Pakistanın baş nazirinin Azərbaycan səfəri: Sirr nədədir? TƏHLİL

SİYASƏT

16 İyun 2023 15:00

Oxunma sayi: 902
Pakistanın baş nazirinin Azərbaycan səfəri:  Sirr nədədir?   TƏHLİL

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfərinin səbəblərini, Prezident İlham Əliyevlə apardığı danışıqları, əsasən, iki bölmə üzrə təsnifatlandıra bilərik.

I - İdxal-ixrac əməliyyatlarında artım

Cənab Şahbaz Şərifin İlham Əliyevlə mətbuata birgə bəyanatında qeyd etdiyi kimi, Pakistan inflyasiya, idxal olunan neftin qiymətlərinin artması səbəbindən iqtisadi təzyiqlərlə üzləşib. Təsadüfi deyil ki, Şərifin Azərbaycana səfəri ərəfəsində iki ölkə arasında Azərbaycandan Pakistana mayeləşdirilmiş təbii qazın ixracına dair çərçivə sazişi təsdiqləndi. Ümumiyyətlə, enerji sahəsində əməkdaşlıq Azərbaycan və Pakistan arasında maliyyə tərəfdaşlığının böyük aspekti kimi qəbul edilə bilər.

Pakistan hazırda büdcə problemlərindən əziyyət çəkir, 2022-ci ilin iyun ayından etibarən qiymətlərin sürətlə artması və valyuta ehtiyatlarının tükənməsi səbəbindən mayeləşdirilmiş təbii qaz bazarından kənarda qalıb, hətta bir müddət həmin məhsulun idxalını təmin edə bilməyib.

Əliyevlə Şərifin müzakirə masasında ikitərəfli strateji məqsədlər naminə idxal-ixrac əməliyyatlarının qarşılıqlı şəkildə artırılmasına ehtiyac duyulduğu qeyd olunub. Bu, ehtiyaclardan doğan strateji mübadilələr üçün şanslar təqdim edir. Azərbaycan da strateji tərəfdaşı Pakistanın enerji-maliyyə problemlərinə töhfə verə biləcək əməliyyatın həmmüəllifi olduğundan İslamabad bu jestə qarşılıq olaraq Bakını yeni partiya ən müasir silahlarla təmin edə bilər və əvəzində maliyyə yükünü azaltmış olar.

Deməli, iqtisadi baxımdan Azərbaycan və Pakistan ticarət və maliyyə üçün alternativləri araşdırırlar.

Azərbaycanla Pakistan bu kursu təşviq edib daimi əsaslı platforma yaratmaq üçün gələcəkdə güzəştli ticarətə daxil olacaq məhsulların tam siyahısını tərtib edə bilərlər.

II - Təhlükəsizlik və müdafiə məsələləri

İlham Əliyev mətbuata bəyanat zamanı təhlükəsizlik aspektləri üzrə xətlərlə birgə hərbi təlimlərin sayının artırılması, müdafiə sənayesindəki əməkdaşlıq arasında əlaqə qurdu və güclü hərbi potensialı müstəqilliyin və ərazi bütövlüyünün qarantı kimi vurğuladı.

Deməli, Əliyevlə Şərifin danışıqlar stoluna qoyulan müzakirələr qovluqlarında regional təhlükəsizlik məsələlərinin altından məxsusi incə bir xətt çəkmək olar.

Məsələnin daha böyük miqyasda anlaşılması üçün Pakistanın xarici siyasət kursuna nəzər salmaqda fayda var. Pakistanın xarici siyasət prioritetləri sırf realist məqsədlərə əsaslanan ardıcıl mühafizəkar tərtibata malikdir, bunun bariz nümunələrindən birini İslamabadın Ermənistana münasibətində görmək mümkündür. Sırf işğal faktına görə Ermənistanla əlaqələr qurmayan Pakistan radikal mövqeyini İrəvana tuşlanan müqavimət oxunun içərisində tutaraq Azərbaycana dəstəyini əsirgəməyib.

