Vəsilə Vahidqızı: "Azərbaycanın diaspor siyasətinin xətləri çox aydın müəyyən olunub" - MÜSAHİBƏ (FOTOLAR)

Oxunma sayı: 832
Ölkə       5 May 2020, 23:14
Vəsilə Vahidqızı: "Azərbaycanın diaspor siyasətinin xətləri çox aydın müəyyən olunub"      - MÜSAHİBƏ (FOTOLAR)

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Diasporla İş üzrə Dövlət Komitəsinin cəmiyyətimiz üçün yeni və maraqlı layihələri var. Xaricdə Azərbaycan evlərinin yaradılması, Diaspor Gənclərinin Yay Düşərgələri, Liderliyin inkişafı, Beyin qazanma və s kimi layihələr böyük maraq doğurur. Yeni nəsil diasporunun təşkilatlanması, eyni platformalar üzərindən hərəkət etməsi üçün mühüm əhəmiyyət daşıyan Yay düşərgələri haqqında məncə daha geniş danışmağa ehtiyac var. Belə düşərgələrin keçirilməsi beynəlxalq təcrübədə var və bunlar olduqca maraqlı, dərin mahiyyəti olan layihələrdir. Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunduqdan sonra xaricdə yaşayan azərbaycanlı gənclərin də yay və qış düşərgələri keçirilməyə başlanıldı. Yay düşərgələri artıq 2 ildir ki, təşkil olunur. İlk düşərgə Şəki şəhərində, 2-ci düşərgə isə Şamaxıda keçirilib. Diaspor gənclərinin qış düşərgəsi isə bir dəfə Avropada təşkil olunub.

 

Bu sözləri Azmedia.az-a Diasporla İs üzrə Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı deyib.

 

Diaspor gənclərinin yay düşərgəsinin mahiyyəti nədir?

 

Xaricdə yaşayan, eyni zamanda xaricdə doğulan, azərbaycanlı olmasına rəğmən xaricdə böyüyən və heç vaxt vətənini görməyən gənclərin Azərbaycana gətirilməsi yay düşərgələrinin əsas mahiyyətini təşkil edir. Gənclər Azərbaycan dövlətinin hesabına  1 həftə ölkəmizdə qalır, bilik və məlumat əldə edir, ictimai-siyasi şəxslərlə, müharibə iştirakçıları ilə, şəhid ailələri ilə görüşür, ana dili bilgisini artırır. Qeyd etmək istərdim ki, onlar yaşı 18-lə 29 arasında olan gənclərdir. Biz onları, onlar da bizi tanımaq imkanı qazanırlar. Məsələn, Şəkidə təşkil olunan düşərgədə onlar Şəki pitisini dadmaq imkanı əldə etdilər, milli mətbəximizlə tanış oldular, tarixi yerləri gəzib-dolaşdılar, milli musiqini dinlədilər və s.


Ünsiyyət, fikir alış-verişi bizi həm yaxınlaşdırır, həm də bir-birimizə tanıdır. Biz onların vətən sevgisinin şahidi oluruq və bu sevginin dərinləşməsinə təkan veririk. Düşərgə Azərbaycanı ilk dəfə görən, amma içində ona böyük məhəbbət daşıyan gənclərlə bizi tanış edir. Məsələn, ABŞ-da doğulan, əslən Cənubi Azərbaycandan olan Aras adlı bir oğlan da düşərgəyə gəlmişdi. Aras Türkiyə türkcəsində danışırdı. O deyir ki, müəyyən dövrdən sonra düşündüm ki, mən zərbaycanlıyam, lakin öz ana dilimi bilmirəm. Başladım dil kursu axtarmağa, Azərbaycan dilində danışmağı bacaran adam tapmağa. Əfsuslar olsun ki, axtarışlarım uğursuz alındı.  Bir müddət sonra ABŞ-dakı türklərlə əlaqə yaratdım və onların vasitəsilə türk dilini öyrəndim. İndi isə Azərbaycan dilini rahat öyrənəcəm". Aras çox gözəl, aydın şəkildə türk dilində danışırdı, fikrini izah edirdi və deyirdi ki, Amerikada rus dilində danışan azərbaycanlıları görəndə əsəbləşirəm.  O, Azərbaycan tarixi ilə maraqlanır, araşdırma aparırdı. Başqa bir nəfər Fransadan gəlmişdi. O, 17 yaşından sonra ana dilini öyrənməyə başlamışdı. Hal-hazırda həmin soydaşımız Azərbaycanla bağlı elmi iş yazır. Bu və bunun kimi maraqlı faktar çoxdur.


Bizim işimiz həmin insanları təkcə məlumatlandırmaq deyil, həm də şəbəkələşdirməkdir. Yəni, onlar 1 həftəlik yay düşərgəsinə gələrək bilgilər toplayır, Azərbaycanı tanıyır, geri qayıtdıqdan sonra isə vətəni təbliğ edərək bizim ordakı “həqiqi parçalarımıza” çevrilirlər. Onlar Azərbaycan haqqında məlumatları ermənilərdən, yaxud digər millətlərdən eşitmirlər, əsl mənbəyindən öyrənirlər. Düşərgə gəncləri Azərbaycanda olduqları müddətdə və ondan sonra da xüsusilə Qarabağ haqqında doğru, dolğun informasiyalar əldə ediblər.

 

Mənə maraqlı olan insanlar haqqında da danışmaq istərdim. Avstriyada Abdulla Şaiqin nəticəsi ilə tanışlığımız oldu. Onu Azərbaycana dəvət etdik. Hal-hazırda o Kanadada yaşayır və orda da doğulub. O qeyd etdi ki, biz evdə hər zaman Azərbaycan dilində danışmışıq. Bu da çox maraqlı bir nümunədir. Kanadada yaşamasına baxmayaraq o, Qarabağ həqiqətləri haqda çox dəqiq informasiyalara sahib idi. Və ətrafındakı insanlara doğru məlumatları çatdırdığını dedi.


Bizim Komitənin həm internet TV-si-Diaspor TV fəaliyyət göstərir, həm də İctimai televiziyada yayımlanan “Vətən uzaqda deyil” adlı proqramımız var. Verilişin çəkilişləri əsasən xaricdə aparılır. Bu verilişin əsas məqsədi dünya azərbaycanlılarını tanıtmaq, onlarla Vətən arasında bağlar qurmaqdır. Düşünürəm ki, buna nail ola bilirik. Amma bu iş sistemli, ardıcıl və uzunmüddətli olmalıdır. Verlişin adı bizim üçün həm də bir şüardır-dünya azərbaycanlılarını birləşməyə dəvət edən bir şüar.
Müşahidələrimiz onu göstərir ki, “Vətən uzaqda deyil” verilişi xaricdə yaşayan soydaşlarımızın ən çox izlədiyi verilişdir. 


Başqa mühüm bir aksiya ilə bağlı danışmağa ehtiyac var. Bu Azərbaycan diasporunun hər il Avropada keçirdiyi möhtəşəm Qarabağ mitinqidir. Bu il fevral ayının 22-də Xocalı faciəsi ilə bağlı Berlində keçirilən mitinqi diasporun ən möhtəşəm, ən təsirli, əhatə dairəsi geniş olan aksiyası saymaq olar. Dünya azərbaycanlıları həmin gün Berlinə toplaşmışdı. Mitinqdə Avropanın bir çox yerindən, Rusiyadan, Gürcüstandan, ABŞ-dan həmvətənlərimiz ştirak edirdi. Almaniyanın Brandenburq qapıları adlanan çox məhşur bir yerində, siyasi mərkəzlərin yaxınlığında yüzlərlə Azərbaycan bayrağı və diasporumuzun yaşadığı ölkələrin bayraqları dalğalanırdı. Qarabağla bağlı şüarlar onlarla dildə səslənirdi. Bu cür möhtəşəm bir aksiya yaddaşlarda, beyinlərdə sözsüz ki, iz qoydu və verilən mesajlar lazım olan ünvanlara çatdı. İstər yay düşərgələri, istər Qarabağ mitinqləri, eləcə də son dövrlərdə xaricdə yaradılan və koronavirus pandemiyası dövründə yüzlərlə azərbaycanlıya “ev” olan Azərbaycan evləri, xarici ölkələrdə olan Azərbaycan məktəbləri, 27 ölkəni əhatə edən Koordinasiya Şuraları, bütün bunlar vətənimizin təbliğatında mühüm əhəmiyyətə malikdir. Təbii ki, son iki ildə Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü işlər, Yol xəritəsində nəzərdə tutulan və əksəriyyəti reallaşan addım və prinsiplər bizi çox böyük məqsədlərimizə yaxınlaşdırır. Yolumuz çox uzun, məqsədlərimiz aydındır, amma diasporla iş çoxşaxəli və təbii ki, mürəkkəbdir. Bir məsələ var ki, Azərbaycanın diaspor siyasətinin xətləri çox aydın müəyyən olunub.

 

Sara Babakişiyeva

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar