"Dəhşətdir... mən doğmalarımın tikələrini öz əlimlə yığdım..." - FOTO

Oxunma sayı: 543
Cəmiyyət       25 Oktyabr 2020, 21:00
"Dəhşətdir... mən doğmalarımın tikələrini öz əlimlə yığdım..." -     FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Oktyabrın 17-də Ermənistan ordusu cəbhədə növbəti məğlubiyyətə uğrayıb Füzulidən qovulanda ənənəvi erməni xislətinə uyğun terror cinayətinə əl atdı-gecə saatlarında Gəncəyə, yaşayış evlərinə "Skad" ballistik raketi atıldı. Alçaqcasına törədilmiş bu hərbi cinayətin nəticəsi olaraq onlarla ev dağıldı, azı 14 dinc sakin, o cümlədən qadın və uşaqlar, körpələr həlak oldu, onlarla Gəncə sakini ağır yaralandı.

 

Azmedia.Az virtualaz.org-a istinadən bildirir ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi bu insanlıq cinayətinə beynəlxalq media da laqeyd qalmır. BBC rus xidməti Gəncədən, erməni terrorunun qurbanlarından reportaj yayıb. Həmin reportajı təqdim edirik:

 

- Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bir həftədir ki, partlayış səsləri səngiyib. Raket zərbəsindən sonra dağıdılan evlərdə indi təmir-bərpa işləri aparılır.

 

Oktyabrın 17-də raket zərbəsi nəticəsində həlak olanların xatirəsinə şənbə günü anım mərasimi keçirilib.

 

"Nəvəm indi gecələr mənim yanımda yatır. Tez-tez mənə deyir ki, baba, anamı gətir. Mən onu necə gətirim? Uşağa necə başa salım ki, anan artıq yoxdur"- Nizami Ağayev deyir və əlləri ilə üzünü tutur ki, onun göz yaşlarını görməsinlər.

3 yaşlı Xədicə erməni terrorunda ata-anasını və körpə bacısını itirib, indi o, nənəsinə sığınıb...

 

N.Ağayevin üç yaşlı nəvəsi Xədicə yetim qalıb. Onun ata-anası və bacısı ermənilər tərəfindən Gəncəyə atılan raket zərbəsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar. Xədicənin mavi gözləri yorğun və şişkindir. Raket zərbəsi zamanı xəsarət alan Xədicə üç gün gözlərini aça bilməyib. Gözlərinə dolan qum və toz körpənin göz nahiyəsinin buynuz qişasını zədələyib. Həkimlərin sayəsində Xədicənin görmə qabiliyyəti bərpa olunub. Onun doğulduğu, böyüdüyü ev isə artıq yoxdur. Erməni qəsbkarları tərəfindən dağıdılıb, yerlə yeksan edilib. İndi Xədicə nənə-babası ilə birgə Gəncədən kənardakı yerləşən qəsəbədə yaşayır.

 

Oktyabrın 17-də ermənilər tərəfindən Gəncə şəhərində yaşayan mülki əhali raket atəşinə tutulub. Erməni hərbi qüvvələri şəhərə ballistik raketlərdən ("Skad"-17) atəş açıblar.

Sevinc göz yaşlarına boğulur...

 

"Partlayış səsi eşidən kimi tez-tələsik maşınla Gəncəyə - qızımgilə yollandım. Qızımın evinin yaxınlığına çatanda gördüm ki, dünya dağılıb. Hər yan uçulub dağılmışdı. Nə qapı var, nə ev var, nə eşik vardı. Heç nə yox idi... Soruşdum ki, içəridəkilər salamatdılarmı?  Dedilər ki, burdakılar hamısı salamatdırlar. Təskinlik vermək üçün elə deyiblərmiş... Bütün xəstəxanaları gəzdik, yox idilər. Xəbər gəldi ki, gətiriblər. Sən demə mən ora çatanda uçqunun altında qalıblarmış, ordaymışlar hələ" - N.Ağayev deyir.

 

Xədicənin atası hadisədən bir müddət əvvəl bankda işə düzəlmişdi. Anası isə baxçada müəllimə işləyirdi. Beş il olardı ki, ailə qurmuşdular. ..

 

...Ağayevlərin giriş qapısına qara lent bağlanılıb. Qohumlar, qonşular, onları tanıyan-tanımayan hər kəs başsağlığı verməyə gəlir.

"Qızımın çox arzuları vardı. Arzusuna çata bilmədi balam. Nəvəm böyük qız olsun. Allah onu bizə çox görməsin. Allah onu bizə bağışladı ki, qızımın təsəlləsini ondan götürək"- Sevinc Ağayeva göz yaşları içərisində deyir.

 

"Əsas Vətənimizdir, onun əmin-amanlığı, ərazi bütövlüyüdür. Müharibə gedir. Biz heç nədən çəkinmirik, qorxmuruq. İnanırıq ki, bu qanlar boşuna tökülmür. İnanırıq ki, tez bir zamanda Ordumuz qələbə çalacaq. Müharibə və bu dəhşətlər tezliklə bitəcək", - N.Ağayev əlavə edib.

Xədicənin erməni terroruna qurban gedən valideyinləri və körpə bacısı...

 

Gəncəyə atılan raket zərbəsi zamanı 20 yaşayış evi dağıdılıb. Həmin evlərdən biri Gəncə sakini Ramiz Abdurrəhmanova məxsus olub. O, bu evi yenicə tikib başa çatdırmışdı. Fikirləşirdi ki, ömrünün sonunacan burda yaşayacaq. Ancaq yeni tikilən bu ev də dağıntılar altında qalıb.  Bu azmış kimi indi Ramizin nə qızı, nə də nəvələri var.   

 

"Dəhşətdir, çox dəhşətdir... Mən doğmalarımın tikələrini əllərimlə yığmışam. Partlayışdan oyandım. Dam örtüyü uçub üstümə tökülmüşdü.  Daşların altından özümü çıxarıb qızımgilə qaçdım. Öz əllərimlə onların parçalarını dağıntıların altından çıxartdım..."

Ramiz bundan sonra necə yaşayacağını bilməyəcəyini, gücü, taqəti qalmadığını deyir...

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar