Politoloq: “Ermənilərin Naxçıvanı atəşə tutması birbaşa Türkiyəyə mesajdır” – FOTO

SİYASƏT

17 İyun 2023 22:38

Oxunma sayi: 1802
Politoloq:  “Ermənilərin Naxçıvanı atəşə tutması birbaşa Türkiyəyə mesajdır” – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı və ondan qısa müddət sonra ermənilər Naxçıvan istiqamətində və Laçın yolu üzərindəki sərhəd keçid məntəqəsində təxribatlar törətdilər. Ekspertlərin qənaətincə, bu təxribat bilərəkdən, məqsədyönlü şəkildə həyata keçirilib ki, tərəflər arasında formalaşmaqda olan dialoq mühiti yenidən pozulsun.

Ermənistan növbəti dəfə Naxçıvan istiqamətində iri çaplı silahlardan istifadə edərək sərhəddə təxribatlar törədib. Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısının alınması məqsədilə ordumuzun bölmələri tərəfindən müvafiq cavab tədbirləri görülüb. Bunun ardınca isə Laçın yolu üzərindəki sərhəd keçid məntəqəsi atəşə tutuldu, bir sərhədçimiz yaralandı. 

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Ermənistanın təxribatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda səfərdə olduğu müddətdə baş verib. 

“Kaspi” qəzeti mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

“böyük Ermənistan” xülyası puç olur

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Əlimusa İbrahimov bildirdi ki, son günlər ermənilərin sərhəddə təxribatları artıb: “Elə gün olmur ki, ermənilərin sərhəddəki təxribatları barədə məlumatlar yayılmasın. Onlar əllərində olan bütün imkanlardan istifadə edərək vəziyyəti gərginləşdirməyə və Azərbaycanın cavab tədbirləri görməsinə nail olmağa cəhd edirlər. Azərbaycanın təxribatlara cavabından istifadə edərək bizə qarşı qarayaxma kampaniyası aparmaq istəyirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda səfərdə olduğu müddətdə Naxçıvanın atəşə tutulması da ermənilərin bu qəbildən olan təxribatıdır. Bununla onlar bir daha Türkiyə-Azərbaycan yaxınlaşmasını həzm edə bilmədiklərini büruzə verirlər. Türkiyə-Azərbaycan tandemi onların “böyük Ermənistan” xülyasını puç edir”. 

Səbrimiz heç də hüdudsuz deyil

Ə.İbrahimov vurğuladı ki, ermənilər Azərbaycanın güclü regional dövlətə çevrilməsini, Türkiyənin qlobal güc olmasını istəmirlər. Təxribatların əsasında dayanan strateji məqsədləri də budur: “Amma Azərbaycan və Türkiyə hər zaman olduğundan daha çox səbir göstərir, təxribatlara adekvat cavab vermir. Bu, bizim səbrimizin heç də hüdudsuz olması anlamına gəlməməlidir. Azərbaycan bütün təxribatların cavabını vermək iqtidarındadır. Biz Prezidentin də dediyi kimi “nəyi, necə, nə zaman etmək lazım olduğunu çox gözəl bilirik”.

“Paşinyan hökumətinin ordu üzərində nüfuzu yoxdur”

Politoloq Samir Hümbətov da bildirdi ki, Naxçıvanın və Laçın yolu üzərindəki sərhəd keçid məntəqəsinin atəşə tutulması birbaşa təxribatdır: “Düşünmürəm ki, bunu birbaşa Ermənistan hakimiyyəti, konkret olaraq Paşinyan komandası bilərəkdən edib. Paşinyanın Ərdoğanın andiçmə mərasimində iştirakından sonra belə halın baş verməsi artıq Ermənistan ordusu daxilində vəziyyətin acınacaqlı və pərakəndə olmasından xəbər verir. Yəni bu, hökumətin silahlı qüvvələr üzərində nüfuzu olmadığının göstəricisidir. Təxribat bilərəkdən, məqsədyönlü şəkildə həyata keçirilib ki, tərəflər arasında formalaşmaqda olan dialoq mühiti yenidən pozulsun. Hər kəs düşünürdü ki, Nikol Paşinyanın andiçmədə iştirakı özlüyündə Ermənistan-Türkiyə münasibətlərinin qurulması üçün bir başlanğıcdır”.

S.Hümbətov hesab edir ki, təxribat üçün Ərdoğanın Azərbaycana səfər etdiyi tarixin seçilməsi təsadüfi deyil: “Bu təxribat əsasən üçüncü tərəflərin təhriki ilə baş verib. İstisna deyil ki, hətta Paşinyanın komandasına daxil olanlar tərəfindən də belə bir addım atılar”. 

“Bu, birbaşa Türkiyəyə mesajdır”

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanın Naxçıvan istiqamətində minaatanlardan istifadə etməklə atəşkəsi pozması Ərdoğanın Azərbaycana səfəri fonunda həyata keçirildi: “Ərdoğanın səfəri çərçivəsində bir sıra mesajlar verildi. Xüsusilə, Türkiyə ilə Azərbaycan arasında hərbi, siyasi, iqtisadi əməkdaşlığın yeni mərhələsinin formalaşması, Türkiyənin artıq Cənubi Qafqazda güc mərkəzinə çevrilməsi Ermənistanı, Rusiyanı, Fransanı narahat etməyə bilməzdi. Naxçıvan təxribatının arxasında Rusiyanın, həmçinin Fransanın dayandığını istisna etmirəm. Naxçıvan Türkiyə üçün həssas məsələdir və ermənilərin məhz buranı atəşə tutması təsadüfi deyil. Bu, birbaşa Türkiyəyə mesajdır. Çünki regionda Türkiyənin siyasəti sabotaj edilməyə başlanıb. Ancaq bu addımların heç bir siyasi perspektivi yoxdur. Azərbaycan və Türkiyə əsaslı cavabı verəcək”.

M.Əsədullazadə qeyd etdi ki, əgər Paşinyan Türkiyədə inaqurasiyaya qatılırsa, oradan yüksək əhval-ruhiyyədə qayıdırsa, bunu hətta erməni rəsmilər vurğulayırlarsa, deməli, təxribatda üçüncü qüvvələrin əli var: “Paşinyan da müəyyən səhvlərə yol verir. Normallaşma prosesi ilə bağlı müəyyən manevrlər edir, Rusiyanın vədlərinə aldanır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!