Çinin tibbi ekspert qrupu sabah Azərbaycana gələcək -FOTO

Oxunma sayı: 127
Ölkə       3 Avqust 2020, 20:21
Çinin tibbi ekspert qrupu sabah Azərbaycana gələcək     -FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Avqustun 3-də Çin Xalq Respublikasının (ÇXR) Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında pandemiya ilə mübarizə məqsədilə tibbi ekspert qrupunun Azərbaycana göndərilməsi barədə nota mübadiləsinin imzalanma mərasimi keçirilib.

 

Azmedia.az azərtac-a istinadən xəbər verir ki, nota mübadiləsini Azərbaycan hökuməti tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, ÇXR hökuməti tərəfindən isə həmin ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Guo Min imzalayıblar.

 

Hazırda ölkələrimiz arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirən R.Bayramlı deyib: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Çin Xalq Respublikası ilə ikitərəfli əməkdaşlığa xüsusi önəm verirlər. İndiyədək müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlər, dövlət başçılarının münasibətləri ikitərəfli əlaqələrin inkişafına çox böyük töhfə verib. Səhiyyə və sosial sahələrdə də Çin ilə yaxşı əlaqələr mövcuddur. Azərbaycan da Çinin epidemiya ilə mübarizə apardığı ilk günlərdən Çin xalqı ilə həmrəylik nümayiş etdirib, ona kömək məqsədilə maddi və mənəvi dəstəyini əsirgəməyib. Çin Xalq Respublikası da öz növbəsində ölkəmizə dəstək göstərib, fərdi qoruyucu vasitələr və bəzi tibbi avadanlıqlar göndərib”.

 

Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi öz fəaliyyətində beynəlxalq təcrübəyə çox böyük önəm verir. Bir çox xarici ölkələrlə bizim ikitərəfli münasibətlərimiz var, onlayn videokonfranslar və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ilə təcrübə mübadiləsi aparırıq. “O cümlədən də Çin Xalq Respublikasının bu sahədəki təcrübəsini biz yaxından öyrənirik. Aylardır ki, bu sahənin müxtəlif mütəxəssisləri ilə əlaqə saxlayır, onlayn videokonfranslar keçirir, təcrübəyə uyğun olaraq müalicə, diaqnostika protokollarında müvafiq korreksiyalar edirik. Çindən gələn həmkarlarımız 15 gün bizimlə bərabər olacaqlar. Onlar bizə həm metodoloji dəstək verəcək, həm də bundan sonrakı mərhələdə işbirliyimizi müzakirə edəcəyik. Metodoloji baxımından Çində xəstəliyin qarşısının alınması istiqamətində tətbiq olunan tədbirləri üz-üzə müzakirə etmək imkanımız olacaq. Biz də, öz növbəmizdə, Azərbaycanın indiyədək həyata keçirdiyi tədbirlərlə bağlı təcrübəmizi paylaşacağıq. Qarşılıqlı fikir mübadiləsi aparılacaq. Ola bilsin ki, protokollarda gələcəkdə nəzərdə tutulan fəaliyyətdə buna uyğun düzəlişlər edilsin”, - deyə Ramin Bayramlı vurğulayıb.

 

TƏBİB-in İdarə Heyətinin sədri deyib ki, hazırda çox önəmli məsələlərdən biri ölkəmizdə bu sahədə elmi tədqiqatlara start verilməsidir. Ölkə rəhbərliyinin göstərişinə əsasən biz əhali arasında xəstəliklə bağlı müəyyən tədqiqatlara başlayırıq. Yəni, seroloji testlər aparılacaq və onların nəticələri analiz olunacaq. Eyni zamanda, Çində aparılan tədqiqatlarla bağlı məsələni də müzakirə etmək imkanımız olacaq. Aparacağımız tədqiqatların istiqaməti birlikdə müzakirə olunacaq və qarşılıqlı məsləhətləşmələr əsasında müəyyənləşdiriləcək. Bundan başqa, çox vacib elmi istiqamətlərdən biri vaksinasiya məsələsidir. Dünyanın bir çox ölkələrində, o cümlədən Çində COVID-19 xəstəliyinə qarşı vaksin hazırlanmasına dair elmi tədqiqatlar aparılır. Ölkəmiz də tədqiqatlara daxil olmağı və prosesdə iştirak etməyi planlayır. Bunun hansı istiqamətdə və necə olacağı planlaşdırılacaq, güman edirik ki, istər diaqnostik, istər müalicə, istərsə də gələcəkdə konkret olaraq dərman tapılması istiqamətində aparılacaq tədqiqatlar baxımından ölkəmiz proseslərdə fəal iştirak edəcək. Bizim bu məqsədlə elmi komitəmiz fəaliyyət göstərir. Komitənin üzvləri də kifayət qədər peşəkar mütəxəssislərdir və daim xarici həmkarlarla fikir mübadiləsi aparırlar. Aparacağımız tədqiqatların istiqaməti birlikdə müzakirə olunacaq və qarşılıqlı məsləhətləşmələr əsasında müəyyənləşdiriləcək.

 

Ramin Bayramlı qeyd edib ki, sabahdan etibarən Çinin tibbi ekspert qrupu ölkəmizə gələcək. Onlar özləri ilə birgə bəzi tibbi cihaz və avadanlıqlar da gətirəcəklər. Avqustun 5-dən etibarən bərabər çalışmağa başlayacağıq. Əvvəlcədən razılaşdırdığımız 15 günlük proqram var.

 

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Guo Min isə bildirib ki, hazırda COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları dostluq ənənələrinə sadiq qalaraq, bu çətin günlərdə həmrəylik nümayiş etdirirlər. Dünyada davam edən qlobal pandemiya şəraitində Çinin Azərbaycana zəngin təcrübəyə malik 10 nəfərlik ekspert qrupunu göndərməsi ölkələrimiz arasındakı sıx dostluq və tərəfdaşlığın bariz nümunəsidir. Diplomat deyib ki, tibbi ekspert qrupunun üzvləri Siçuan əyalətinin məşhur hospitalının əməkdaşlarıdır.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar