ABŞ İnstitutu: “Şoyqu istefaya göndərilə bilər”

SİYASƏT

26 İyun 2023 11:09

Oxunma sayi: 463
ABŞ İnstitutu: “Şoyqu istefaya göndərilə bilər”

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu istefaya göndərilə bilər.

“Report” xəbər verir ki, bu iddia ilə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu çıxış edib.

Bildirilib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin arasında razılaşma birmənalı olaraq Müdafiə Nazirliyinə təsir edəcək: “Bəzi Rusiya mənbələri Müdafiə Nazirliyinin rəhbərliyində dəyişiklik ola biləcəyini bildirirlər. Maraqlıdır ki, Sergey Şoyqu və Baş Qərargah rəisi Valer Gerasimov barədə “Vaqner”in silahlı üsyanından bəri məlumat yoxdur”.

Amerikalı analitiklər iddia edirlər ki, Rusiyanın Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş rəhbəri, təhlükəsizlik orqanlarının sabiq zabitlərindən biri Sergey Şoyqunun yerinə təyin edilə bilər, lakin onun adı açıqlanmayıb:

“Şoyqu və Gerasimovun istefaya göndərilməsi Priqojinin qələbəsi olacaq”.

Xatırladaq ki, bir neçə gün əvvəl Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: “Bu vəhşiliyə cavabımızın necə olacağına qərar verəcəyik. Növbəti addım bizimdir”.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y.Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğundan bildirilib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Daha sonra V.Priqojinlə Belarus Prezidenti Aleksanr Lukaşenko arasında telefon danışığı olub və “Vaqner” rəhbəri geri çəkildiyini bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!