FHN in növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşdülər

SİYASƏT

08 Fevral 2023 10:30

Oxunma sayi: 1803
FHN   in növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşdülər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

***************

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin növbəti çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işləri aparılır.

Məlumata görə, şəxsi heyət Heydər Əliyev Beynəlxalq Hava Limanına toplaşıb.

Qeyd edək ki, fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Eyni zamanda, ötən gün Türkiyəyə iki təyyarə yola salınıb. Təyyarədə FHN-in tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı da olub. Hospital dörd funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, üç köməkçi konteynerdən və üç hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub.

Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Yola salınan təyyarələrin heyəti 41 nəfərdən ibarətdir. Onların 34 nəfəri tibb personalıdır. Əməkdaşların Türkiyənin hansı ərazilərində xidmət göstərəcəklərinə orada qərar veriləcək.

Gecə saatlarında da əlavə humanitar yardım üçün maşın karvanı və təyyarə Türkiyəyə yollanıb.

PhotoStock.az-ın Heydər Əliyev Beynəlxalq Hava Limanından hazırladığı fotoreportajı təqdim edirik:

   
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!