Tənəzzüldən intibaha: SSRİ dönəmində Azərbaycanın yüksəlişi ARAŞDIRMA + FOTO

SİYASƏT

02 İyun 2023 08:15

Oxunma sayi: 868
Tənəzzüldən intibaha:  SSRİ dönəmində Azərbaycanın yüksəlişi   ARAŞDIRMA + FOTO

Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutub, çiyinlərində böyük bir ölkənin yükünü daşıyıb.

Ulu öndərin xüsusilə 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaq. Qatı və millətçi Sovet idarəçiliyinin cəngində əziyyət çəkən Azərbaycan xalqını işıqlı gələcəyə çıxarmaq məhz ulu öndərin əməyi, xidməti sayəsində mümkün oldu.

Ümummilli liderin həyatı və fəaliyyəti haqqında geniş araşdırmaların və təhlil xarakterli məqalələrin müəllifi olan Milli Məclisin deputatı Aydın Mirzəzadə açıqlamasında qeyd edib ki, ümummilli liderin səyləri nəticəsində yeni bir Azərbaycan quruldu:

“Heydər Əliyev Sovet Azərbaycanında hakimiyyətə gələnə qədər uzun müddət təhlükəsizlik orqanlarında işləmişdi. 1967-69-cu illəri isə Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi.

Heydər Əliyev 34 illik fasilədən sonra Azərbaycanda təhlükəsizlik orqanlarına rəhbərlik edən ilk azərbaycanlı oldu. Onun fəaliyyəti dövründə təhlükəsizlik orqanları azərbaycanlıları cəzalandıran orqandan qoruyan orqana çevrildi. O, səlahiyyətində olan qurumlara azərbaycanlı gənclərin cəlb edilməsi, onların dəstəyi ilə Azərbaycan tarixinin və mədəniyyətinin qorunması, Azərbaycan cəmiyyətinin  güc və bacarığına, gələcəyinə inam hissinin yüksəldilməsi, gəncliyin tərbiyəsinə böyük diqqət edirdi. 1940-cı ildə Azərbaycanda təhlükəsizlik orqanlarında işləyənlərin cəmi 20 faizi azərbaycanlı idi. Heydər Əliyevin Azərbaycan gənclərini təhlükəsizlik orqanlarına cəlb etməsi nəticəsində 1970-ci ildə bu rəqəm 80 faizə qalxdı və təhlükəsizlik orqanları sözün əsl mənasında ölkə ziyalılarını, mədəniyyəti qorudu, xalqının keşiyində durdu. Ulu öndər 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində çıxışını Azərbaycan dilində etdi. Baxmayaraq ki, Sovet SSRİ-də və Azərbaycanda dövlət dili rus dili hesab olunurdu. Amma Heydər Əliyev böyük siyasi cəsarətlə Azərbaycanlı tələbələrə doğma dildə müraciət edib və bununla da Azərbaycana bağlı olduğunu qabarıq şəkildə göstərib.

1969-cu ildə Sovet Azərbaycanına rəhbər seçilənə qədər Azərbaycan bütün göstəricilər üzrə SSRİ dövlətləri arasında geri sıralarda qərarlaşmışdı. Respublikada təhsil, səhiyyə, mədəniyyət sahəsində göstəricilərdən danışmağa da dəyməzdi. Azərbaycan mədəniyyət və incəsənətinin, ədəbiyyatının nəinki dünya, hətta SSRİ səviyyəsində tanıdılması diqqətdən kənarda qalmışdı. 13 il ərzində Heydər Əliyev çox ciddi işlərə imza atdı, tamamilə yeni bir Azərbaycan yarada bildi. İqtisadiyyatın canlanmasına, Azərbaycanın kənd təsərrüfatı bölgəsindən sənaye dövlətinə çevrilməsinə diqqət etdi. 13 il ərzində Azərbaycanda 250 yeni müəssisə tikildi, yüzlərlə yeni iş yeri yaradıldı. Azərbaycan əhalisinin sayı 1975-ci ildə 5 milyona çatdı, məşğulluq yüksək səviyyədə təmin edildi”.

Deputatın fikrincə, ulu öndər hakimiyyətə gələndə önəm verdiyi sahələrdən biri də təhsil idi. Azərbaycanda məktəb tikintisi 1969-cu ilə qədər çox geridə qalmışdı. Ancaq Heydər Əliyevin hakimiyyətdə olduğu 13 il ərzində Azərbaycanda minə qədər orta məktəb tikildi. Bu o deməkdir ki, il ərzində 80-120 orta məktəb tikilirdi və bu, bütün regionları əhatə edirdi. 13 il ərzində Azərbaycanda altı yeni universitet açıldı. Bu isə həm yeni ziyalı mərkəzlərinin yaranması, iş yerlərinin artması, həm də əhalinin təhsil səviyyəsinin yüksəlməsi deməkdir. Təsadüfi deyil ki, həmin dövrdə Azərbaycan hər 100 min nəfərə düşən tələbə sayına görə artıq ilk beşliyə çatan respublikalardan biri olub. Heydər Əliyev gənclərimizin xaricdə təhsil almasına dəstək göstərirdi, önəm verirdi. 1969-cu ilə qədər Azərbaycandan SSRİ-nin aparıcı universitetlərinə cəmi 13 nəfər tələbə göndərilmişdi. Ulu öndərin səyi nəticəsində ildən ilə bu rəqəm artdı. 1980-ci ildə artıq bir ildə 2000 nəfər tələbə SSRİ-nin aparıcı universitetlərinə oxumağa göndərilmişdi.

Heydər Əliyev azərbaycanlı gənclərin zabit hazırlığı məsələsinə böyük diqqət yetirirdi. Onun rəhbər orqanlara çoxsaylı müraciətləri və inandırması nəticəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açıldı və minlərlə Azərbaycan gənci orada rus dilini öyrənərək, sonradan imtahansız SSRİ-nin ali hərbi məktəblərinə daxil olaraq, zabit kimi yetişdilər. Ulu öndərin yetişdirdiyi zabitlər müstəqil Azərbaycanın Milli Ordusunun əsas aparıcı dəstəsinə çevrildilər.

Heydər Əliyev Azərbaycan mədəniyyət və incəsənətinin SSRİ və dünya səviyyəsində tanınmasına çox böyük diqqət edirdi. Ədəbiyyatın inkişafı üçün ilk növbədə yeni şeirlərin yazılmasına, ədəbi əsərlərin təbliğatına, şairlərin və yazıçıların dəstəklənməsinə şərait yaradıldı. Ulu öndərin dövründə altı nəfər yazıçı və şair, SSRİ-nin ən böyük fəxri adı olan Sosialist Əməyi Qəhrəmanı adını almışdı. Bir çox müğənnilərimiz SSRİ səviyyəsində tanınırdı. Polad Bülbüloğlu, Müslüm Maqomayev, Lütfiyar İmanov, Zeynəb Xanlarova, Firəngiz Əhmədova kimi sənətkarlar Azərbaycan mədəniyyətinin tanınmış simaları kimi SSRİ və dünya məkanında incəsənətimizi tanıdırdılar. Azərbaycan rəssamlarını artıq SSRİ tanınmağa başladı. Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadə və digərləri Azərbaycan mədəniyyətimizi zənginləşdirən istedadlı insanlar sırasında yer aldılar.

Heydər Əliyev o dövrdə Azərbaycanda mənzil tikintisinə böyük diqqət yetirdi. 13 il ərzində Azərbaycanın mənzil fondu iki dəfə artdı. Bu o deməkdir ki, 13 il ərzində artıq mənzili olan ailələrin sayı 2-3 dəfə artmış oldu və eyni zamanda o, Azərbaycandan kənarda yaşayan azərbaycanlıların da problemlərini ciddi diqqətdə saxlayıb.

“Heydər Əliyevin təşkilatçılığı, müasir düşüncəsi, cəmiyyətlə işləmək bacarığı SSRİ-nin də, SSRİ rəhbərinin də diqqətini cəlb edirdi. Heç də təsadüfi deyil ki, o, 1976-cı ildə Partiya Mərkəzi Komitəsinin, 1982-ci ildə isə Siyasi Büronun üzvü və baş nazirin birinci müavini oldu. Heydər Əliyev SSRİ tarixində belə yüksək səviyyəyə çatan ikinci azərbaycanlı və yaxud da üçüncü türkdilli xalqın nümayəndəsi oldu və bunun özü göstərir ki, Heydər Əliyev bacarığına, Heydər Əliyev rəhbərliyinə cəmiyyətlə işləmək qabiliyyətinə SSRİ rəhbərliyinin necə də böyük ehtiyacı var.

Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərliyinin ən böyük nailiyyəti isə Azərbaycan xalqının inamını özünə qaytarması, onu möhkəmləndirməsi oldu. Hər kəsi Azərbaycan üçün, Azərbaycanın bu günü, sabahı üçün məsul edə bildi. Heydər Əliyevin idarəçilik üsulu, Heydər Əliyev dühası bu gün nəinki Azərbaycanda, dünyanın müxtəlif bölgələrində böyük diqqətlə öyrənilir və nümunə kimi göstərilir. Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi sonradan müstəqilliyimizin üçün bir əsas rolunu oynadı və 1987-ci ildə onun böyük siyasətdən uzaqlaşdırılması əslində sonradan müstəqillik qazanacaq Azərbaycanı ciddi nəzarət altında saxlamaq, onu kimlərinsə təsirinə salmaq məqsədi güdürdü. Ancaq Azərbaycan xalqı Heydər Əliyevin böyük uğurlarını və xidmətini heç vaxt unutmadı. 1988-93-cü illərdə hər bir azərbaycanlı Heydər Əliyevin yenidən böyük siyasətə qayıdışını arzulayırdı və bunun üçün çalışırdı. Nəticədə 1993-cü ilin 15 iyunu Azərbaycan üçün Milli Qurtuluş Günü və yeni tariximizin başlanğıcı oldu”, - deyə, Aydın Mirzəzadə vurğulayıb.

Bütün bunlardan əlavə, onu da qeyd etmək yerinə düşər ki, Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.

Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev “ədaləti ədalətsizliklə bərpa etmək olmaz” - deyərək, dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi.

Ədliyyə Nazirliyinin də yenidən yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə təsis edilmiş Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərməyə başladı, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı.

1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi ümummilli lider Heydər Əliyevin xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Heydər Əliyev gələ bilmişdi. “Qoy ədalət zəfər çalsın!” - o zaman Heydər Əliyevin söylədiyi və bütün işlərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrildi.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Azərbaycan xalqı ulu öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!