Göz həkimindən sensasion açıqlama: “Elə ailələr var ki, hətta üç övladının üçü də kor və yaxud şikəstdir”

Oxunma sayı: 295
Sağlamlıq       8 Yanvar 2020, 12:28
Göz həkimindən sensasion açıqlama:     “Elə ailələr var ki, hətta üç övladının üçü də kor və yaxud şikəstdir”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Uşaqların telefon və kompüter asılılıqları ilə bağlı məsələ narahatlıq doğuran hal kimi daim gündəmdədir. Belə ki, bu asılılığın ciddi fəsadlara gətirib çıxardığı mütəxəssislər tərəfindən hər an diqqətə çatdırılır. Bu hal daha çox görmə orqanlarına mənfi təsir göstərdiyindən əsasən də oftalmoloqlar məsələnin ciddiliyini hər an önə çəkirlər. Bu faktı nəzərə alsaq, uşaqlar arasında görmə problemlərinin ildən-ilə artdığını da əminliklə söyləyə bilərik.

 

 

Yeri gəlmişkən, 2018-ci ilin statistik göstəricilərinə əsasən, ölkə üzrə müalicə-profilaktika müəssisələrində göz və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı 39479 nəfər (0-17 yaş) qeydə alınıb ki, bu da kifayət qədər ciddi rəqəmdir. Və əgər hələ xeyli sayda uşağın görmə ilə bağlı həkim nəzarətindən kənarda qaldığını da nəzərə alsaq, gələcəyimizin necə böyük təhlükə ilə üzləşdiyini deyə bilərik. Bəs görəsən, bu təhlükədən uzaq durmaq, gələcəyə daha sağlam nəsillə addımlamaq üçün nə etməliyik?

 

Azmedia.az konkret.az-a istinadən bildirir ki, bu barədə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin pediatr-oftalmoloqu Nigar Həsənova məlumat verib - uşaqların görmə qabiliyyəti valideynlər və həkimlər tərəfindən daim nəzarətdə saxlanmalıdır:

 

Hər bir uşaq dünyaya gəldiyi andan görmə ilə bağlı mütləq həkim nəzarətindən keçməlidir. Dünyaya yeni övlad gətirən analar çox vaxt bu məsələyə ciddi yanaşmırlar. Doğrudur, əsas məsələ körpənin ana bətnində ikən düzgün bəslənməsidir. Yəni göz xəstəliklərinin bəziləri bətndaxili infeksiyalar nəticəsində yaranır ki, bu infeksiyaları vaxtında aşkarlayıb düzgün müalicə aparmaqla problemdən yayınmaq olar. Ona görə də mən hesab edirəm ki, hamilə analar və elə onlara nəzarət edən ginekoloqlar da bu məsələdə tam məsuliyyətli olmalıdırlar.

 

Ümumiyyətlə, 0-17 yaş arasında olan uşaqlar görmə ilə bağlı əsasən 3 mərhələdə müayinədən keçməlidirlər: körpə vaxtı, məktəbə gedən zaman və yeniyetməlik dövründə. Nəzərə almaq lazımdır ki, körpəlikdən aşkar edilən xəstəliyin müalicəsi daha effektli olur. Məktəb yaşlı uşaqlara gəlincə, bəzən elə olur ki, onlar vaxtında həkim nəzarətinə götürülmədiyindən dərs zamanı görmə ilə bağlı ciddi problemlərlə üz-üzə qalır və müalicə almadıqları təqdirdə görmələri getdikcə zəifləyir. Bu hal yeniyetməlik dövrü üçün də xarakterikdir. Xüsusən də dərs yükünün daha ağır olduğu bu dövrlərdə hətta yaxşı görən uşaqlarda belə zəifləmə baş verir. Ona görə də hesab edirəm ki, valideynlər bu məsələləri daim diqqətdə saxlamalı, profilaktik olaraq ildə bir dəfə uşaqlarının görmə itiliyini müayinə etdirməlidirlər. Eynək taxan uşaqlar isə altı aydan bir mütləq müayinə olunmalıdırlar.

 

Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm ki, hazırda ölkəmizdə uşaqların göz qüsuru ilə doğulması halı daha çox qohum nikahlar səbəbindən üstünlük təşkil edir. Təsəvvür edin ki, əgər mən gün ərzində 40 xəstəyə baxıramsa, onun 25-i qohum nikahdan – əmioğlu-əmiqızı, dayıoğlu-bibiqızı, xalaoğlu-xalaqızı izdivacından dünyaya gələn uşaqlardır. Ən acınacaqlısı isə odur ki, onların əksəriyyəti də sağalmayan, anadangəlmə, irsi xəstəliklərin daşıyıcılarıdır. Toyuq korluğu, qara su, anadangəlmə inkişaf ləngiməsi, anadangəlmə korluqlar, buynuz qişa patalogiyaları, mirvari suyu və s. bu kimi ağır xəstəliklər qohum nikahlardan yaranan ağır fəsadlardır. Elə ailələr var ki, hətta üç övladının üçü də kor və yaxud şikəstdir. Fikrimcə, bu çox ciddi bir problemdir. Və bu barədə geniş maarifləndirmə işi aparılmalıdır. Təbii ki, biz həkim olaraq bu barədə valideynlərə məlumat verir və gələcəkdə övladlarının qohumla ailə qurmalarına mane olmağa çağırırıq. Həmçinin, müxtəlif tədbirlərdəki çıxışlarımızda, məqalələrimizdə maarifləndirmə aparırıq. Amma hesab edirəm ki, bu mövzu ilə bağlı daha böyük işlər aparılmalıdır.

 

O ki qaldı uşaqların telefon, planşet və kompüter asılılıqlarına, yaşından asılı olmayaraq, sözsüz ki, bu, onların görmə orqanlarına ciddi zərər vurur. Belə ki, gözün görmə funksiyası uzaq məsafəyə hesablandığı halda, saatlarla yaxın məsafə üçün istifadə olunması onun gərgin yüklənməsinə gətirib çıxarır. Xüsusən də məktəb yaşlı uşaqların, əsasən də yeniyetmələrin gün ərzində kitab oxumaqla yanaşı, telefon və ya kompüterdən asılıb qalmaları qəti yolverilməzdir. Mən bir oftalmoloq kimi, tövsiyə edirəm ki, uşaqlar bacardıqca bu vasitələrdən uzaq tutulmalı, hətta dərs hazırlayan zaman da kitabla gözləri arasındakı məsafəyə diqqət yetirilməlidir. Məsləhətdir ki, oxu məsafəsi 33-40 santimetrdən az və yaxud çox olmasın. Həmçinin, məktəblilər işığı sol tərəfdən düşən masa ətrafında əyləşib dərs hazırlamalı, gözlərini hər 20 dəqiqədən bir 20 saniyə müddətində 6 metrlik məsafədə olan bir nöqtəyə baxıb saxlamaqla göz idmanı etməlidirlər. Bundan başqa, qidalanmalarına da fikir vermələri vacibdir. Daha çox zülallarla zəngin olan qidalardan – ət, balıq, yumurta, həmçinin, sarı rəngli tərəvəzlərdən, bitki mənşəli qidalardan istifadə etməlidirlər. Əminliklə deyirəm ki, bütün bunlara əməl edilməsinə valideynlər tərəfindən nəzarət olunsa, uşaqlarımız görmə orqanları tərəfindən ciddi problemlərlə üzləşməz və əgər üzləşsələr belə, onların aradan qaldırılması o qədər də çətin olmaz.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar