Paşinyan “Qarabağ da, 8 kənd də Azərbaycanındır” deyir: O daha nələri qəbul etməlidir? TƏHLİL

SİYASƏT

22 May 2023 20:41

Oxunma sayi: 1796
Paşinyan “Qarabağ da, 8 kənd də Azərbaycanındır” deyir:  O daha nələri qəbul etməlidir?   TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan nəhayət ki, “Qarabağ Azərbaycandır” tezisini dilinə gətirdi. O, keçirdiyi brifinqdə Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdığını elan etdi.

Özü də “Qarabağ da bura daxildir” deməklə, üstəgəl Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Azərbaycan ərazisi olmasını etiraf etməklə.

Prinsip etibarı ilə Paşinyan bunu son bir ayda bir neçə dəfə təkrarlayıb, lakin Qarabağın adını ayrıca çəkməsi bir neçə istiqamət üzrə sülh razılaşmalarının mənzərəsini açır.

Birincisi, artıq Ermənistan 10 Noyabr Bəyanatının Qarabağla bağlı hissələrinin tənzimləyicisi rolundan çıxdığını etiraf edir.

İkincisi, Paşinyan məsuliyyəti çiyinlərindən atmaqla Qarabağdakı separatçıların taleyinin Azərbaycanın əlində olduğunu göstərir və onları rəsmi Bakı ilə təmaslara çağırır.

Üçüncüsü, anklavlarla bağlı da razılaşma böyük ölçüdə razılaşdırılıb və sülh müqaviləsinin qaralama variantında həmin məsələ öz əksini tapıb.

Qulağa xoş səslənir, lakin Paşinyanın etirafları kifayət etmir, Ermənistan bunları rəsmiləşdirən həlledici qərarlar verməli və sözünün ağası olduğunu göstərmək üçün adekvat addımlar atmalıdır.

Paşinyan “X” anında sözünü geri götürüb, mövqeyini revanşizmə doğru sürüşdürmək potensialına da malikdir, hərçənd, geniş miqyasda belə hərəkətlərin təkrarlanması tarixə qovuşur, ancaq məsələ heç Paşinyan da deyil.

Azərbaycan öz şərtləri ilə Qərb və Rusiyanı razı salıb, bununla belə, region üzrə artan hərarət Ermənistanın mövqeyini bulanıqlaşdıra bilər.

Sual burasındadır ki, Paşinyan tezislərini Qərbin, yoxsa Rusiya mərkəzli danışıqların bəhrəsi kimi qələmə verir?

Bu, Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın Rusiyada gözlənilən danışıqlarından sonra aşkar şəkildə görünəcək və tamamı Moldovanın paytaxtı Kişineuda keçiriləcək görüşdə gətiriləcək.

Hələlik isə sülhə dair işartılar gözü qamaşdırsa da, mütləq sülhdən danışmaq bir qədər sadəlövhlük olardı.

Ona görə yox ki, Azərbaycanın şərtlərinin mütləq əksəriyyəti Ermənistan tərəfindən qəbul edilməyib, ona görə ki, regionda at oynatmaq istəyən qüvvələr rəsmi İrəvana qarşı müxalif dairələrin düyməsini basa bilərlər.

Ermənistandakı mümkün daxili çaxnaşmalardan qorxan Paşinyan geri addım ata bilər, hərçənd ki, bu, Azərbaycana qarşı hərbi ritorika səviyyəsinə də qalxan deyil.

Bu ssenaridə vəziyyəti mürəkkəbləşdirən - sülh müqaviləsinin imzalanmasının ləngiməsidir, hər axsama isə regiona böyük güclərin müdaxiləsi üçün gen-bol fürsətdir.

Başqa yandan, Ermənistan Azərbaycanın tələb etdiyi təhlükəsizlik zonası üçün bufer yaratmaq öhdəliyini elan etməyib, paralelində Zəngəzur dəhlizinin dəhliz məntiqi ilə açılacağı məsuliyyətini üzərinə götürdüyünü bildirməyib.

Sülh üçün ən vacib elementlərdən biri də Ermənistanın hərbisizləşdirilməsidir, bu bəndin mütləq mənada sülh müqaviləsinin mətnində yazılması vacibdir.

NƏTİCƏ:

Paşinyanın sülhpərvərliyi irəliyə doğru və Azərbaycanın şərtlərinin qəbul edilməsi baxımından önəmlidir, lakin bunun davamı gəlməlidir.

Yəni Ermənistanın ərazi bütövlüyünü tanımaqla bağlı mövqeyi sülh üçün yaxşı element olsa da, bu, Azərbaycanın şərtlərinin miqyasını bütünlüklə əks etdirmir.

Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması sərhəddəki alovları azalda bilər, lakin Qarabağdakı erməni separatçılara qarşı rəsmi Bakı hərəkətə keçə, hərbi güc tətbiqinə əl ata bilər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!