İslamabadın xarici siyasət cəbhəsindəki “əzilənə dəstək, zalıma qarşı mübarizə” kursu islam birliyinə əsaslanan, müsəlman ölkələri arasında qardaşlıq münasibətlərini qoruyub-saxlamağa və möhkəmləndirməyə səy göstərən prinsiplərə sadiqdir.

Söyləmək olar ki, Pakistanın xarici siyasəti onun strateji regional maraqlarının yüksəksəviyyəli təminatı üzərində cəmlənir. Bu nöqtədə onun Cənubi Qafqazdakı iştirakı texniki amillərə deyil, geniş siyasi spektrə söykənir. Pakistan özünün xarici siyasətində Azərbaycanla yanaşı, Türkiyəni, Çini, Səudiyyə Ərəbistanını, Qətəri, Birləşmiş Ərəb Əmirliklərini, ABŞ-ni yaxın tərəfdaş kimi görür, İranla münasibətlərə isə nisbətdə çox aşağı prioritet verir.

Pakistanın qonşuluğu qaynar qazandır, məsələn, onun Hindistanla münaqişəsi var, Əfqanıstanda son 20 illik periodda formalaşdırdığı mücahid dəstəsi “Taliban”ın formalaşmasına təkan verib, sonrakı regional təhlükəsizlik strukturu isə elə İslamabadın özünə qarşı çevrilib.

İndi sual oluna bilər ki, bütün bunların Azərbaycana nə aidiyyəti var? Uzunmüddətli siyasət böyük zaman kəsiyində regional izlər buraxır və cari situasiyada siyasi üfüqlərə tünd rəngli tüstülər qalxır.

Məsələnin Cənubi Qafqaza qədər uzanan təsirlərinin olduğunu cənab Şərifin Əliyevlə birgə bəyanatında səsləndirdiyi bu məqamlarda axtara bilərik.

Şərif qeyd edir ki:

- Pakistanın qonşuluğunda Əfqanıstan və İran var, Çin daha bir mühüm oyunçudur (bu, xüsusi mesaj kimi qəbul oluna bilər);

- Pakistan bu baxımdan Azərbaycan və Türkiyə ilə birlikdə qardaş ölkə olaraq hərəkət edə bilər;

- Pakistan Azərbaycan və Türkiyə ilə yanaşı, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər ilə qardaş ölkələrdir.

Pakistanın bu siyasəti Azərbaycanın xarici siyasət doktrinası ilə üst-üstə düşən məqamların qabarıqlaşdığı cəhətləri qeyd etməyə imkan verir və qlobal sistemin didilməsi fonunda perspektiv çoxtərəfli qarşılıqlı dəstək mexanizmləri formalaşdırır.

Pakistanın strateqləri milli təhlükəsizlik çərçivələrində qeyri-hərbi aspektləri inkişaf etdirən formullara böyük əhəmiyyət vermirlər, onlar üçün hərbi sahədəki üstünlüklər, müdafiə sənayesindəki sıçrayış daha vacibdir.

Ancaq Pakistandakı siyasi cəhətdən qeyri-sabitlik onun xarici siyasətindəki dərin mühafizəkar ənənələri dəyişdirməsə də, praktiki areala təsirlərini göstərir.

Bu baxımdan Pakistan geosiyasətdən geoiqtisadiyyata keçid edib mövqelərini yuxarıya qaldırmalıdır və iqtisadi məsələlərdə onun Azərbaycanın dəstəyinə ehtiyacı yaranır.

NƏTİCƏ:

Şahbaz Şərifin Bakıya səfəri Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdəki inkişafını böyük sıçrayışla sürətləndirməyə hazır olan müstəsna mərhələdir. Bu, strateji tərəfdaşlığın strateji müttəfiqlik səviyyəsi ilə əvəzlənməsi və bunun rəsmiləşdirilməsinə hazırlıqdır.

Bunun dərin əhəmiyyətini çoxtərəfli əməkdaşlıq modellərində görə biləcəyik, lakin Pakistanın genişlənən siyasətindəki Qafqaz çalarları Hindistanı narahat etdiyindən o da tərəfdaşları ilə alternativlər yaratmağa çalışacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!