Ağdaşda qədim kilim kolleksiyası qorunur -FOTO

Oxunma sayı: 640
Mədəniyyət       23 Dekabr 2020, 11:54
Ağdaşda qədim kilim kolleksiyası qorunur      -FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun əməkdaşları Ağdaş rayonunda təşkil edilmiş etnoqrafik ekspedisiyada iştirak ediblər.

 

Azmedia.Az xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

 

Tədqiqatın məqsədi Ağdaş şəhərinin xalq arasında “Qaraçılar küçəsi” adlanan Vaqif küçəsində yaşayan sakinlərin etnoqrafiyasının, adət və ənənələrinin, sənətkarlıq sahələrinin öyrənilməsi olub.

 

Sektorun müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradov ekspedisiya haqqında məlumat verərək bildirib:

“Azərbaycanda yaşayan azsaylı xalqlardan biri də qaraçılardır. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisinə köçmüş və ya köçürülmüş qaraçılar hal-hazırda Ağsu, Ağdaş, Bərdə, Qax, Xudat, Ağcabədi və Xaçmaz kimi rayonlarda kütləvi şəkildə yaşayırlar.

 

Dünyanın hər yerində olduğu kimi, burada da onlar tarixən köçəri həyat tərzi sürmüş, atçılıq, xüsusilə qatırçılıq, maldarlıq kimi təsərrüfat sahələri ilə, nalbəndliklə, məişət avadanlıqlarının, əkinçilik alətlərinin istehsalı ilə, xırda ticarətlə məşğul olmuşlar. Ağdaşın “Qaraçılar küçəsi” Ağdaş şəhərində yerləşir. Burada kompakt halda yaşayan qaraçılar öz milli ənənələrini, sənətkarlıq sahələrini qoruyub saxlayırlar.

 

Ekspedisiya zamanı burada rast gəldiyimiz maraqlı faktlardan biri də ayrı-ayrı evlərdə olan xalça və xalça məmulatlarından, məişət əşyalarından, tikmələrdən ibarət kolleksiyaların mövcudluğudur. Sakinlərlə söhbətlərimiz zamanı məlum oldu ki,  XX əsrin 40-50-ci illərindən toplanan bu kolleksiyalar nəsildən-nəslə ötürülmüş və zənginləşdirilmişdir. Respublikamızın digər yerlərində bu cür zəngin, çoxçeşidli kolleksiyalara demək olar ki, rast gəlinmir. Məhəllə sakinləri xalça toxumağı bacarmasalar da, xalçanın dəyərini bilir və onu qoruyurlar. Müsahiblərimizdən biri məhəllə sakini 73 yaşlı xalça mütəxəssisi Sərdar Quliyev oldu. Onun xalça kolleksiyasının əksəriyyətini kilimlər təşkil edir.

 

XX əsrin 70-90-cı illərində Bakı kəndlərindən, Abşeron, Quba, Siyəzən, Xaçmaz, Şabran, Şamaxı, Qobustan kimi rayonların müxtəlif kəndlərindən alınmış bu kilimlər XX əsrin əvvəllərində toxunub.

 

Kilimlər Azərbaycanın, xüsusilə Quba və Şirvan kimi qədim xalçaçılıq mərkəzlərinin xovsuz xalça toxuculuğu ənənələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malik nadir nümunələrdir. Biz bu nümunələrin tarixi, texniki və bəddi təhlilini apardıq. Məlum oldu ki, onların saxlanma vəziyyəti əladır, heç bir deformasiyaya, zədələnməyə məruz qalmayıblar. Toxunuşunda möhkəm, keyfiyyətli keçi qəzilindən hazırlanmış iplərdən istifadə olunub.

 

Bu iplər Quba, Şirvan boyaqçılığı qaydaları ilə, bu bölgələrə xas olan əlvan rənglərlə boyanmışdır. Rəngləri indiyədək öz təravətini itirməmişdir. Mürəkkəb bədii kompozisiyalara malik olan müxtəlif ölçülü bu kilimlər yüksək ustalıqla toxunub.

 

Kilim texnikası ilə yanaşı, bəzilərində dərmə zili texnikası da tətbiq olunmuşdur ki, bu da xalçaçılar arasında yüksək peşəkarlıq göstəricisi kimi qiymətləndirilir. Kolleksiyada olan elə kilimlər var ki, onların çeşniləri xovlu xalçaları xatırladır. Xovlu xalçanın çeşnisinin daha bəsit və texniki cəhətdən imkanları məhdud olan kilim üzərinə köçürülməsi ənənəsi Azərbaycanda geniş tətbiq olunmuşdur. Bu qəbildən olan kilimlər mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Məşhur muzeylərin eksponatları sırasında da onlara rast gəlmək mümkündür”. 

 

Sektor rəhbəri onu da bildirdi ki, Azərbaycanın hər yerində ailə yadigarları kimi qorunan qədim xalçalarımız çoxdur.

 

“Biz səfərlərimiz zamanı onları qeydə alır, haqqında məlumatlar toplayır, fotoçəkilişlər aparırıq. Xalça sahiblərini həmin xalçaların tarixi, elmi, bədii dəyəri haqqında məlumatlandırırıq. İndiyədək oxşarlarına digər yerlərdə, elmi ədəbiyyatlarda, muzey eksponatları arasında rast gəlmədiyimiz çoxsaylı nümunələrlə qarşılaşmışıq.

 

Bu orijinal nümunələr Azərbaycan xalçaçılığının tarixi köklərinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Hal-hazırda sektorumuzda “Azərbaycanda xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair” 2018-2022-ci illər üçün Dövlət Proqramının Tədbirlər Planında göstərilən vəzifələrdən irəli gələrək, ölkə daxilində və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə növbəti kataloq hazırlanır. Ağdaş ekspedisiyası zamanı haqqında məlumat topladığımız Sərdar Quliyevə aid kilim kolleksiyasının materialları da bu kataloqa daxil ediləcəkdir. Sektor Azərbaycanın bütün bölgələri üzrə nadir xalça nümunələrinin kataloqlaşdırılması işini davam etdirəcəkdir” - deyə professor V.Muradov bildirdi.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar