Ərdoğanla Zelenskinin müzakirə etdiyi mövzular açıqlandı

SİYASƏT

18 Avqust 2022 20:47

Oxunma sayi: 216
Ərdoğanla Zelenskinin müzakirə etdiyi mövzular açıqlandı

 Ukrayna Prezidenti Volodimir Zelenski ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Lvovda ikitərəfli görüşü olub.

Azmedia.Az xəbər verir ki, Ukrayna Prezidentinin Mətbuat Xidməti görüşlə bağlı məlumat yayıb. Bildirilir ki, görüş zamanı prezidentlər müdafiə sahəsində əməkdaşlıq, Rusiyanın nüvə şantajı və Ukraynadan taxıl ixracı məsələlərini müzakirə ediblər.

“Taxıl ixracı təşəbbüsünün həyata keçirilməsinə də müsbət qiymət verilib. Zelenski bu təşəbbüsün irəli sürülməsi və həyata keçirilməsində Türkiyənin və şəxsən Ərdoğanın aparıcı rolunu qeyd edib və bunun qlobal ərzaq böhranının aradan qaldırılmasına töhfə verdiyini qeyd edib. Liderlər taxıl sazişinin icrasının təhlükəsizliyinin gücləndirilməsi və ərzaq ixracının həcminin artırılması imkanlarını müzakirə ediblər.

Zelenski və Ərdoğan Ukraynanın müvəqqəti işğal olunmuş ərazisində Rusiya tərəfindən irimiqyaslı taxıl oğurlaması məsələsini də nəzərdən keçiriblər. O cümlədən, işğalçılar tərəfindən 0,5 milyon tona yaxın taxılın mənimsənildiyi vurğulanıb. Liderlər razılaşdılar ki, oğurlanmış malların hər hansı ticarəti qəbuledilməzdir. Zelenski vurğulayıb ki, Rusiyanın oğurlanmış malları satmaq cəhdlərinə son qoyulmalıdır”, - deyə məlumatda qeyd olunur. 

Ukrayna və Türkiyə liderləri ZAES ətrafındakı vəziyyəti və Rusiyanın nüvə şantajını müzakirə ediblər. Zelenski vurğulayıb ki, Rusiyanın Zaporojye AES-də nüvə şantajı Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı ən böyük risklərdən biridir və hər bir ölkənin missiyası və məsuliyyəti nüvə şantajının qarşısını almaq üçün istənilən təzahürlərə sərt və ardıcıl cavab olmalıdır.

"Rusiya dərhal qoşunlarını stansiyadan çıxarmalıdır", - Ukrayna prezidenti vurğulayıb.

Bundan əlavə, liderlər müdafiə sahəsində əməkdaşlıq məsələlərinə toxunub və bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!