Gəlməyəcək günün İlqarı: BİR UĞURSUZUN MANİFESTİ

SİYASƏT

08 Oktyabr 2019 14:33

Oxunma sayi: 603
Gəlməyəcək günün İlqarı:     BİR UĞURSUZUN MANİFESTİ

Sadəlövh insanları da dinləmək gərəkdir hərdən. İllah da ki, bu insanlar və ya insan savadlı olduğunu deyirsə, dövlət başçısı olmağa iddialıdırsa. "Real Azərbaycan" Hərəkatının (ReAl) - hansı ki, özünü partiya adlandırır - sədri İlqar Məmmədov da belə insandır.

 

Rusiyada Anatoli Vasserman adlı şəxs var. Eruditdir, savadlıdır, müxtəlif telekanallardakı çoxsaylı bilik yarışmalarında dəfələrlə qalib olub.

 

Siyasi şərhçi də sayılır.

 

Lakin sosial şəbəkələrdə ironiya və lağlağı obyektidir, kimsə onu ciddi analitik, siyasətçi, alim, təhlilçi kimi qəbul etmir.

 

İlqar Məmmədov da Azərbaycanın Anatoli Vassermanıdır.

Bir zamanlar az qala "Azərbaycanın ümidi və nicatı" kimi qələmə verilən İ.Məmmədov əslində trivial tamahkarlıq, siyasi naşılıq və natiqlik qabiliyyətindən, ümumiyyətlə, məhrumluğun sublimasiyasıdır.

 

Həbsdə olarkən "müxalifətin ən qətiyyətli və real liderlərindən biri" kimi qələmə verilən, həbsxanadan çıxandan sonra isə həmin imici vur-tut bir neçə Facebook statusu ilə darmadağın edərək marginallaşan İlqar Məmmədov yenə "fərqlənib".

 

O, Facebook səhifəsində yazıb: "100 milyon baxış! Həbsimdən qabaq rusdilli forumlar Azərbaycanda Facebook-dan güclü idi. Orda bir-iki dəfə yazmışdım ki, Üzeyir Mehdizadə'nin güclü musiqi istedadı var, amma bu istedadı yönəldən yoxdur. Məni ələ salmayan qalmadı, baxmayaraq ki, "musiqisini bəyənirəm" demədim (fərqli zövq məsələsidir), sadəcə "böyük istedadını görürəm" dedim. Buyurun, Azərbaycan ifaçıları arasında ilk dəfə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçi. Təbrikə layiq uğurdur!"

49 yaşlı "siyasətçi"nin belə paradoksal açıqlaması birmənalı qarşılanmayıb. İş o yerə çatıb ki, İ.Məmmədovun müavini, türkoloq alim Altay Göyüşov belə dözməyib və elə həmin sosial şəbəkədə "müdir"inə cavab yazıb: "Musiqinin missiyası həm də zövqləri nəfis etmək, yüksəltməkdir, mədəni, sivilizasiya səviyyəsini təkmilləşdirməkdir. Musiqinin maarifçi missiyası vardır. Üzeyir Hacıbəyov məhz bu missiyanı yerinə yetirdiyinə görə ən böyük azərbaycanlı adlandırılır. Mən "zövqlər fərqlidir" bəhanəsilə "zövqü" Üzeyir Mehdizadə olanın Azərbaycanda prezident olmasına faciə kimi baxaram. O ki qaldı yekə rəqəmlərə, cəmi siyasətçilərinizin videolarının baxış sayı Vidadi İsgəndərlinin söyüşlərinə baxış sayının tozuna da çatmır".

 

A.Göyüşovün ürəyi soyumayıb və bir qədər sonra növbəti dəfə məsələyə qayıdıb: "Təklif edirəm ki, gələn prezident seçkilərində İlqar kampaniyasını belə aparsın: Bir dənə 07 alır, qabaq təkərlərini qaldırır, oçkilərini çıxardır, oturur sükan arxasında. Pəncərələri açır, Üzeyir Mehdizadəyə polni xod verir, şəhərin küçələrində şütüyür. Yanında da relçılardan biri oturub çırtıq çalır. 100 milyonların səsi qaranti".

Paradoksal və absurd məntiqli açıqlamya belə ironik, hətta lağlağı stildə cavab verən A.Göyüşov, ümumiyyətlə, hesab edir ki, mənsub olduğu ReAL hərəkatı - hansı ki, özünü partiya sanır - yanlış yoldadır.

 

Yəni o, ReAL-ın ən böyük probleminin hərəkatın cəbhələşmə yolu tutmasında görür.

 

Halbuki İlqar Məmmədov özü dəfələrlə vurğulayırdı ki, ReAl-ın elektoratı AXCP elektoratından fərqlidir. Cəbhələşmə isə ReAl-ın bu mövqeyini ciddi şəkildə sarsıtdı və faktiki olaraq indiki duruma gəlib düşməsinə səbəb oldu.

 

Başa düşmək lazım idi ki, dövr və zaman, elə həmçinin Azərbaycan da dəyişir. AXCP-nin sosial bazası ilə ölkədə dəyişiklik etmək mümkün deyil. Çünki Azərbaycan cəmiyyətinin strukturu dəyişir.

 

Dəyişən cəmiyyət strukturunda bütövlükdə orta sinfin, xüsusən gənc sosial orta sinfin güclənməsi prosesi baş verir ki, bu təbəqə nəinki AXCP tərəfdarı deyil, hətta belə demək olarsa, onun radikallığından, sərtliyindən, ritorikasından qorxur. Amma dəyişikliyi də həmişə məhz bu təbəqə gətirir. Saakaşvili inqilabının dayaq nöqtəsi Üzeyir Mehdizadə tərəfdarları deyildi. Ermənistanda Nikol Paşinyanı Üzeyir Mehdizadə tərəfdarları hakimiyyətə gətirmədi, aparıcı rolu ölkənin kifayət qədər güclü və gənc İT sektoru oynadı.

 

Əsas problem isə odur ki, İlqar Məmmədov və onun başçılıq etdiyi ReAl hərəkatı ənənəvi müxalifət üçün anlaşılmazdırsa, gənclərin və orta yaşlıların siyasi iradəsini ifadə edə biləcək, daha doğrusu, edən siyasi qurum deyil.

 

AXCP və bu partiyanın isterik lideri, günbəgün marginallaşan Əli Kərimli bunu bunu etmək iqtidarında deyil, içindəki sistemi buna imkan vermir. ReAl da rəhbərliyinin dəyərləndirmə qabiliyyətiinin zəif olması səbəbilə bu gücə malik olduğunu başa düşmədi, Banqladeşdəki Üzeyir Mehdizadə fanatlarına sosial baza kimi baxmağa başladı. Bu günün söhbəti deyil, trend 2016-dan başlayıb.

İlqar Məmmədovun siyasətçi kimi faciəsi də odur ki, o, müxalifət düşərgəsində boş qalan, cəmiyyətin də sosial sifarişinin hədəfi və obyekti olan yeri tuta bilmədi.

 

Tuta bilməyəcək də.

 

Azərbaycanda siyasətlə maraqlanan, hakimiyyəti dəstəkləyən, ölkədəki inkişafın davamlı olmasını istəyən və bunun üçün çalışan çox böyük kütlə var.

 

Həmin kütlə isə Üzeyir Mehdizadəni "fenomen" saymır, İlqar Məmmədov.

 

Tələbələr, ali təhsillilər, həkimlər, hərbçilər, müəllimlər, aktiv gənclər Ü.Mehdizadə pərəstişkarları deyillər.

 

Rusdillilər, məmurlar, təqaüdçülər də Ü.Mehdizadənin fanat ordusu deyil, cənab ReAL "lideri".

 

Üzeyir Mehdizadə tutqunları ilə ölkəni irəli aparmaq olmaz.

 

İlqar Məmmədov bunu anlamayıb, anlamır və çətin ki, anlasın.

 

Elçin Alıoğlu
 

Milli.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!