Bir-birinə qarşı döyüşən ata ilə oğulun dəhşətli görüşü - DONBAS XATİRƏSİ

ÖLKƏ

22 Aprel 2024 13:51

Oxunma sayi: 159
Bir-birinə qarşı döyüşən ata ilə oğulun dəhşətli görüşü -  DONBAS XATİRƏSİ

Mübariz Aslanov yazır...

Nadir hallardan idi ki, Kiyevdən uzaq vilayətə qatarla yox, avtomobillə gedirdim. Gecə, özü də hərbçiyə məxsus maşında... Ukraynada, müharibə dövründə bu, nadir hallardan olmaqla yanaşı, həm də təhlükəsiz deyildi. Yanvar ayının sərt soyuğunda təxminən 11-12 saat yol getməliydik Donbasa doğru.. Yolun Xarkovdan sonrakı hissəsini müharibə viran qoymuşdu deyə mənzil başına çatmağa daha çox vaxt lazım olacaqdı.  

Bərk yuxulayırdım. Yol yoldaşım sürücü-hərbçiyə özü ilə bağlı ötəri tanışlıq sualı verdim. Elə bil himə bənd imiş, “ürəyi açıldı”. Yuxum qaçdı. Ləqəbi “Cokondo”dur (Ukraynada hərbçilər “pozivnoy” - ləqəbə üstünlük verirlər). Milliyyəti rusdur. Zaparojye vilayətində doğulub böyüyüb. Dediyinə görə, babası vaxtilə Rusiyanın Omsk şəhərindən köçüb gəlib. 55 yaşı var. Müharibənin ilk günündən əvvəlcə özü, ardınca da yeganə oğlu orduya qoşulub. Söhbətimizdən elə bir ay əvvəl isə oğlu məhz Zaparojye istiqamətində həlak olub.  

Atanın sözlərlə, hisslərlə dolu gözlərindəki o mənzərəni dünyanın ən mükəmməl yazıçısı olsam belə, ifadə edə bilmərəm...

Mübariz Aslanov

“Oğlum üçün çox darıxıram... Yeganə təsəllim vətən uğrunda getməsidir...” - deyib, susdu. O çox danışmaq istəmədiyi kimi, mən də çox soruşmadım, soruşa bilmədim... Mövzunu davam etdirmək üçün çətin anlarda dadıma yetən jurnalist inadkarlığım da haradasa içimdə it-bata düşmüşdü... 

Təklif etdi ki, maraqlıdırsa, səni Donbas istiqamətində döyüşən kiçik qardaşımla görüşdürüm. Dedi, həm maraqlı olacaq, həm də orada daha ağır və maraqlı həyat hekayəsi tapa bilərəm - 53 yaşlı qardaşının gənc oğlu eyni anda qarşı tərəfdən - tanınmayan “Donetsk Xalq Respublikası” silahlıları tərəfindən döyüşür. “Oğul ataya qarşı döyüşür...” - deyib, dərindən nəfəs aldı. Qardaşı gənclik illərindən Zaporojye vilayətinin Tokmak şəhərindən Donetskə köçüb, evlənib orada qalıb. 2014-cü ildə münaqişə başlayandan sonra ata xanımını və 18 yaşlı oğlunu götürüb, Dnepr şəhərinə gəlib. Münaqişə dondurulandan sonra, 2016-ci ildə ailə yenidən evlərinə qayıdıb. Bir müddət sonra isə tanınmayan qondarma respublikanın silahlıları ilə yola getməyən ata yenidən Ukrayna tərəfə getməyi təklif etsə də, arvadı razılaşmayıb. Beləliklə, ana və oğlu Donetskdə qalıb, ata Kiyevə gəlib. Lakin ailəsi, xüsusilə də oğlu ilə əlaqəni üzməyib. Genişmiqyaslı müharibə başlayan kimi Ukrayna ordusunda döyüşlərə qatılan ata, elə Donbas istiqamətində xidmətə başlayıb. Bir neçə ay sonra isə oğlunun qarşı tərəfdən səfərbərliyə cəlb olunaraq onlara qarşı döyüşdüyünü eşidib. Özü də birbaşa onunla üzbəüz cəbhə xəttində... 

“Bilmirəm onun sizinlə söhbəti necə alınacaq, hər halda, görüşə bilərsiniz. Onun üçün çox ağırdır bu durum. Adam həm oğlu üçün narahatdır, həm də onunla üzbəüz döyüşür...” - həmsöhbətim qardaşına görə çox üzgün olduğunu gizlətmirdi.  

