Yaxın Şərq və Cənubi Qafqaz: İran azərbaycanlı generalın ABŞ səfərini diqqətlə izləyir, ehtiyat edir TƏHLİL

SİYASƏT

16 Aprel 2023 09:00

Oxunma sayi: 894
Yaxın Şərq və Cənubi Qafqaz: İran azərbaycanlı generalın ABŞ səfərini diqqətlə izləyir, ehtiyat edir   TƏHLİL

İsraillə İran arasındakı düşmən münasibətlər Suriya cəbhəsində partlayışları artırır və ümumilikdə regiona təhlükəli qəlpələr sıçrayır.

İsrail tərəfdən kəşfiyyat sahəsində ard-arda zərbələr altında qaldıqdan sonra İran iki cəbhəni aktivləşdirib: İran Livan və Suriyadan İsrailə raketlər tolazlayır.

İran SEPAH-ın Qüds Qüvvələri vasitəsilə HƏMAS və “Hizbullah”ı İsrailə qarşı ayaqlandırmaqla yeni hücum dalğası yaratmağı hədəfləyir.

İran iki istiqamətdən – Suriya və Livandan – İsraili hava bombardmanına məruz qoymağı planlaşdırmaqla Təl-Əvivin regional əlaqələri yaxşılaşdırmaq səylərinin qarşısını almağı hədəfləyir.

Zənnimizcə, İsrail İranın nüvə obyektlərinə zərbələr endirməklə qisas alacaq, lakin bu çək-çevirlər Yaxın Şərqdən Cənubi Qafqaza uzanan coğrafiyadakı təhlükəsizlik zolağını uçurumun kandarına gətirir.

İranın nüvə silahı əldə etməyə yaxınlaşması ilə Cənubi Qafqaz həm də Tehranla Təl-Əvivin bir-birlərinə qarşı müqavimət oxu kimi dəyər qazanır.

İndi həm İsrail, həm də İran Cənubi Qafqazdakı strateji maraqlarından ötrü regionda yaranan gərginliyi idarə etməyə çalışırlar.

Azərbaycan İsraillə İran arasında seçim edib, lakin o demək deyil ki, Tehranla münasibətlərin ruhuna xələl gətirməkdə maraqlıdır.

Bakının Tehranla əlaqələrinin dinamikasındakı artan gərginlik, siyasi-diplomatik çəkişmələr, İran tərəfindən səslənən hərbi təhdidlər Azərbaycanı alternativ axtarışlara vadar edir.

Bu mənada Azərbaycanın İsraillə və onun müttəfiqi ABŞ ilə əlaqələr zənciri yaratması başadüşüləndir.

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovun ABŞ-yə səfəri çərçivəsində mühüm görüşlər keçirməsini İran diqqətlə izləyir.

Beləliklə, Yaxın Şərqdə artan gərginlik beynəlxalq və regional aktorlar arasındakı təhlükəli mərhələnin proseslərini Cənubi Qafqaza da sirayət etdirir. Suriyada son zamanlar İranın hücumlarına məruz qalan tərəflərdən biri də ABŞ-dir, mümkündür ki, indi Vaşinqtonla Təl-Əviv həm Yaxın Şərq, həm də Cənubi Qafqaz oxundakı qırmızı xətlərin sərhədlərini qiymətləndirirlər.

 

Hərbi Hava Qüvvələrinin komandanının ABŞ-yə səfəri qırmızı xətlərdə Azərbaycanın hərbi aspektlər istiqamətdəki yerini müəyyən etmək üçün vacib sayıla bilər.

Azərbaycan odun arasında qalmaqdan yayınmağı bacarır və bu xəttindən sapmamaq üçün səylərini gücləndirir.

Ancaq bunun mənası elə yozulmamalıdır ki, Azərbaycan İranın təhdidləri fonunda özünün müdafiə potensialını və xarici tərəfdaşları ilə hərbi-siyasi əməkdaşlıq sferasını dərinləşdirmir.

Regiondakı turbulentlikdə İran təklənən tərəfdir, bu mənada rəsmi Tehranın özündə də Bakı ilə isti münasibətlərin tərəfdarları mövcuddur.

Azərbaycanla İran arasındakı diplomatik kanalların açıq tutulması yuxarıdakı fikri gücləndirir. Bu arada, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında son bir həftə ərzində üç dəfə telefon danışığının olması bir neçə mətləbdən xəbər verir.

İrana qarşı beynəlxalq planların bəzi hərbi aspektləri Azərbaycanı narahat edir, lakin ən çox narahatlıq keçirən İrandır.

İstisna deyil ki, İran bunun səbəblərini Ramiz Tahirovun ABŞ-yə səfərində də axtarır və Azərbaycana qarşı hərbi təhdid ritorikasını müvəqqəti də olsa, qapatmaq istəyir.

Bayramov-Abdullahian danışıqlarında qarşılıqlı səfərlərin müzakirə olunması yaxşı haldır, lakin İranın daxilindəki radikal qüvvələr bu addımları əngəlləməyə çalışacaq.

YEKUN:

Yaxın həftələrdə İrandan nümayəndə heyəti, o cümlədən XİN rəhbəri Abdullahian Azərbaycana səfər edə bilər.

Paralel olaraq okeanın o tayından – ABŞ-dən və İsraildən nümayəndə heyətlərinin də Bakıya gələcəyini proqnozlaşdırmaq olar.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!