Azərbaycanda Məhərrəm ayı: çətin dövrün öz şərtləri var

Oxunma sayı: 175
Din       15 Avqust 2020, 16:58
Azərbaycanda Məhərrəm ayı:     çətin dövrün öz şərtləri var

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Ömrünüz müddətində canınızın sağlamlığına çalışın". Bunu İmam Hüseyn (ə) demişdi. Dünyanı cənginə almış koronavirus pandemiyasının səngimədiyi bir dövrdə məscidlərin və ibadət məkanları da təbii, adi günlərdən fərqli durumda olmalıdır.

 

Yaradana ibadət qəlbində inam, şüurunda inanca olan hər kəsin istəyidir. Müqədəds kitablarda və səmavi dinlərdə belə buyurulub. İslam da məscidlərdə ibadəti könüllü yox, zəruri bilir.

 

Lakin Allahın Rəsulunun (s.ə.s) dediklərini də unutmayaq ki, o, savaş, təbii fəlakətlər və bəlalar zamanı ibadətin sonraya saxlanılmasını mümkün saymışdı.

 

Belədirsə, COVİD-19 koronavirus pandemiyasına hələ qalib gəlmədiyimiz bir dönəmdə məscidlərin açılması, fəaliyyətlərini bərpa etməsi ilk əvvəl oralara yollanacaq dindarların sağlamlıqları və həyatları üçün çox ciddi risk olardı.

 

Həmin riski nə din xadimləri qəbul etməz, nə də dinimiz bunu məqbul bilməz.

 

Çünki indiki şəraitdə insanların qapalı, yaxud açıq məkanlarda kütləvi şəkildə torlaşmaları, bir araya gəlmələri koronavirusun daha geniş miqyasda yayılmasına təkan verə bilər. Özü də ciddi şəkildə.

 

Onu da nəzərə almalıyıq ki, məscidlər açılarsa, ibadətlər olarsa, xütbələr oxunub cümə namazları keçirilərsə bu, ölkədə koronavirusun yayılma sürətini artıracaq və ikinci dalğaya səbəb olacaq amillərdən birinə çevrilə bilər.

 

Məhz bu səbəbdən məscidlərin qapalı qalması, ibadətlərin müvəqqəti dayandırılmasını dindar qardaş və bacılarımız anlayışla qarşılamalıdır. Nədən ki, virusun yayılmasının önlənməsi üçün gərəkli bütün qabaqlayıcı tədbirləri görməliyik.

 

İslam da bunu deyir. Belə ki, sanitariya qaydalarına əməl olunmaması, xəstəliyin yayılmasına vəsilə və rəvac verilməsi, bəlanın daha geniş mişyas almasına zəmin formalaşdırması həm haram, həm də günahdır. Bununla bağlı dünyanın ən məşhur üləmalarının, qazilərinin, şeyxlərinin və ayətullaların fətvaları var.

 

Onlar binmənalı olaraq bəyan ediblər ki, koronavirus pandemiyasının olduğu bir dönəmdə kütləvi şəkildə dini ayinlər təşkil etmək elə ilk əvvəl dindarların özlərinə qarşı cinayətdir.

 

Üləmalar buyururlar ki, ibadətlər, dini mərasimlər və ayinlər keçirilsə belə, səhiyyə qurumlarının, dövlət strukturlarının və həkimlərin göstərişlərinə əməl olunması ən vacib, əsas şərtdir.

 

Məhz bu səbəbdən Azərbaycanda koronavirusun mövcudluğunu nəzərə alaraq, Məhərrəm ayında dini mərasimlərin, ibadətlərin və ayinlərin duruma uyğun, xüsusi şəraitdə qeyd olunması qaçılmaz haldır.

 

Yəni Məhərrəmlik mərasimlərinin də Ramazan ayının mərasimlərinə uyğun şəkildə gerçəkləşdirilməli, namazlar fərdi qaydada evdə qılınmalı, ibadət və ayinlərin internet vasitəsilə izlənməsi, din xadimlərimizin tövsiyələrinə mütləq əməl olunması hər dindar üçün vacibdir.

 

Zira müqəddəs Qurani-Kərim də möminin səhhətini və sağlamlığını çox önəmli bilir.

 

Hz.Məhəmməd  (s.ə.s.) buyurub: "Xəstəlik gəlməmiş sağlamlığınızın qədrini bilin". Bu hədisdə hər birimiz üçün mühüm bir xəbərdarlıq vardır. Çünki xəstəlik gəlməzdən əvvəl sağlamlığın qədrini bilmək, gələ biləcək xəstəliklərə qarşı əvvəlcədən tədbir görməklə olur. Yüksək səviyyəli həkimlərin yetişməsi isə onları yetişdirə biləcək təhsil müəssisələrinin mövcudluğu ilə mümkün olar.

 

Dinimiz sağlamlığı qorumaq məsələsinin üzərində önəmlə durur. Sağlamlığın qorunması, İslamın mühafizə olunmasını istədiyi beş qayədən biridir. Xəstəlikdən qorunmaq, sağlam həyat tərzi sürməyə çalışmaq dini bir vəzifədir. Çünki hər şey sağlam olmaqdan asılıdır. Buna görə də, bir hədisdə "Güclü mömin zəif mömindən xeyirlidir" buyurularaq müsəlmanın fiziki və psixoloji sağlamlığına işarə edilmişdir. Sağlamlığa xidmət üçün tibb elminə və həkimlərin yetişdirilməsinə, müxtəlif müalicə yollarını axtarmağa təşviq edən, xəstəlik gələndə əlləri əllərin üstünə qoyub oturmağın düzgün olmadığını göstərən bir çox hədislər vardır.

 

Onlardan birində belə buyurulur: "Ölümdən başqa elə bir xəstəlik yoxdur ki, müalicəsi olmasın. Yetər ki, dərmanını tapasınız". Buradan başa düşülür ki, müalicəsi olmayan xəstləik yoxdur. Sadəcə müalicə yollarını axtarıb tapmaq lazımdır. Xəstəliklərin çarəsini axtarmağı, müalicə yollarını düşünməyi, dərman qəbul etməyi tövsiyə edən bu hədis nə qədər gözəl və mühümdür: "Uca Allah şəfasını yaratmadığı heç bir xəstəlik endirməmişdir. Ey Allahın bəndələri, dərdlərinizə dərman axtarın!"

 

Xəstəxanalar açmaq, onları yaşatmaq, xəstəliklərin qarşısını almaq üçün tədbirlər görmək, yeni dərmanlar icad etməyə çalışmaq dinimizin bizdən istədiyi vəzifələrdəndir. Çünki bütün bunlar sağlamlığı qorumağın vasitə və səbəbləridir. Şafi belə deyib: "Halal və haramı bildirən elmdən sonra tibb elmindən faydalısını tanımıram".

 

Məsələn, Quranda buyurulub: ""Öz əlinizlə özünüzü təhlükəyə atmayın" (Bəqərə surəsi 195-ci ayə). Ayədə işlədilən "tuhliku" sözü lüğətdə "sonu ölümlə nəticələnən hər bir iş" və "həlak olmağa səbəb olan hər hansı şey" mənasınadır. Deməli, ayənin mənası belədir: "Öz əlinizlə özünüzü həlak etməyin." Yəni "elə bir iş etməyin ki, o iş sizi ölümün pəncəsinə atsın" və "öz əlinizlə ölümünüzü (həlakınızı) tezləşdirməyin".

 

Həlak sözü ilə təhlükə sözünün arasında fərq vardır. Belə ki, bəzi işlər həlakdandır, məsələn; intihar, zəhər içmək və ilaxır. Ancaq təhlükədən məqsəd; özünü ölümün pəncəsinə atmaq, ölümünü tezləşdirmək, ölümünə şərait yaratmaq və ilaxır. Deməli, bu ayədə təhlükədən məqsəd özünü ölümün caynağına atmaqdır, istər ölüm dərhal baş verə, istər dərhal baş verməyə.