İxtisasca fizika müəllimi olan “Cokondo”nun müharibənin gedişatı, ABŞ-nin yardımı gecikdirməsi və sair mövzuda söhbətlərini dinləyərək, arada gözümün acısını ala-ala 12 saat sonra mənzil başına çatdıq. Qardaşının telefon nömrəsini verib, bizi əlaqələndirdi və ayrıldıq.  

Kramatorskda bir azərbaycanlının evində yerləşdim. İlk olaraq onun qardaşı ilə görüşüb, sonra ardınca gəldiyim digər çəkilişləri davam etdirəcəkdim.  

“Kosmos”la axşam zəngləşib, səhər tezdən görüşməyi vədələşdik. Dedi, səhər tezdən səni Kramatorska gələn bir hərbçi özü ilə götürüb, ön cəbhəyə - bizim yanımıza gətirəcək. O, Çasov-Yar ətrafındakı cəbhədəydi, Kramatorskdan ora 35-40 kilometr olar.  

Sübh açılan kimi zəng gəldi. Bir nəfər hərbçi olduğunu, “Kosmos”un adından zəng etdiyini dedi. Görüşüb, yola çıxdıq.  

Çasov-Yara çatar-çatmaz döyüşün qızğın vaxtında düşdük deyə, irəliləməyib, gözlədik. 2 saat keçdi. Döyüş səngisə də yanımdakı hərbçiyə irəliləməyimiz üçün qarşıdan hələ razılıq verilmirdi. Səbrim tükənirdi. Donbasa ezamiyyətim qısamüddətli idi, narahat idim ki, çatdırıb heç nəyi çəkə bilməyəcəm. Yanımdakı hərbçiyə demək istəyirdim ki, “soruş ondan, alınmırsa, qayıdıram mən başqa istiqamətə”. Bu vaxt ona daxili rabitədən komanda gəldi: “Yanındakı jurnalisti də götür, batalyonun qərargahına keçin”. Bu, olduğumuz yerin cəmi bir neçə kilometrliyində idi. Bir kəndin kənarında yarıuçuq bir binanın altında yerləşən qərargahın qarşısı tünlük idi. Hiss olunurdu ki, dizə qədər qarlı havada döyüş ağır, hətta qanlı keçib. Bu, hərbçilərin üst-başından tutmuş psixoloji durumuna qədər hər şeydə özünü aydın göstərirdi.  

İçəri keçib, bir otaqda oturdum. Az keçmiş bir zabit gəlib mənimlə görüşüb, “xoş gəldin” etdi. Üst-başı palçıq-torpaq içində, çox gərgin idi. O, çıxandan sonra üst-başı ondan da çox palçıq və qan içində olan bir hərbçi girdi. Əlləri qanlı idi deyə, başı ilə salamlaşdı. Çox gərgin və yorğun halda keçib, üzbəüz oturdu. Üstündəki ağ rəngli döyüş kombinezonu yarıya qədər qana bulaşmışdı. Bir neçə saniyə məni süzəndən sonra yorğun və əsəbi səslə belə bir dialoqa başladı: 

“Kosmos” mənəm.. 

Çox yaxşı, şad oldum... - nəhayət, onu tapdığıma sevinirdim ki, sözümü ağzımda qoydu. 

Mən şad deyiləm, jurnalist... Hekayəsinin arxasınca gəldiyiniz oğlumun meyitini az əvvəl döyüş meydanında qalmış düşmən meyitlərinin arasından götürüb, morqa göndərdim...  

Elə bir hala düşmüşdüm ki, nə deyəcəyimlə yanaşı, nə eşidəcəyimi də artıq bilmirdim... 

Səhərdən bəri başlayan diversiya hücumlarına qarşı döyüşdə hər iki tərəf itki verib, qarşı tərəf geri çəkilmişdi. Meydanda qarşı tərəfdən bir neçə meyit qalmışdı ki, onun da biri qəhrəmanımızın haqqında yuxarıda bəhs etdiyimiz oğlunun meyiti olub.  

Dialoqumuzu sonradan xatırlayanda diqqətimi o da çəkdi ki, “Kosmos”, onlara qarşı döyüşdə ölən oğlunu “düşmən” adlandırmadı. Onunla bərabər ölən digər diversantları “düşmən” adlandırmışdı... 

Hörmətli oxucu, hər dəfə belə xatirələrdən yazanda onları bir daha yaşadığım üçün,  fikrimi sadə dilə çevirməkdə çətinlik çəkirəm. Müqəssirəm. Amma bu illər mənə bir şeyi öyrətdi: böyük savaşların dibi o qədər dərin olur ki, orada təskinlik axtarıb tapmaq çətindir... 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!