YAP Səbail rayon təşkilatında məzunlarla görüş keçirilib - FOTOLAR

Oxunma sayı: 326
Ölkə       17 Sentyabr 2020, 23:07
YAP Səbail rayon təşkilatında məzunlarla görüş keçirilib     - FOTOLAR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında 2020-2021-ci il tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib. 

 

Azmedia.az-ın verdiyi məlumata görə, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev tələbə qəbulu imtahanlarında Səbail rayonu üzrə xüsusi fərqlənərək ən yüksək nəticələri əldə edən gənclərimizin timsalında bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş bütün tələbələri, onların valideynlərini, müəllimlərini ürəkdən təbrik etdi, onlara təhsildə, elmdə, ictimai-siyasi fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzuladı.

 

Ş.Hacıyev Azərbaycanın milli təhsil sisteminin inkişafı, ölkəmizdə formalaşmış özünəməxsus təhsil sistemi, bütün təhsil pillələri üzrə qanunvericilik bazası, Ulu Öndər Heydər Əliyevin təhsilə, elmə, gənclərə verdiyi yüksək dəyər, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsil siyasəti, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində Azərbaycanda əldə olunan uğurlar haqqında gənclərə geniş məlumat verdi. Vurğulandı ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsil sektorunda önəmli layihələr, proqramlar həyata keçirilmiş, xüsusilə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkəmizdə yüzlərlə yeni məktəb tikilmiş, mövcud məktəblər əsaslı təmir olunmuş və ən müasir təhsil texnologiyaları və avadanlıqları ilə təchiz olunmuşdur.

 

Müasir dövrdə Azərbaycan gəncliyinin qarşısında duran əsas məqsəd və vəzifələrə xüsusi diqqət çəkən Ş.Hacıyev bildirdi ki, gənclərimiz öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə bağlı Vətəninə, dövlətinə ləyaqətlə xidmət edən etibarlı vətəndaşlar və qlobal çağırışlara uyğun yüksəkixtisaslı mütəxəssislər kimi formalaşmalıdırlar. Bu məqsədlə gənclərimiz ilk növbədə yaxşı təhsil almalı, xarici dilləri öyrənməli, son texnoloji biliklərə yiyələnməli, daim öz üzərlərində işləməli və yüksəkixtisaslı kadrlar kimi müstəqil dövlətimizin daha da qüdrətlənməsi üçün çalışmalıdırlar.

 

Ş.Hacıyev Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixi, eləcə də YAP Səbail rayon təşkilatının ictimai-siyasi fəaliyyəti haqqında gənclərə geniş məlumat verərək gənclərimizi asudə vaxtlarından səmərəli istifadə etməyə, ölkəmizdə gedən çoxşaxəli siyasi proseslərə biganə qalmamağa və sağlam vətəndaş mövqeyi bildirməyə dəvət etdi.

 

Görüşdə iştirak edən tələbələr ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirərək qeyd etdilər ki, müasir, vətənpərvər və milli-mənəvi dəyərlərinə bağlı olan Azərbaycan gəncliyi müstəqil dövlətimizin gələcək inkişafı üçün öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

 

Sonda ali məktəblərə keçirilən qəbul imtahanlarında Səbail rayonu üzrə yüksək bal toplayan tələbələrə xatirə hədiyyələri və Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən və Azərbaycan xalqının milli maraqlarına söykənən çoxşaxəli dövlət siyasətinə həsr olunan kitablar təqdim olundu. Görüş iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önündə xatirə şəkilləri çəkdirdilər.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar