Azərbaycanlı dindarlar iranlı nazirdən sözlərini geri götürməyi tələb etdi

SİYASƏT

29 Oktyabr 2022 11:15

Oxunma sayi: 348
Azərbaycanlı dindarlar iranlı nazirdən sözlərini geri götürməyi tələb etdi

“Qafqaz Müsəlmanları İdarəsi olaraq, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın Qafanda erməni baş konsulluğunun açılış mərasimində verdiyi açıqlamanı qətiyyətlə pisləyir, sözlərini geri götürməsini tələb edirik”.

Azmedia.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Azərbaycanın dini mərkəzi olaraq son vaxtlar ölkəmizə qarşı qonşu İrandan səsləndirilən təhdidedici iddia və bəyanatlar, xüsusilə də Azərbaycanla sərhəd boyunca həyata keçirilən hərbi təlimlərin doğurduğu narahatlıqla bağlı yaydığı bəyanatda bildirilir.

“Ümumislam mənafeləri naminə, İslam dininin sülh, qardaşlıq ideallarına hörmət əlaməti olaraq İran İslam Respublikası rəsmisinin təkzibi qonşu dövlətlərimiz arasında münasibətlərin qorunub saxlanılması və bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə bağların qırılmaması üçün zəruridir. Bu bizim üçün qırmızı xətdir. Azərbaycanın müsəlman dindarları məzhəbindən asılı olmayaraq daim dövlətçiliyimizə sadiqdirlər və dövlət mənafeyini, ölkəmizin suverenliyini qorumaq əzmindədirlər. 44 günlük Vətən müharibəsində dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bir yumruq kimi öz Ali Baş Komandanı İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı səfərbər olmağın nadir nümunəsini bütün dünyaya nümayiş etdirib və bunu təkrarlaya bilər. Azərbaycan dindarları hər zaman dövlət rəhbərimizi dəstəkləyirlər”,- deyə bəyanatda bildirilir. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!