“Ermənistanın təxribatları vadar edir ki, biz Laçın yolunu tamamilə bağlayaq” – ŞƏRH + FOTO

SİYASƏT

17 İyun 2023 13:14

Oxunma sayi: 1484
“Ermənistanın təxribatları vadar edir ki, biz Laçın yolunu tamamilə bağlayaq”  – ŞƏRH + FOTO

“Son təxribatlar göstərir ki, Ermənistan tərəfi regionda yaratdığımız davamlı sülhə və təhlükəsizliyə təhdid yaradır. Bu, ermənilərin sərhədimizdə ilk təxribatçı hərəkəti deyil, amma görünür, sülh prosesini ləngitmək üçün daha da aktivləşirlər”.

Bu fikirləri Laçın rayonunun deputatı Mahir Abbaszadə deyib. O qeyd edib ki, Ermənistanın son zamanlar verdiyi bəyanatların, Qarabağı Azərbaycanın ərazisi kimi tanımağın, guya görüşlərin hamısında konstruktiv mövqe tutacaqları haqqında fikirlərin səsləndirilməsi ilə hərbi müdaxilələrə əl atması tamamilə ziddir:

 

“Ermənistan tərəfinin atəşi göstərir ki, düşmən hələ də sərhədlərimizdə Azərbaycanın tutduğu möhkəm mövqeyi qəbul edə bilmir. Videolardan aydın olur ki, Azərbaycan ordusunun əsgərləri Azərbaycanın öz ərazisində Azərbaycanın bayrağını dalğalandırmağa cəhd edirlər. Sözsüz ki, bu bayraq 15 iyun Milli Qurtuluş Günündə dalğalandı. Bunun qarşısını heç kəs ala bilməz. Ermənistan tərəfi isə bununla razılaşmayaraq, təxribatçı hərəkətlərə əl atdı.

Ermənistan sərhədlərimizdə baş verən təhlükəsizliyi və sülhü istəməklə bərabər, Laçın-Xankəndi yolunun humanitar məqsədlər üçün istifadəsi ilə də barışmır. Biz Ermənistandan Xankəndinə gedən yolda sərhəd-buraxılış məntəqəsi qurmuşuq. Bundan sonra Qarabağa silahların, minaların daşınması, Azərbaycan tərəfindən axtarışda olan insanların Qarabağa gediş-gəlişi tamamilə kəsilib. Əslində, Azərbaycan ordusunun və Azərbaycan tərəfinin həyata keçirdiyi addımlar həm Qarabağda, həm Ermənistan-Azərbaycan sərhədində sülhün, təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Ermənistan tərəfi isə görünür ki, bununla barışmır və belə addımlara yol verir.

Düzdür, Azərbaycan ordusu sərhədlərdə çox ayıq, sayıq dayanıb. Azərbaycan ordusunda ruh yüksəkliyi var. Sərhədlərimiz ordumuz tərəfindən etibarlı mühafizə olunur, düşmənin layiqli cavabı verilir və bundan sonra da veriləcək. Amma Ermənistan tərəfinin addımları vadar edir ki, biz Laçın rayonundan keçən yolu, tamamilə bağlayaq. Ermənistan etdiyi təxribatın məsuliyyətini üzərinə götürüb, kimlər tərəfindən həyata keçirildiyini bildirməyənə qədər yolun istifadəsinə qadağa qoymağımız düzgün addım olar. Çünki Azərbaycan tərəfi bu yolun humanitar məqsədlər üçün açıq olduğunu desə də, Ermənistan bununla barışmır. Ermənilər əraziyə silah-sursat, qanunsuz hərbi ləvazimatlar daşımaq istəyirlər. Əgər Ermənistan, həqiqətən, Qarabağda yaşayan ermənilərin taleyini düşünsəydi, Azərbaycan sərhədlərində Azərbaycan əsgərinə güllə atmazdı. Hesab edirəm ki, bu təxribatı törədənlər məsuliyyətə cəlb olunmalı, Ermənistan Azərbaycan qarşısında öz öhdəliyini yerinə yetirənə qədər Laçın-Xankəndi yolu bağlanmalıdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!