100 milyon dollara satılan Qarabağ həqiqəti

SİYASƏT

25 Mart 2021 19:00

Oxunma sayi: 1046
100 milyon dollara satılan Qarabağ həqiqəti

Məhkəmə sistemi Roma hüququna əsaslanan Avropa və Asiyadan fərqli olaraq, presedent hüququndan faydalanan ABŞ məhkəmələrinin qərarları faktiki olaraq, üç hissədən ibarətdir: "pursuit of justice" ("ədalətə can atmaq"), "intention to respect" ("riayət etməyə can atmaq") və "fairness at will" ("seçimli ədalət").

ABŞ Ali Məhkəməsinin qeyri-rəsmi sloqanında "The pursuit of justice is fundamental" ("Ədalətə can atmaq əsas məsələdir") ifadəsi yer alsa da, əfsuslar olsun ki, Birləşmiş Ştatlar federal dövlət kimi yaranandan bəri, minlərlə, on minlərlə məhkəmə prosesində ədalətin izi də olmur.

Beynəlxalq təşkilatların məramlarına, sənədlərinə və nizamnamələrinə, habelə fəaliyyətləri bağlı hesabatlarına nəzər saldıqda belə rəy formalaşa bilər ki, həmin qurumlar bəşəriyyətin inkişafı, yoxsulluq və seqreqasiya, işsizlik və irqçilik, korrupsiya və fanatizmə, zorakılığa və qəddarlığa, haqların pozulmasına və hüquqların tapdanmasına qarşı qətiyyətlə, usanmadan mübarizə aparılar.

Sadəlövh orta statistik insan düşünə bilər ki, bu qurumlar ədalətin keşiyindədir və məramları da insanı, onun hüquqlarını, həyatını və gələcəyini qorumaqdır.

Belə deyil, çünki beynəlxalq təşkilatların tam əksəriyyətinin fəaliyyət prinsipi bəhs etdtiymiz "fairness at will"ə, yəni seçimli ədalətə əsaslanır.

"Human Rights Watch" istisna deyil.

1978-ci ildə "insan hüquqlarının keşikçisi" şüarı ilə yaradılan təşkilat əvvəllər özünü qeyri-hökumət qurumu, ictimai struktur və könüllülərin beynəlxalq konsorsiumu kimi qələmə verirdi. Hər halda 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə imazalnımş insan haqlarının müdafiəsi anlaşmasının şərtlərinin qorunmasına nəzarət edəcəklərini bəyan edən Robert Bernşteyn və Arye Nayer belə deyirdilər.

Onların sözlərinə görə, əsas məqsədləri Sovetlər Birliyinin Helsinki anlaşmasına riayətinin monitorinqini aparmaqdı.

İllər keçdi, ilkin məqsədlər və planlar transformasiya oldu, HRW insan haqlarını və azadlıqlarını pozmaqda suçladığı ölkələrin hakimiyyətlərinə birbaşa publik təzyiqlər göstərən kamarilyaya çevrildi.

Kütləvi informasiya vasitələri, siyasətçilərlə birbaşa təmaslar üzdə olan, cəmiyyətə təqdim edilən fəaliyyət modeli idisə, kütlədən gizli saxlanılan məqamlar daha çoxdu.

Məsələn, hazırda dünyanın 71 ölkəsində 513 əməkdaşı olan HRW kommersiya təşkilatıdır. Belə ki, beynəlxalq qurumun xalis gəlirləri 5 il əvvəl, 2016-cı ildə 61,2 milyon dollar idisə, indi artaraq 98,5 milyon dollara çatıb.

İnsan haqlarının müdafiəçisi ilə məşğul olduğunu bəyan edən rəqibi "Amneyts İnternational"dan fərqli olaraq, HRW sıralarına mümkün qədər çox üzv qəbul edərək "edvokasi" prinsipi ilə çalışmır, diqqəti böhran tədqiqatlarına və genişmiqyaslı hesabatlara yönəltdiyini vurğulayır.

HRW bəyan edir ki, heç bir dövlətdən birbaşa və ya dolayı yolla maliyyə yardımları almır, yalnız özəl təşkilatlardan, fondlardan və fiziki şəxslərdən ianələr qəbul edir.

Belədirmi?

Yenə də əfsuslar olsun ki, yox.

Britaniyanın nüfuzlu The Times qəzeti hələ 2010-cu ildə təhqiqat aparmış və aydınlaşdırmışdı ki, HRW ona iri məbləğdə "ianə"lər verən donorlarının sifarişlərini yerinə yetirir. Qəzet sübut etmişdi ki, təşkilat İsrailə qarşı qərəzli mövqe tutaraq sifarişli hesabatlar hazırlayıb: faktlar "Nazi Scandal engulfs Human Rights Watch" araşdırmasında yer almışdı.

HRW eyni zamanda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Gizli Əməliyyatlar Xidməti ilə sıx bağlıdır və bu strukturun sifarişlərini yerinə yetirməkdə dəfələrlə suçlanıb.

"The Human Rights Watch" Azərbaycanla bağlı da obyektivlikdən uzaq, qərəzli mövqeyi və sifarişli hesabatları ilə seçilir.

Qurumun son bəyanatında ölkəmiz "erməni hərbi əsirlərə qarşı genişmiqyaslı hərbi cinayətlər"də suçlanır. Təşkilat hesab edir ki, Azərbaycanda sən demə, erməni hərbi əsirlərə sürəkli, aramsız zorakılıq və şəxsiyyəti alçaldan davranış tətbiq olunur, onlar işgəncələrə məruz qalırlar.

"Eyni zamanda, erməni dinc sakinlərin də yoxa çıxmaları, jirov götürülmələri ilə bağlı faktlar var. Qarabağ müharibəsi başa çatandan bəri Azərbaycan beynəlxalq humanitar hüququ pozmaqda, erməni hərbi əsirlərlə qəddarcasına davranmaqda, onlara işgəncələr verməkdədir", - təşkilatın hesabatında deyilir.

Hesabatdakı "hərbi əsirlər", "dinc əhali", "sistematik işgəncələr", "zorakı davranış" və s. ifadələri sanki mnemonik problemləri olan şəxsin diletantcasına hazırladığı məktub təsiri bağışlayır.

HRW əsaslandığı və apellyasiya etdiyi beynəlxalq hüquqa görə, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq rəftar edilib. Onlar işgəncə, alçaldıcı və pis rəftara məruz qalmayıblar, olanlara lazımi tibbi yardım göstərilib və hər biri saxlanıldıqları müddətdə tibbi müayinədən keçirilib. Müayinə zamanı xəsarət izləri aşkar olunmayıb - təbii ki, döyüş əməliyyatlarında alınan zədələr istisna olmaqla.

Hazırda Azərbaycanda erməni hərbi əsirlər yoxdur, onarın hamısı Ermənistana qaytarılıb. Həmin proses noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda razılaşdırılıb, reallaşdırılıb.

Azərbaycan XİN-i də bəyan edir ki, 2020-ci ilin oktyabr ayından etibarən erməni hərbi əsir və mülki şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən müntəzəm baş çəkilib və ailə üzvləri ilə telefon və video danışıqlarına icazə verilib.

Azərbaycan Ombudsman Aparatının nümayəndələri hərbi əsirlərin və mülki şəxslərin saxlandıqları yerləri ziyarət edərək onların şəraiti ilə tanış olublar.

Və ən nəhayət, Azərbaycanda sui-istifadə halları ilə əlaqəli olduğu iddia edilən şəxslərə qarşı cinayət işləri açılıb. Xatırladaq ki, dəfələrlə edilən müraciətlərə və çoxsaylı iddialara baxmayaraq, Ermənistan azərbaycanlı əsirlərə və həbsdə saxlanılan mülki şəxslərə qarşı alçaldıcı rəftar halları ilə bağlı hər hansı bir araşdırmaya başlamayıb.

Bu, aşkar, ibtidai səviyyədə anlaşılması gərəkən faktlardır.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanın tərkib hissəsi olan Qarabağa yolladığı hərbçilər arasında yaxalanan şəxslər heç bir halda hərbi əsir hesab edilmirlər. Onlara verilən tapşırıq Azərbaycan ərazisində təxribatlar törətmək, terrora ktlarını həyata keçirmək olub.

Bunu həmin şəxslər ilkin ifadələrində də təsdiqləyərək etiraf ediblər.

Yəni Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinə vətəndaşlarımızı qətlə yetirmək, teraktlar törətmək tapşırığı ilə göndərilən Ermənistan vətəndaşları heç bir halda "Müharibə dövründə mülki əhalinin müdafiəsi haqqında" Cenevrə konvensiyasına və beynəlxalq hüquqa əsasən hərbi əsir sayıla bilməzlər.

Həmin ermənilərlə beynəlxalq insan hüquqları hüququ və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə davranılır.

Azərbaycanda məhkəmə proseslərini gözləyən erməni diversantlar və terrorçuları "hərbi əsir" kimi qələmə verən HRW iqdiyədək heç bir hesabatında (!) Ermənistanda saxlanan azərbaycanlı hərbi əsirlərə və girovlar, habelə itkin düşmüş minlərlə azərbaycanlıdan bəhs etməyib.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsi nəticəsində 3890 azərbaycanlı itkin düşüb və onların taleyi hələ də məlum deyil. İtkin düşənlərin 3171-i hərbçi, 719 mülki şəxsdir (o cümlədən 71 uşaq, 267 qadın, 326 yaşlı). 1480 keçmiş Azərbaycan əsirinin şahid ifadələrinə görə, 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə Azərbaycan əsirləri işgəncə görüb, onlara qarşı pis rəftar edilib və onlar alçaldıcı şəraitdə saxlanılıb. Azərbaycan əsirləri və saxlanılan şəxslərə qarşı alçaldıcı rəftar və işgəncə etdiyi sübuta yetirilən 35 nəfər barəsində cinayət işi açılıb. Məsuliyyət daşıyan şəxslərin adları İnterpola təqdim edilib.

Son hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsirlərinə qarşı pis rəftarı göstərən və sosial mediada geniş yayılmış video materiallar da daxil olmaqla çoxsaylı dəlillər var.

Əvvəllər Ermənistanda saxlanılan və daha sonra Azərbaycana qaytarılan bütün əsir və mülki şəxslər məhkəmə tibbi ekspertizasından keçirilib və saxlanma şəraitləri barədə sorğu ediliblər. Mütəxəssis rəyləri, şəxsi ifadələr və digər materiallar məhbusların böyük əksəriyyətinin fiziki işgəncə və qeyri-insani rəftara məruz qaldıqlarını təsdiqləyib.

Erməni hərbi əsirlərlə davranış qaydalarının pozulması ilə bağlı ən kiçik faktı ciddi araşdıran Azərbaycandan fərqli olaraq, Ermənistan belə addımlar atmayıb və araşdırmalar aparmaq niyyətində də deyil.

2010-cu ildə amerikalı milyarder, dünyanın ən müxtəlif ölkələrində "rəngli inqilab"lar vasitəsilə hakimiyyət və dövlət çevrilişlərini gerçəkləşdirən, "açıq cəmiyyət" adı ilə qlobal isteblişment yaradaraq inkişaf etməkdə olan dövlətləri kollektiv Qərbin hazırladığı ssenarilər və verdiyi göstərişlər əsasında yaşamağa vadar etməyi xəyal edən Corc Sorosun HRW-a 100 milyon dollar "bağışlaması" faktını da unutmamışıq.

Həmin "bağışlama"dan dərhal sonra HRW rəhbərliyi bu astronomik məbləği leqallaşdırmaq üçün tam eyni məbləğdə pulu müxtəlif şəxslərdən və qeyri-hökumət təşkilatlarından qəbul etməli olduğunu etiraf etmişdi.

Etiraf pis deyil, amma ötən ilin sentyabrın 27-də Ermənistanın Azərbaycan Ordusunun mövqelərini və kəndlərimizi artilleriya-raket atəşinə tutması ilə başlanmış 2-ci Qarabağ Müharibəsində ermənilərin cinayətlərini HRW görmək istəmir.

HRW hələ də heç bir hesabatında etiraf etməyib ki, Tərtərin, Gəncənin, Bərdənin, Ağdamın, Naftalanın ballistik raketlərlə və artilleriya sistemləri ilə vurulmasından, gecə saatlarında Gəncə və Mingəçevir şəhərlərinə ballistik, habelə opertiv-taktiki raket qurğularından atəşlər açılmasını qulaqardına vurub.

Ermənilərin müharibə cinayətləri nəticəsində həlak olan və yaralanan Azərbaycan vətəndaşları HRW üçün sən demə, illüzorluqdur, yoxdur.

Olan HRW-nin özünün də üstüörtülü şəkildə bəyan etdiyi "iri ianəçilərin və dost filantropların" maraqlarıdır.

Əslində, təəccüblü heç nə yoxdur. 2013-cü ildə HRW-nin rəhbəri Kennet Rot "mülki əhalinin hüquqlarını müdafiə etmək üçün" Suriyanı total bombardmanlara məruz qoymağa çağırmışdı. Həmin bombardmanlarda on minlərlə suriyalının həlak olacağı isə Rott üçün ən yaxşı halda statistika imiş.

Belədə Qarabağ həqiqətlərinin, gerçəyin 100 milyon dollara satılması, HRW-in ermənilərin və illərdən bəri Azərbaycana düşmən mövqe tutan Corc Sorosun sifarişlərini yerinə yetirməsi də bəhsolunan davranış, şüur və anlam modeli çərçivəsindədir.

... ABŞ-dakı erməni diasporunun ən böyük iki təşkilatından biri olan Amerika Erməni Assambleyasının icraçı direktoru Brayan Arduni deyib: "Azərbaycana təzyiq göstərmək və məqsədlərimizə çatmaq üçün Human Rights Watch bizimçün əlverişli, doğma və rahat vasitədir".//milli.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!