Avropa İttifaqının qrantları, təhlükəsizliyin təhdidi ŞƏRH + FOTO

SİYASƏT

19 İyun 2023 21:15

Oxunma sayi: 888
Avropa İttifaqının qrantları, təhlükəsizliyin təhdidi   ŞƏRH + FOTO

Azərbaycan Avropa İttifaqı ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Hətta qurumun “Şərq tərəfdaşlığı” proqramının üzvüdür. Bu, həm də o deməkdir ki, demokratiya və insan hüquqlarının müdafiəsi, inkişafı sahələrində Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq edir.

Avropa İttifaqı Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusda “demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi” pərdəsi altında yeni yüksək məbləğli qrant layihələri elan edib. Müxtəlif sahələr üzrə ictimai maraq kəsb edən məsələlərə dair jurnalist araşdırmalarının həyata keçirilməsi üçün 100 min avro məbləğinədək layihələrin maliyyələşdiriləcəyi bildirilib. Araşdırmalar, əsasən, korrupsiya, maliyyə cinayətləri, mütəşəkkil cinayətkarlıq, ictimai təhlükəsizlik, demokratiya və insan hüquqları, ətraf mühit və iqlim dəyişikliyi, səhiyyə kimi sahələri əhatə etməlidir. Bunlarla yanaşı, çərçivə genişləndirilə də bilər.

Daha çox maraq doğuran məqamlardan biri layihənin təkcə ölkə daxilində fəaliyyət göstərən KİV-ə deyil, həm də bəhs edilən ölkədən xaricdə fəaliyyət göstərən mediaya şamil olunacağıdır.

Ancaq qeyd olunan mövzuları, istiqamətləri yalnız “Şərq tərəfdaşlığı” ölkələrinə aid etməkdə qərəz elementləri də var.

Odur ki, qərəzin də idarə ediləcəyi ehtimalı az deyil. Hər gün xaricdən Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli, iğtişaş yaradacaq, təhqir dolu ifadələrin yer aldığı fikirlər yayılır. Belələrinin qrant almayacaqlarına təminat verilmir. Həmin media nümayəndələri söz azadlığından sui-istifadə edərək Azərbaycana qarşı yalan və böhtan xarakterli məlumatlar yayır, fikirlər söyləyirlər.

Bu baxımdan maliyyə vəsaitinin məqsədli şəkildə anti-Azərbaycan ünsürlərə verilməyəcəyinə də təminat yoxdur.

Avropa İttifaqında medianın bir sıra təmsilçiləri Azərbaycan ictimaiyyəti üçün sınaqdan çıxmayıblar. Azərbaycan ictimaiyyəti nümayəndələrinin Laçın yolunda ermənilərin ekoloji terroruna qarşı keçirdikləri aksiyanın işıqlandırılmasında da qərəzdən xilas ola bilmədi. Onların aksiyaya Ermənistanın mövqeyindən yanaşması da bunu təsdiq edir. Həmin ölkələrin rəsmiləri, KİV-i iddia edirdi ki, guya Azərbaycan ictimaiyyətinin nümayəndələri həmin ərazidə “Laçın dəhlizini blokadaya alıb” və Xankəndidə “ermənilər humanitar fəlakətlə üzləşiblər” və s.

Avropalıların qərəzli olduqlarını təsdiqləyən başqa bir fakta nəzər salaq.

Belçikada Avropa Parlamenti sədrinin müavini, yunanıstanlı siyasətçi Eva Kaylinin korrupsiya işi istintaqı çərçivəsində saxlanılması hadisəsini yada salmaq da yerinə düşər. Ermənilərin ABŞ və Avropa İttifaqı daxilində çirkli pullarla lobbi bəsləməsini qeyd etməmək mümkün deyil. Konqresmenlər, Fransa Senatının üzvləri, siyasiləri, KİV və s. bu pullarla ələ alınaraq Cənubi Qafqazda əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına qarşı çıxır, regionda qarşıdurmanın yaranmasını təşviq edirlər.

Bu sayaq nümunələrin sayını artırmaq da olar. Avropa İttifaqı birlik daxilində maliyyə və təhlükəsizlik məsələlərinə diqqət ayırmır. O, dezinformasiya ilə mübarizəni bəhanə edərək öz ərazisində bütün xarici maliyyələşməni dayandırır.

Bu kimi layihələrin zahiri cəlbediciliyi ilə yanaşı, şirnikləndirici mahiyyət daşıdığı ehtimalı az deyil. Beynəlxalq donorlar, indiki halda Avropa İttifaqı adları çəkilən dövlətlərdən layihə, qrant adı ilə açıq şəkildə informasiya toplayır. Bu isə ictimai təhlükəsizliyə dəstək adı altında həmin ölkənin təhlükəsizliyinə təhdididir.

Məsələnin başqa tərəfi isə maliyyə vəsaitlərinin xərclənməsi və paylanmasında şəffaflığın təmini ilə bağlıdır. Məsələn, bu yaxınlarda Avropa Şurası tərəfindən 2023-cü il üçün nəzərdə tutulan 4,5 milyon avro məbləğində layihələrin yalnız 500 minlik hissəsi rəsmiləşdirilib, qalan vəsaitdən isə heç bir xəbər yoxdur.

Başqa məqam - Azərbaycanda çoxlu sayda jurnalist təşkilatları var. Onların fəaliyyəti ictimaiyyətə yaxşı məlumdur. O zaman sual yaranır - Aİ onlarla niyə əməkdaşlıq etməyə səy göstərmir?..

Nəhayət, İranın yaratmaq istədiyi “5-ci kolon”, onun mahiyyəti Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Tehran rejimi Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərənləri müxtəlif yolla şirnikləndirir, ondan vətəndaşı olduğu ölkəyə qarşı istifadə etmək istəyirdi. Yaxud İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hazırladığı “Hüseyniyyun” qruplaşması da xaricdən Azərbaycana qarşı fəaliyyət göstərir.

Odur ki, Avropa İttifaqının verdiyi qrantın “demokratik Hüseyniyyun” yaratmayacağına təminat yoxdur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!