Böyük mübarizənin yekunlarının qurultayı: Prezident Şuşada yeni dövrün əsasını qoydu – TƏHLİL

SİYASƏT

22 Aprel 2022 17:43

Oxunma sayi: 407
Böyük mübarizənin yekunlarının qurultayı:  Prezident Şuşada yeni dövrün əsasını qoydu – TƏHLİL

Aprelin 22-23-də Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilir.

Bu qurultay dünyanın bütün azərbaycanlıları üçün 44 günlük müharibədə qazanılmış tarixi zəfərin təntənəsi, Yer üzündəki bütün həmvətənlərimizin bir araya toplanıb tarixi qələbəmizi qeyd etməsinə bir vəsilədir.

Təbii ki, belə olan halda Azərbaycanın haqq zəfərinin simvoluna çevrilən, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin rəmzi olan Şuşanın qurultaya ev sahibliyi etməsi təsadüfi xarakter daşıya bilməz. Şuşa Zəfərin carçısı, haqq savaşında zəfərə gedən yolun ən önəmli düşərgəsi olduğu, Azərbaycan xalqının qəlbində bir şəhərdən daha artıq anlamları ifadə etdiyi üçün sayca beşinci olan qurultaya - dünya azərbaycanlılarının bir araya toplaşdığı məqama - ev sahibliyi etməsi də məhz onun tarixi, müqəddəs missiyası idi.

Bu seçimlə Azərbaycan dövləti bütün dünyadakı azərbaycanlılara birlik, bərabərlik mesajı verməklə yanaşı, onların tarixi Vətənlərinin hər zaman arxalarında olduğunu da göstərmiş oldu.

Qurultayda çıxışı zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı müstəqillik dövründə yetişən, vətənpərvər ruhda böyüyən Azərbaycan gəncliyinin tarixi Zəfərin əldə olunmasındakı misilsiz xidmətlərindən bəhs etdi.

Bəli, məhz həmin gənclik ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşdı və sonda Azərbaycanın tarixi ədaləti bərpa etməsində düşünmədən canını, qanını qurban verdi. Həmin gənclik bu gün Şuşada dünyanın müxtəlif yerlərindən öz Vətənlərinə gəlmiş azərbaycanlıların qeyd etdiyi Zəfərin ən önəmli parçasına çevrildi.

Həmin gənclər ümummilli lider Heydər Əliyevin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi, torpaqlarımızın işğaldan azad olunacağı və xalqın öz torpaqlarına qayıdacağı ilə bağlı fikirlərini duyaraq, həmin bu sarsılmaz inamın Prezident İlham Əliyevin dövründə də möhkəmlənməsi nəticəsində milli məfkurəyə çevrilmiş bu mübarizənin bayraqdarlarına çevrildilər.

Bu işdə, təbii ki, Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin də zəhmətini danmaq olmaz. Onlar da imkan tapdıqları bütün platformalarda Azərbaycanın haqq mövqeyini müdafiə etməklə misilsiz xidmət göstərdilər. Bu milli səfərbərlik, dünyanın hər bir guşəsindəki azərbaycanlıların vahid yumruq kimi mübarizəsi isə məhz Heydər Əliyevin təşəbbüsü ilə ilki 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının Qurultayı sayəsində daha da möhkəmləndi. Ulu öndərin təşəbbüskarı olduğu bu mübarizə, bu milli vəhdət onun davamçılarının fəaliyyəti ilə ali həqiqətin təntənəsinə gətirib çıxardı.

Azərbaycan Prezidenti İlham Əliyevin dövründə həyata keçirilmiş uğurlu xarici və daxili siyasət, ölkə iqtisadiyyatının sürətli inkişafı, ordu quruculuğu sahəsində aparılmış islahatlar və ən əsası - milli həmrəyliyin təmin edilməsi 44 günlük müharibədə Şanlı Zəfərimizin memarı oldu. Bütün bunlar, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün bərpası və postmünaqişə dövründə proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf etməsi Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında tarixi, misilsiz xidmətləridir.  

Heydər Əliyev ideallarını uğurla davam etdirən, ali məqsəd uğrunda öz xalqını vahid yumruq kimi birləşdirən Prezident İlham Əliyev bu gün Şuşada Müzəffər Ali Baş Komandan olaraq dünya azərbaycanlıları qarşısında çıxış edib. Lakin Prezident İlham Əliyev hər zaman tarixi qələbənin yaxın olduğu mesajını həm bizə, həm də bütün dünyaya vermişdi. Dünya azərbaycanlılarının qurultaylarında çıxışları zamanı İlham Əliyev xalqımızın heç vaxt işğalla barışmayacağını dəfələrlə vurğulamaqla bu günün reallıqlarını böyük uzaqgörənliklə ifadə edirdi. Təkcə öz xalqı arasında deyil, həmçinin bütün beynəlxalq siyasi platformalarda sözünə etimad olunan nüfuzlu lider kimi tanınan İlham Əliyev 44 günlük müharibədə qazanılmış tarixi zəfərlə öz sözündə, vədində qəti olduğunu, üzərinə götürdüyü bütün öhdəlikləri, vədlərini həmişə yerinə yetirdiyini əyani şəkildə sübut etdi.

