siyasəti Baş idarəsinin şöbə rəisi Elnur Yusifov bildirib.

 

Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub. Təkliflər paketində aşağıdakı vergi güzəştləri və tətillər nəzərdə tutulur.

 

Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir.
 

• Belə fəaliyyət sahələrinə aşağıdakı istiqamətlər aiddir:
 
- Yerləşmə vasitələri hesab edilən mehmanxana (otel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;
- Turoperator və turagent fəaliyyəti;
- İctimai iaşə fəaliyyəti;
- Avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;
- Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;
- Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
- İdman-sağlamlıq obyektlərinin fəaliyyəti;


- Hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti;
- Koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti Nazirlər Kabineti tərəfindən tam və ya qismən məhdudlaşdırılmış digər fəaliyyət sahələri.

 

Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.
 
• Mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə:
 
- Əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.
 
• Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyiciləri üzrə:
 
- Sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur.

Koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlər də verilə bilər. Bu güzəştlər vergi ödəyicilərinin vergi və inzibati yükünün azaldılmasını nəzərdə tutur:
 
• fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi;
• 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması;


• mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddətinin cari ilin 1 sentyabr tarixinədək uzadılması;
• ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanması 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması;


• ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququnun 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılması;


Koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün də güzəştlərin verilməsi nəzərdə tutulur.
 
 

Mikro sahibkarlara:
 
• Sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi (verginin dərəcəsi 2 faizdən 1 faizə salınır);
• 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur;


• Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilməməsi və ödənilmiş vergilərin növbəti dövrlərin ödəmələrinə aid edilməsi.
 
 

Bütün sahibkarlara aid güzəştlər
 

• Bir sıra vergi güzəştləri və azadolmaların bütün sahibkarlıq subyektlərini əhatə etməsi nəzərdə tutulur:
 
- Epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması;


- Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi.

 

Mövcud qanunvericilikdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6 faizi miqdarında baza sosial sığorta haqqı nəzərdə tutulur. Minimum aylıq əməkhaqqı məbləğinin 250 manat məbləğinədək artırıldığını nəzərə alsaq, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.


Sosial sığorta qanunvericiliyinə təklif edilən dəyişikliklərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıdakı dərəcələrdə hesablanması nəzərdə tutulur:
 

• 5 hektaradək olduqda - 2 faiz miqdarında;
• 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;
• 10 hektardan yuxarı - 10 faiz miqdarında.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur