Qubada villasında istirahət edən Təranə Qumral: “Heç kimə o ixtiyar verilməyib ki, kimsə şəkil paylaşıb...“ MÜSAHİBƏ

MÜSAHİBƏ

01 May 2020 11:44

Oxunma sayi: 917
Qubada villasında istirahət edən Təranə Qumral: “Heç kimə o ixtiyar verilməyib ki, kimsə şəkil paylaşıb...“   MÜSAHİBƏ

Azmedia.az xəbər verir ki, Buta.ws-in həyata keçirdi "Məşhur qonağım" rublikasının bu dəfəki qonağı sevilən cütlük Təranə Qumral və Musa Musayev olub. 

 

Sevilən cütlük saytımıza özəl müsahibə verib.

 

- Təranə xanım, karantin müddətini bildiyimiz kimi Qubadakı villanızda keçirirsiniz. Bəs bu vaxtı necə keçirirsiniz? Evdə ev işlərinizi özünüz görürsünüz? 

 

- Bilirsiniz ki, rayondan rayona keçmək olmur. İşçilərimi bura keçirə bilmirəm. Amma hazırda özüm Qubadayam. Övladlarım, ailəm yanımdadır. Mətbəxdə də özüm çalışıram, ailəmə özüm qulluq edirəm. Biz burda darıxmırıq. Çünki burda mən təmiz kənd həyatı yaşayıram. Gün ərzində olan bütün işləri özüm görürəm. Hətta mən burda qatıq, pendir, süzmə tuturam, bağ sulayıram, həyət süpürürəm. Qadın üçün, hətta kişi üçün olan işləri də özüm görürəm. Düzünü desəm, vaxtın necə keçdiyini bilmirəm. Günüm çox gözəl keçir. Bilirsiniz ki, müğənnilər çox vaxt makiyajda olurlar. Amma burada saçımı rezinlə yığıram, makiyaj da vurmuram. Ancaq ev işlərimi görürəm. Sırf günümü balalarıma, həyat yoldaşıma sərf edirəm. Bilirəm ki, birazdan toylar başlayacaq, bu günlərdən olmayacaq. Cənab Prezidentimizə də təşəkkür edirəm ki, hər birimizi evdə qalmağa çağırdı. Bu bizim üçün çox gözəldir. Biz həm də yardımsevərik, burada yardım payları təqdim edirik. Biz artıq ay yarımdır ki, burdayıq. Bizim bir balaca qızımız da var, 13 yaşlı Sevgimcan. O da onlayn dərslərə qoşulur. Burdan bütün müəllimlərə də təşəkkür edirəm. Bizim üçün çox maraqlı olur. 

 

- Bəs Ramazan ayında oruc tutursunuzmu?

 

- Xeyr, mən oruc tutmuram. Amma ki, oruc tutanlara qulluq edirəm. Maşallah biz ailəlikcə çoxuq. Qızım, kürəkənim oruc tutur. Musa müəllim də siqaret istifadə etdiyi üçün oruc tuta bilmir.

 

- Siz Azərbaycanın demək olar ki, ən tanınmış ailəsisiniz. Bunun nə kimi çətinlikləri var?

 

- Tanınmış olmaq həm asandır, həm də çətindir. Tanınırsan, hər yerdə sənə hörmət edirlər. Xoş qarşılayıb, xoş yola salırlar. Bu tərəfi yaxşıdır. Bəzən də elə yerlər olur ki, ora gedəndə məşhurluq sənə mane olur. Məsələn, bazara gedib özün istədiyin şeyi ala bilmirsən. İnsanlar bunu birmənalı qarşılamır. Fikirləşərlər ki, görən niyə gəliblər bazara? Yaxşı qarşılayan olsa da, pis də qarşılayacaqlar. Düşünəcəklər ki, işçiləri yoxdu ki, özləri bazara gəlib? Qara fikirli insanlarımız çoxdur. Amma fikirləşmirlər ki, insandır, bəlkə özünüz istədiyi bir şey var. Elə ərzaqlar var ki, onları özüm seçmək istəyirəm. Mən şəxsən sevirəm ki, meyvələri özüm seçim. Düzdür hər şeydən az alıram, amma gözəlini alıram. Özüm getsəm bazara daha yaxşı olar, amma gedə bilmirəm.

 

- Hər zaman qeyd etmisiniz ki, sənət aləmində heç kimlə küsülü deyilsiniz. Bəs sizə qarşı olan küsülülüklər nədən yaranır? 

 

- Bəli, mən yenə də deyirəm ki, mənim heç kimlə heç bir problemim yoxdur. Heç bir küsülülüyüm yoxdur. Heç kimlə də ədavət aparmıram. Kimin mənlə ədavəti varsa, özü bilər. Paxıldırsa əgər, öz başına tökülsün. Söyürsə, mənə qarğış edirsə də öz başına tökülsün. Əziz günlərdə heç kimə qarğış etmək istəmirəm. Amma kimin ürəyində pis, yaxşı nə varsa Allah 5 mislini özünə qismət etsin. Mən özüm çox gözəl fikirli bir insanam. Ürəyimdə də gözəl arzularım var. Ona görə də bunu deyirəm ki, kimin nə arzusu varsa, özünə qismət olsun. Mənim də arzularım özümə qismət olsun. Çünki mən özümə, qonşularıma, qohumlarıma, sənət yoldaşlarıma xoş arzular diləyirəm. 

 

- Niyə görə məşhurlar onlara xoş söz deyənlərə yox, məhz təhqir edənlərə cavab verir? 

 

- Xoş söz, xoş sözdür. Onu istəyirsən məşhurlara de, istəyirsən qonşuya, istəyirsən yoldan keçənə de. Xoş söz gözəl sözdür. Bir var tənqid edirsən, bir də var təhqir edirsən. Kimin nə ixtiyarı var kimisə təhqir etsin. Heç kimə o ixtiyar verilməyib ki, kimsə şəkil paylaşıb, həmin şəklin altına təhqir yazasan. Bir də görürsən mən özüm də çilədən çıxıram. Təhqir yazana elə gözəl cavab yazıram ki, təhqirdən də təhqir keçir. Həmin insanı qılınc kimi kəsir. Keçən dəfə bir oğlan təhqir yazıb. Mən də onu paylaşdım səhifəm də ki, əziz izləyiclər mən pis iş görməmişəm. Yardım paylamışam, biri də altına pis söz yazıb. Mən də onun şəklini paylaşdım. O da başladı mənə yalvarmağa ki, silin onu. Böyrümdə ağsaqqalım var. Adama deyərlər ki, sən ağsaqqalına, anana, bacına hörmət edirsənsə, başqasının şəklinin altına niyə biədəb söyüşlər yazırsan? Ona görə də təhqir olmaz. Pis söz deyəni yerində cavabını verməlisən. Mən elə adamam ki, yerində cavabını verirəm. 

 

- Toyda başınıza gələn ən maraqlı hadisə nə olub?

 

- Toylar var ki, o qədər maraqlı hadisələr olur ki... Mən bunları danışsam, sən gərək bütün günü yazasan... Başımıza çox maraqlı hadisələr gəlir. Bir də görürsən biri gəlir and-aman edir ki, mikrafonu verin, çıxış etmək istəyirəm. Gəlir mikrafonu tərsinə tutur. O da bizim gülməyimizə səbəb olur. Bəzən mikrafonu qulağına tutub "alo" deyənlər də olur. Yəni, toylarda bu kimi maraqlı hadisələr çox olur.

 

Sonda isə məşhur cütlük bu sözləri qeyd etdi: "Rublikanızın üçüncü qonağı bizik. Böyük sənətkarlardan sonra bizi seçdiyinizə görə sizə təşəkkür edirəm. Biz çox sevindik ki, o cür gözəl xanımlardan, sənətkarlardan sonra bizi qonaq olaraq seçdiniz. Layihəniz, saytınız uzun ömürlü olsun".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!