Azərbaycan millisinin qapıçısı: “Hədəf qrupu ilk pillədə başa vurmaqdır“

MÜSAHİBƏ

05 Oktyabr 2022 12:25

Oxunma sayi: 522
Azərbaycan millisinin qapıçısı:   “Hədəf qrupu ilk pillədə başa vurmaqdır“

Azmedia.Az xəbər verir ki,Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Emin Kürdovun "Report"a müsahibəsi

- Qarşıda dünya çempionatının əsas seçmə mərhələsində Polşa və Yunanıstan yığmaları ilə vacib oyunlar var. Bu qarşılaşmalara hazırlıq necə gedir?

- Təlim-məşq toplanışından öncə Qazaxıstanla iki yoldaşlıq oyunu keçirdik. Komandamız üçün vacib matçlar idi. Hakimlərin haqsızlığı ilə üzləşsək də, yaxşı təsir bağışladıq. Bizə belə sınaq matçları keçirmək lazım idi. Polşa ilə oyunöncəsi yaxşı təcrübə qazandıq. Oktyabrın 3-dən Bakıda toplanış başlayıb. Gündə iki dəfə olmaqla hazırlaşırıq.

- İlk oyun Bakıda Polşa kollektivinə qarşı olacaq. Bu matçdan nə gözləmək olar?

- Doğma meydançada oynayacağıq. Bizə qələbə lazımdır. Qrupun ən vacib oyunudur. Azarkeşlərimiz önündə qalib gəlmək istəyirik. İnanırıq ki, bizi dəstəksiz qoymayacaqlar. İlk matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

- Yəqin ki, rəqibi analiz etmisiniz. Polşa millisinin hansı üstün cəhətləri sizi daha çox narahat edir?

- Polşalıların bəzi oyunlarına baxmışıq. Əsas üstünlükləri fiziki gücləridir. Son oyunda Yunanıstana 3:0 hesabı ilə qalib gəliblər. Bundan əvvəl Fransa seçməsini 3:2 hesabı ilə məğlub ediblər. Təcrübəli komandadır. Səhv etmirəmsə, Sloveniyadakı Avropa çempionatında da yaxşı çıxış etdilər. Asan oyun olmayacaq. Onlar da seçmə mərhələyə ciddi hazırlaşıblar. Məqsədimiz qrupu ilk pillədə başa vurmaqdır. Qarşıya qoyulan əsas tapşırıq budur. Bunun öhdəsindən gəlməyə çalışacağıq.

- Bəs, rəqibin zəif tərəfləri hansıdır?

- Oyunun sonlarına doğru yorulurlar və tez-tez əks hücumlarda yaxalanırlar. Bundan istifadə etmək olar.

- Növbəti oyun səfərdə Yunanıstan seçməsinə qarşı olacaq...

- Bu komanda ilə əvvəllər qarşılaşmışıq. Sonuncu dəfə Avropa çempionatının seçmə mərhələsində səfərdə 3:0, evdə isə 4:0 hesablı qələbə qazandıq. Amma burada zəif rəqib yoxdur. Hər oyuna ciddi hazırlaşmaq lazımdır. Kiməsə oynamaq imkanı versən, bundan maksimum yararlanacaq. Əsas birinci qarşılaşmadır. Amma yunanlara görüşə də maksimum dərəcədə yaxşı hazırlaşacağıq. Evdə Polşaya qalib gəlib, Afinaya yaxşı əhval-ruhiyyə ilə yollanmaq istəyərik.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!