Üstəlik, bu müharibədə ölkəmiz təkcə erməni faşizmi ilə deyil, həm də onun himayədarları ilə, özü də təkbaşına mübarizə apararaq parlaq Zəfər çaldı. Bu Zəfər Prezident İlham Əliyevin yürütdüyü güclü, məqsədyönlü siyasətin təntənəsi, onun uzun illər ərzində böyük siyasi səriştə ilə, zərrə-zərrə işlədiyi strategiyanın parlaq qələbəsinə çevrildi.

Ən önəmli məqamlardan biri isə Azərbaycanın müharibə apararkən belə, bütün dünyaya dərs verməsi oldu. Bütün dünya Azərbaycanın Ali Baş Komandanı və Müzəffər Ordusunun şəxsində müasir hərb, ləyaqətli müharibə aparmağın nümunəsini gördü. Şanlı Ordumuz 44 gün kimi hərb əməliyyatları baxımından çox qısa sayılacaq bir müddətdə Ermənistanın “yenilməz ordu” mifini yerlə bir etdi, milyardlarla dollarlıq hərbi texnikasını məhv etdi.

Bütün dünyaya verilən mesajlar bununla da bitmədi. Azərbaycan Ordusunun yüksək hazırlığı, xalqın öz liderinin ətrafında dəmir yumruq kimi birləşməsi beynəlxalq ictimaiyyətə məhz Azərbaycanın heç zaman işğalla barışmadığını və sadəcə vaxt itkisi olan danışıqların əsl mahiyyətinin bütün cəmiyyətimiz tərəfindən düzgün olaraq dərk edildiyini göstərdi.

ATƏT-in Minsk qrupu uzun illər ərzində heç bir nəticə əldə etmədi və bu nəticəsizlik yekunda Azərbaycanın haqq savaşına başlamasını zərurətə çevirdi. Sözügedən missiya öz fəaliyyət dövrü, öz addımları ilə problem həll etmək üçün deyil, işğalı əbədiləşdirmək üçün yaradıldığını sübut etdi. Bütün bunlardan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi cəfəng açıqlaması isə ATƏT-in Minsk qrupunun süqutu oldu. Artıq münaqişə həll olunduğundan bu qrupun fəaliyyəti də tarixə çevrilib. Birmənalı olaraq deyə bilərik ki, Minsk qrupu artıq yoxdur.

Bu gün Azərbaycan dövləti Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə törətdiyi vəhşiliklərin, dağıntıların, barbarlığın fəsadlarını aradan qaldırmaq əzmindədir. Öz əməlləri ilə heç zaman bu torpaqlara aid olmadıqlarını sübut edən ermənilərin faşist ideyaları hələ də səngimək bilmir. Lakin ermənilər unutmamalıdırlar ki, döyüş meydanında tarix yazan Azərbaycan Ordusu və ölkəmizdəki xalq-iqtidar birliyi, milli vəhdət həmin tarixi istənilən an ermənilərin yadına salmağa qadirdir!

Azərbaycan üçün münaqişə geridə qalıb və yeni reallıqlar yaranıb. Müharibədən sonrakı dövrdə Azərbaycan dövlətinin Prezident İlham Əliyevin liderliyində yürütdüyü uğurlu siyasət bu həqiqətlərin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsində mühüm rol oynayıb. Məhz sözügedən xarici siyasət xətti aparıcı beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etməsinə, BMT-nin Şuşada beynəlxalq tədbir keçirməsinə, Avropa İttifaqının bu gün Azərbaycanla Ermənistan arasında normallaşma prosesində olduqca fəal şəkildə iştirakına, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər aparıcı beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini dəstəkləməsinə gətirib çıxardı.

Azərbaycan dövləti həmçinin yeni reallıqları qonşu ölkələrə də qəbul etdirdi. Bu çərçivədə yaradılmış “3+3” əməkdaşlıq formatını ən uğurlu nümunə adlandıra bilərik.

Diplomatiya sahəsində qazanılmış uğurlar Azərbaycanın mövqeyini istənilən platformalarda gücləndirib. Belə ki, dünyanın aparıcı ölkələrinin rəhbərlərinin Prezident İlham Əliyevə göndərdikləri məktublarda onların yeni geosiyasi reallığı qəbul etdikləri və bu prizmadan çıxış etdikləri aydın görünür.

Özünün sülhpərvər mövqeyi ilə beynəlxalq ictimaiyyətin də dəstəyini qazanmış Azərbaycan Ermənistana sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin imzalanması ilə bağlı konkret təkliflərlə çıxış edib. Hadisələrin gedişatı onu göstərir ki, Ermənistan Azərbaycanın beş prinsipdən ibarət təklifini qəbul etməyə məcbur olub. Bunda Azərbaycanın siyasi müstəvidə günbəgün artan nüfuzu böyük rol oynayıb.

Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı da məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən böyük strategiyanın, çoxsaylı uğurlu siyasi gedişlərin və vaxtında görülmüş tədbirlərin, milli həmrəylik konsepsiyasının əldə etdiyi nəticələrin qiymətləndirildiyi, yekun məqsədə gedən yolda keçilən böyük və məşəqqətli yolun dəyərləndirildiyi bir toplantıya çevrildi.

Necə deyərlər, bir dövr yekunlaşdı… İndi Azərbaycan dövlətinin, xalqının və diasporunun qarşısında yeni məqsədlər dayanır. Azərbaycan Prezidenti bu gün yeni bir mərhələnin əsasını qoydu, Şuşa isə məhz bu yeni mərhələnin başlandığı yer kimi tarixə düşdü.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!