Seçkilər Türkiyəyə nifrət edən ölkələrin ümidlərini doğrultmadı “Kaspi”nin ŞƏRHİ

SİYASƏT

20 May 2023 17:45

Oxunma sayi: 2694
Seçkilər Türkiyəyə nifrət edən ölkələrin ümidlərini doğrultmadı   “Kaspi”nin ŞƏRHİ

Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkiləri bütün dünyanın diqqətini özünə cəmlədi. Seçkidən əvvəl Prezident Rəcəb Tayyib Ərdoğana qarşı mövqe sərgiləyən Qərb mediası seçkilərin şəffaf, dürüst və hüquqi çərçivədə keçirildiyini etiraf edib.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Qardaş Türkiyə ötən bazar tarixinin ən önəmli günlərindən birini yaşadı. Eyni anda prezident və parlament seçkiləri keçirən Türkiyə dünyanın diqqətini özünə cəlb etdi və bir daha nümunə olub. Türkiyə siyasilərindən birinin ifadə etdiyi kimi, “Türk milləti bütün dünyaya bir daha demokratiya dərsi verdi, haqsız iddialara əsassız ittihamlara məhəl qoymadı”. Maraqlısı odur ki, illər uzunudur Türkiyəni avtoritarizmdə, insan haqlarını pozmaqda ittiham edən Qərb mediası, siyasi dairələri birmənalı şəkildə seçkilərin şəffaf, dürüst və hüquqi çərçivədə keçirildiyini etiraf edib. Türk xalqının yüksək seçki mədəniyyətinə və demokratik dəyərlərə sahib olduğunu heyranlıqla vurğulayıblar. Halbuki seçkilər ərəfəsində Türkiyədə çaxnaşma və qarışıqlıq yaranacağı, qarşıdurma çıxacağı barədə hesabatlar yayırdılar, türk xalqı isə yüksək mədəniyyəti ilə bu planları alt-üst edib. Necə deyərlər, arzuları ürəklərində qalıb. Xatırladaq ki, prezident seçkilərində qalib müəyyən edilmədəyindən ikinci tur keçiriləcək. Əminliklə demək olar ki, mayın 28-də keçiriləcək ikinci turdan da qardaş ölkə alnıaçıq, sabit, bütöv bir xalq kimi çıxacaq. 

Qərb mediasının seçki qiymətləndirməsi

Dünya nəşrləri ötən bazar günü keçirilən seçkilərin nəticələrini müzakirə etməyə davam edir. Çoxları iki həftə sonra ikinci turda Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini proqnozlaşdırır. Qərb mediası ilk gündən Türkiyə seçkilərini “dünyanın ən mühüm seçkiləri” kimi qələmə verib. Seçki kampaniyası zamanı isə bütün gücü ilə Ərdoğana qarşı təbliğat aparıb. Bu nifrətin səbəbi bəllidir - Ərdoğan Amerikanın liderlik etdiyi Qərbə baş əymir. Qərbdə bəziləri Ərdoğanı “Putinin müttəfiqi” adlandırır, “onun getməsin Ankaranı Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur edə bilər” kimi xarakterizə edir.

Məsələn, “Washington Post” yazır ki, iyirmiillik hakimiyyətdən sonra prezident Rəcəb Tayyib Ərdoğan zəif görünüb:

“Türkiyə seçkiləri geosiyasi ittifaqları yenidən formalaşdıra bilər.

Ərdoğanın dövründə NATO üzvü olan Türkiyə Qərblə Rusiya arasında balanslaşdırılmış münasibətlərə malikdir, bəzən Qara dənizdə taxıl sövdələşmələrində diplomatik vasitəçi kimi çıxış edir və Suriyada münaqişə xətlərini dondurur, Amerika və Aİ ilə münasibətləri gərginləşdirir”.

“Gulf News” (BƏƏ) yazır ki, Ərdoğana qarşı istifadə edilən əsas arqumentlərdən biri onun iqtisadi siyasətidir. Ərdoğan hələ də 20 ildir hakimiyyətdə olan kifayət qədər populyar liderdir. Səsvermə hüququ olan 64 milyon insanın 5 milyonu ilk dəfə səs verən insanlardır, onların yaşı 18-22 arasındadır. Onların əksəriyyəti Ərdoğanın dövründə böyüyüb və sadəcə olaraq başqa bir lider tanımır.  ”Tagesschau” (Hamburq, Almaniya) yazır ki, “Türkiyədəki seçki yarışı göstərdi ki, iqtisadi böhrana, zəlzələ bölgəsindəki uğursuzluqlara baxmayaraq, Prezident Ərdoğanla hələ də hesablaşmaq lazımdır”.

“Neue Zuercher Zeitung” (İsveçrə): “Ərdoğan bir çox müşahidəçinin proqnozlaşdırdığından daha çox nailiyyət əldə edib. Dövlət başçısının dəstəyi 2018-ci illə müqayisədə azalıb. Lakin o, ikinci raundda aşkar favoritdir. Türkiyənin yaşadığı ağır iqtisadi böhranı nəzərə alsaq, bu, heyrətamizdir”.

“The New York Times” yazır ki, “Rusiyanın taleyi böyük ölçüdə Türkiyədəki seçkilərin nəticəsindən asılıdır. Ərdoğanın dövründə Türkiyə Rusiya üçün əvəzolunmaz ticarət tərəfdaşına, hətta bəzən diplomatik vasitəçiyə çevrilib. Ərdoğanın qələbə şansı yüksəkdir”.  

Almaniyanın “Spiegel” nəşri də Ərdoğanın ikinci turda qalib gələcəyini proqnozlaşdırır: “Demək olar ki, hər şey Ərdoğanın sözünü deyir” başlığı ilə dərc olunan məqalədə bir çox seçici və medianın Türkiyə prezidentinə sadiq olduğunu bildirir, rəqibləri isə ruhdan düşmüş kimi xarakterizə edir. 

Ermənilərin və İranın puç olan arzuları

Seçkilər Türkiyəyə nifrət edən bəzi ölkələrin, xüsusilə Ermənistanın da ümidlərini doğrultmayıb. Ermənilər ümid edirdilər ki, seçkiqabağı gərginlik özünü seçki günü və seçkidən sonra da göstərəcək. Bu narahatlığı erməni əsilli türkiyəli deputat Karo Paylan soydaşlarının dili ilə ifadə edib. O hesab edir ki, Ərdoğan ikinci turda qalib gələrsə, Ermənistanla münasibətlərin normallaşması çətinləşəcək. Elə erməni “Telegram” kanallarında, mediasında da Ərdoğana qarşı təbliğat pik həddə çatıb. Ermənistanla yanaşı İran mediasında da ara-sıra Ərdoğana qarşı fikirlər yer alıb. Kemal Kılıçdaroğlu İran üçün daha az narahatlıq yaradan namizəd kimi xarakterizə olunur.

Rusiya mayın 14-də “ölüb dirildi”

Seçkilərə Rusiya mediası da xüsusi diqqət yetirib. Rusiya mediası yazır ki, Rusiya-Türkiyə münasibətləri iki aspektdən ibarətdir - iqtisadi və siyasi. Birincisi heç bir şeyə zərər verməyəcək. Ukraynada yaşanan müharibədən xeyli əvvəl başlayan və sonra da davam edən Rusiya-Türkiyə yaxınlaşması hər iki tərəf üçün faydalıdır. Rusiyanın paralel idxala, dünya bazarına çıxışa və nümayişkaranə şəkildə təcrid olunmamasına ehtiyacı var. Türkiyə də öz növbəsində eyni paralel idxala ehtiyac duyur, çünki inflyasiya ilə bağlı böyük problemlər var. Ankara taxıl sövdələşməsindən faydalanır ki, bu da ona xəzinəni təmin etməyə imkan verir. Bundan əlavə, Türkiyə İstanbuldan uçan rusiyalı turistlərin və hava sərnişinlərinin böyük axınından imtina etməyəcək.

“Kommersant”ın köşə yazarı Marianna Belenkaya deyib ki, “Ərdoğanın qələbəsi Avropa və ABŞ-li tərəfdaşlar üçün xoşagəlməz sürpriz olacaq. Kreml Türkiyədəki seçkilərdən sonra ölkənin Rusiya ilə əməkdaşlığının dərinləşəcəyini gözləyir. Avropa və ABŞ Ərdoğana köklənmədi, lakin müəyyən şərtlər daxilində nəticələri tanımağa məcbur olacaqlar”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!