“Ermənistanda beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə icazə verilməməlidir” Hüquqşünas RƏYİ + FOTO

SİYASƏT

15 Aprel 2023 13:37

Oxunma sayi: 739
“Ermənistanda beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə icazə verilməməlidir”   Hüquqşünas RƏYİ + FOTO

“Ermənistan dövləti hətta ölkənin baş nazirinin iştirak etdiyi, dünyanın müxtəlif ölkələrinin idmançılarının və rəsmilərinin qatıldığı, beynəlxalq əhəmiyyətli tədbirin təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Halbuki Ermənistan tədbir iştirakçılarının, qatılan xarici ölkələrin nümayəndələrinin təhlükəsizliyinə tam zəmanət vermişdi. Bu, rəsmi İrəvanın öhdəliklərini yerinə yetirə bilməməsi, dövlətin siyasi imicinin darmadağın olması deməkdir”.

Bu sözləri Ermənistanda Azərbaycan bayrağının yandırılmasına qarşı atıla biləcək beynəlxalq hüquqi addımlardan danışarkən “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib.

O qeyd edib ki, Ermənistanın paytaxtında, kiçik bir səhnədə belə ciddi hadisənin baş verməsi, buna müdaxilənin edilməməsi, üstəlik, cinayəti törədən şəxsin azadlığa buraxılması ciddi hüquq pozuntusudur:

 

“Görünür, Azərbaycana münasibətdə ermənilərin nifrəti, qeyri-tolerantlığı, dözümsüzlüyü hələ də qalır. Bu Ermənistanda irqi, dini, milli ayrı-seçkiliyin pik həddə olduğunu göstərir. Monoetnik dövlət kimi statusunu qoruyan bu dövlət sülh tərəfdarı olmadığını bir daha sübut etdi. Bu hadisə insanlığa və bəşəriyyətə qarşı addımdır və beynəlxalq hüquqda cinayət kimi qəbul edilir.

Bayrağımızın yandırılması dövlətimizə həqarətdir. Bu hörmətsizliyə görə, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət işinin başladılması mümkündür. Müxtəlif beynəlxalq təşkilatlara müraciət edilib, Ermənistana qarşı addım atılmasına nail olmaq olar.

Avropa Ağır Atletika Federasiyası Ermənistana qarşı sanksiya tətbiq etməlidir. Bundan sonra Ermənistanda beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə icazə verilməməlidir. Digər ölkələr Ermənistanın təşkil etdiyi tədbirlərə nümayəndə heyəti göndərməkdən imtina etməlidirlər. Hadisənin siyasi, hüquqi, mənəvi nəticələri olacaq. Artıq bu baş verməkdədir. Bu cür barbarlıq dünyanın müxtəlif ölkələrinin, idmançıların, beynəlxalq təşkilatların, rəsmilərin gözü qarşısında baş verdi. Bütün bunlar əsas verir ki, Ermənistana beynəlxalq əhəmiyyətli yarışlar, tədbirlər üçün etibarlı ölkə deyil”.

Xatırladaq ki, 14 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində ölkəmizin bayrağı yandırılıb. Hücumdan sonra Azərbaycan yarışlarda iştirakdan imtina edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!