“Ümummilli lider 20 Yanvar faciəsində dünyaya günahkarların adlarını bəyan etdi” ŞƏRH + FOTO

SİYASƏT

10 May 2023 15:52

Oxunma sayi: 747
“Ümummilli lider 20 Yanvar faciəsində dünyaya günahkarların adlarını bəyan etdi”   ŞƏRH + FOTO

“Ulu öndərin xarici siyasətini nəzərə alaraq onu dünya siyasətçilərinin içərisində azərbaycanlı dahi adlandırırıq. O, həm sovet, həm də müstəqillik illərində Azərbaycan dövlətinin tanınmasına, inkişafına, çiçəklənməsinə xidmət edib. Azərbaycan xalqı, dövlətçiliyi üçün böyük işlər görüb”.

Bu sözləri tarix üzrə elmlər doktoru Qasım Hacıyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlməsi Azərbaycan dövlətçiliyini dağılmaqdan xilas edib:

“Azərbaycan dövlətinin bütün dayaqlarını qurdu. İnkişaf yoluna çıxardı. O, SSRİ-nin tərkibində olan dövrdə Qarabağla bağlı olan məsələlərə də toxunub. Elmin, iqtisadiyyatın inkişafına önəm verib. Bütün sahələrə göstərdiyi diqqət Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsi üçün çox böyük bünövrə qoydu. Onu inkişaf yoluna yönəltdi”.

Tarixçi qeyd edib ki, ulu öndərin həm müasir, həm də sonrakı dövrlərdə qoyduğu izlər var:

“Elə sahə yoxdur ki, Heydər Əliyevin orada fikirləri olmasın. O, hər zaman xalqın xeyrinə olan taleyüklü məsələləri həll edib. Ona ulu öndər adı da məhz buna görə verilib. Heydər Əliyev 20 Yanvar faciəsində dünyaya günahkarların adını bəyan etdi. Ümummilli lider adı da bu səbəbdən verilib”.

Q.Hacıyev əlavə edib ki, ümummilli lider Azərbaycanı hər tərəfdən bürümüş irticanın qarşısını alıb:

“Onun dövründə nizam-intizam yarandı. Neft müqavilələri imzalandı. Ordu quruculuğu üçün akademiyalar açıldı. Hər sahədə yeniliklər tətbiq olundu. Heydər Əliyevin Qarabağ məsələsinin həlli üçün beynəlxalq səviyyəyə çıxarılması yolunda gördüyü işlər çox əhəmiyyətlidir.

Yeni müstəqil Azərbaycanın tanıdılması üçün xidmət göstərdi. O cümlədən daxili quruculuq, inkişaf yolunu tutaraq Azərbaycanın iqtisadi baxımdan inkişafına çox böyük şərait yaratdı. Yeni yaranan iqtisadi sistem Azərbaycan dövlətçiliyinin hərtərəfli inkişaf etməsinə kömək etdi”.

Qasım Hacıyev Prezident İlham Əliyevin atasının vəsiyyətini həyata keçirdiyini də söyləyib:

“Ulu öndərin Azərbaycan xalqına böyük töhfələrindən biri də Prezident İlham Əliyevin rəhbərliyə gətirilməsi idi. Beynəlxalq münasibətlər üzrə təhsil almış, dünya siyasətini bilən və ulu öndərin yaradıcılıq məktəbində yetişmiş İlham Əliyev Azərbaycanın həm xarici, həm də daxili siyasətini uğurla davam etdirdi.

Heydər Əliyevin Azərbaycanın ağrılı problemi olan Qarabağın həll edilməsində atdığı addımlar önə çıxdı. Prezident İlham Əliyevin apardığı fəaliyyət uğurlu tarixə düşdü. Ulu öndərin başlatdığı yolu İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə başa çatdırdı. Atasının vəsiyyətini yerinə yetirdi”.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini keçirmək üçün Prezident İlham Əliyev sərəncam imzalayıb. Ona görə də Azərbaycanın hər yerində ulu öndərin 100 illik yubileyi münasibətilə tədbirlər həyata keçirilir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib. Dekabrın 15-də I Fəxri Xiyabanda dəfn olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!