 

Dünyada COVİD-19 koronavirus pandemiyasının tüğyan etdiyini nəzərə alsaq, kütləvi dini mərasimlər keçirmək, belə ibadətdə iştirak etmək möminin özünü bilərəkdən təhlükəyə, bəlanın pəncəsinə atması deməkdir. Bəhs etdiyimiz əməllər isə məkruhdur.

 

Rəsulullah (s.ə.s.) buyurur: "Bir yerdə vəba olduğunu eşidəndə oraya getməyin. Olduğunuz yerdə vəba olduqda isə oradan çıxmayın". Burada yoluxucu xəstəliklər üçün karantinin tətbiq olunmasının vacibliyi açıq şəkildə bildirilmişdir.

 

"Nisa" surəsindəki  29-cu ayədə isə buyurulub: "Özünüzü öldürməyin". "Təhlükə" ayəsinin bir qolu sayılan bu ayənin mənası odur ki, səmiyyətdə möminlərin ölümünə səbəbkar olmaq haramdır, çünki müsəlmanlar vahid bir bədən kimidir. Eyni zamanda, insanın ölümünü təzləşdirəcək işlər haram buyurulur.

 

Fiqhi kitablara görə, insanın özünü öldürməsi həm də bəni-adəmin öz canına elə qəsd etməsidir ki, bu hərəkət onun dərhal ölməsinə səbəb olmur, bəlkə müxtəlif şəkildə canını ziyan və zərərlərə düçar edir, yaxud özünü şikəst edir, sağlamlığını tədriclə itirir.

 

İslam alimlərinin hamısının bu ayə barədə nəzəri bundan ibarətdir ki, ayə yalnız qətl və dərhal ölümlə, yəni intiharla məhdudlaşmır, ayənin çox geniş mənaları vardır, o mənalardan biri də insanın özünü sağlamlıqdan məhrum etməsi, yarımcan olması və ölümü özünə yaxınlaşdırmasıdır. Təhlükə ayəsinin mənalarını bu ayə də ehtiva edir.

 

Təfsirə və təhlilə vararaq ayəni indiki şəraitə əsasən nəzərdən keçirsək, məlum olar ki, koronavirusun səngimədiyi bir dövrdə mömin müsəlmanın dövlət qurumlarının göstərişlərinə əməl etməyərək kütləvi dini tədbirə yollanması, ibadətə və ya ayinə qatılması elə riskə atılması, ölümü özünə yaxınlaşdırmasıdır. Səbəb sadədir: zəruri testlər keçirilməzsə, namazda və ya ibadətdə olanlar arasında koronavirus yoluxmuş fərdin əsal olmamasına təminat verilə bilərmi?! Təbii ki, yox.

 

Mömin bacı və qardaşlarımın nəzərinə onu da çatdırım ki, Hz.Məhəmməd (s.ə.s.) buyurub: "İslamda zərər vermək və zərər vurmaq yoxdur" (Əl Xilaf (Şeyx Tusi) 3-cü cild 440-cı səhifə).

 

Bu hədis bütün məzhəblərin kitablarında gəlmiş ən məşhur hədislərdəndir. Bu hədisin mənası budur ki, İslam şəritətində insana zərər və ziyan vuracaq heç bir hökm yoxdur, həmçinin heç bir müsəlmanın başqa bir müsəlmana maddi və cismi ziyan vurmağa, yaxud başqasını çətinliyə salmağa haqqı yoxdur.

 

Belədirsə, qaydalara və qanunlara əməl edərək koronavirusla elliklə mübarizə apardığımız bir dönəmdə karantin rejiminin şərtlərinə əməl etmək, Məhərrəm ayında evdə, fərdi şəkildə namaz qılmaq həm caizdir, həm də mübahdır.

 

Avqustun 21-də Məhərrəm ayı başlanır. Yaradanın bizə əta etdiyi sağlamlığımızı və səhhətimizi qorumalıyıq.

 

İbadətə və namaza gəldikdə isə, bəyəm külli aləm Onun əsəri, yaratdığı deyilmi?

 

Məhərrəm ayında evdə namaz qılaraq Allaha etiqadı və təqvanı daha da gücləndirmək olar.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar