“50 siyasi partiya birgə bəyanatla Orduya, Ali Baş Komandana dəstək mövqeyini ortaya qoydu“

SİYASƏT

03 Oktyabr 2020 19:12

Oxunma sayi: 916
“50 siyasi partiya birgə bəyanatla Orduya, Ali Baş Komandana dəstək mövqeyini ortaya qoydu“

Bu gün (oktyabrın 3-də) Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü və sədrliyi ilə siyasi partiya rəhbərləri ilə “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” mövzusunda videokonfrans formatında görüş keçirildi. Söhbət sentyabrın 27-də səhər saatlarından etibarən işğalçı Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlamasının və nəticədə mülki əhalini, infrastruktur obyektlərini hədəf alaraq artilleriya atəşinə məruz qoymasının pislənildiyi, Ali Baş Komandanımıza və Ordumuza dəstəyin verildiyi birgə bəyanatı imzalayan 50 siyasi partiyadan gedir. Milli Həmrəylik Partiyasının (MHP) sədri olaraq mən də bu görüşdə iştirak etdim. Görüşə qatılan bütün həmkarlarımız öz çıxışlarında bu toplantının hazırki məqamda olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar və görüşün təşkilatçısı kimi Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə öz təşəkkürlərini bildirdilər. Sözügedən şöbənin fəaliyyəti həqiqətən də çox səmərəli və təqdirəlayiqdir. Hörmətli Ədalət Vəliyev partiyaların fəaliyyətinin canlandırılması və onların ölkə əhəmiyyətli proseslərdə fəal rol almaları üçün böyük səy göstərir. Bugünkü toplantı da məhz bu baxımdan çox əhəmiyyətlidir.
 

Azmedia.az xəbər verir ki, bu barədə Buta.ws-ə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.

 

"Ölkədə istər siyasi dialoqun, istərsə də milli həmrəyliyin mövcudluğu ölkədə siyasi sabitliyin qorunub saxlanmasında, iqtidar-müxalifət münasibətlərinin sivil məcraya yönəlməsində, eləcə də ümummilli problemimiz olan Qarabağın işğaldan azad edilməsi üçün milli birliyə, ictimai-siyasi konsensusa nail olunmasında mühüm rol oynayır. Məhz Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasının nəticəsi olaraq ölkədə yuridik baxımdan mövcud olan bir çox siyasi partiyalar bu ilin əvvəlindən artıq de-fakto olaraq da fəallaşdılar və cəmiyyət həyatında yaxından iştirak etməyə start verdilər. Partiyalar ölkədə cərəyan edən proseslərdə iqtidarla birgə məsuliyyəti bölüşməyə başladılar. Bu olduqca mühüm məqamdır. Məhz cəmiyyət qarşısında, xalq qarşısında, tarix qarşısında məsuliyyətlərini dərk etdiklərinə görə 50 siyasi partiya birgə bəyanatla Orduya, Ali Baş Komandana dəstək mövqeyini ortaya qoydu və hazırda da siyasi partiyaların bu istiqamətdəki birliyi hesab edirəm ki, qənaətbəxşdir. Bu günkü toplantı da siyasi partiyaların ideoloji fərqlərindən asılı olmayaraq Qarabağ məsələsində vahid mövqedən çıxış etmələrini ortaya qoydu.


Siyasi partiyalar da cəmiyyətin bir parçasıdır və cəmiyyətin formalaşdırdığı institutlardır. Və bu gün cəmiyyət nəyə köklənibsə, social sifariş, social tələb nədirsə, siyasi partiyalar da o tələbə adekvat hərəkət etməlidir, cəmiyyətin istəyinə uyğun fəaliyyət göstərməlidir. Əgər cəbhədə baş verən son olaylar bütün cəmiyyəti birləşdiribsə, siyasi partiyalar da bu prosesdən kənarda qala bilməzdi. Bu gün siyasi partiyaların vahid mövqedən çıxış etməsi, Ermənistanın işğalçı siyasətinə qarşı mübarizə aparan Ordumuzu və Ali Baş Komandanımızı dəstəkləməsi bütün dünyaya, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinə və ölkəmizə təzyiq göstərməyə çalışan bütün digər tərəflərə də xüsusi bir mesajdır ki, müxalif və ya iqtidaryönümlü olmasından asılı olmayaraq ölkənin bütün əsas aparıcı siyasi partiyaları Azərbaycan xalqı ilə, Ordu ilə və dövlət başçısı ilə birdir. Qoy hər kəs, o cümlədən Ermənistan hakimiyyəti
və Emmanuel Makron kimi ermənipərəst liderlər də bilsinlər ki, düşmənin hücumlarının, təxribatlarının qarşısı sonuncu erməni əsgəri torpaqlarımızı tərk edənə qədər Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.


Bugünkü toplantıda iştirak edən siyasi partiyalar cəbhədə baş verən prosesləri də, beynəlxalq təşkilatların, həmsədrlərin və ayrı-ayrı dövlət başçılarının proseslərə münasibətini və mövqeyini də diqqətlə izləyir və nəticə çıxarırlar. Çox təəssüf ki, illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail ola bilməyən və “kabab diplomatiyası” və ya “diplomatiya turizmi” ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri və digər nüfuzlu təşkilatlar, o cümlədən BMT-Baş katibi və ayrı-ayrı prezidentlər hazırda Azərbaycanı danışıqlara, atəşkəsə dəvət edən bəyanatlar verir və işğalçı ölkə ilə işğala məruz qalan ölkəni eyniləşdirirlər. Lakin biz bununla razılaşmır və bu cür “ikili standartlar” siyasətini birmənalı şəkildə rədd edirik. Bütün siyasi partiyalar beynəlxalq təşkilatların hazırki mövqeyini məhz bu cür dəyərləndirir. Xüsusən də Fransa prezidenti Emmanuel Makronun bütün diplomatik və siyasi əndazələri aşan, eləcə də beynəlxalq hüquqa zidd olan mövqeyi və açıqlamaları heç cürə qəbul olunan deyil. Hesab edirik ki, Makron təcili surətdə bu cür qızışdırıcı və ədalətsiz mövqeyinə son qoymalı və təxribatçı açıqlamalar verməkdən əl çəkməlidir. Bugünkü toplantıya qatılan siyasi partiyaların hər biri Fransa prezidentinin bu ermənipərəst mövqeyini və həmsədr ölkənin statusuna zidd olan açıqlamalarını pislədi. Biz də Milli Həmrəylik Partiyası olaraq Fransa prezidentinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin missiyasına uyğun gəlməyən hazırki mövqeyinə etirazımızı bütün açıqlamalarımızda və çıxışlarımızda bildirmişik və bununla bağlı ayrıca etiraz məktubumuzu da sözügedən ölkənin Bakıdakı səfirliyinə təqdim edəcəyik.


Bu gün baş tutan toplantıda çıxış edən bütün natiqlər Ali Baş Komandanımızın fikirlərinə dəstək olaraq qeyd etdilər ki, bizim işimiz haqq işidir, çünki biz başqa bir ölkənin torpaqlarını işğal etməmişik. Əksinə, bizim torpaqlar işğala məruz qalıb və bugünləri şanlı Ordumuz məhz Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad etmək üçün əks-hücum əməliyyatları aparır. Ali Baş Komandanımız işğalçıların ərazilərimizdən təmizlənməsi ilə bağlı öz tarixi qərarını verib və biz hamımız onun qətiyyətli mövqeyini dəstəkləyirik. Bizi bu yoldan heç kim və heç nə çəkindirə bilməz. Çünki Azərbaycan xalqının səbri artıq tükənib. Biz 30 ilə yaxın gözlədik, problemin sülh yoluyla həlli üçün işğalçı ölkəyə və həmsədrlərə 30 illik bir zaman fürsəti verdik. Lakin Azərbaycan xalqının, Azərbaycan rəhbərliyinin, Ali Baş Komandanımız İlham Əliyevin sülhsevərliyini görməzdən gəldilər, dəyərləndirmədilər. Bundan sonra artıq düşmənə
güzəştə getmək fikrimiz yoxdur. Ali Baş Komandanımız da həm işğalçı ölkənin rəhbərinə, həm də bütün beynəlxalq təşkilatlara tamamilə haqlı olaraq belə bir açıq mesaj verdi ki, Azərbaycan yalnız o halda danışıqlara gedəcək ki, Ermənistanın işğalçı hərbi hissələri bizim ərazilərimizi dərhal və qeydsiz-şərtsiz tərk edəcəklər. Əks təqdirdə isə, hər hansı bir saxta diplomatiyadan, mənasız danışıqlardan və “sülh” imitasiyasından söhbət belə gedə bilməz. Siyasi partiyaların bugünkü toplantısı ona görə əlamətdardır ki, hamımız bir nəfər kimi Ordumuzu və Ali Baş Komandanımızı dəstəkləyirik. Mən bu cür vahid mövqedən çıxış etdiklərinə görə bütün həmkarlarıma, partiya sədrlərinə öz təşəkkürümü bildirirəm. Milli Həmrəyliyimizə eşq olsun! İnşAllah tezliklə Qələbə Günümüzü də birlikdə qeyd edərik!", - deyə Əlisahib Hüseynov bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!