Çəki ilə satılan şəkər tozu niyə yoxa çıxıb? ŞƏRH + FOTO

İQTİSADİYYAT

16 İyun 2023 18:44

Oxunma sayi: 945
Çəki ilə satılan şəkər tozu niyə yoxa çıxıb?   ŞƏRH + FOTO

Azərbaycanın bəzi bölgələrində marketlərdə çəki ilə satılan şəkər tozu tapılmır. Bununla əlaqədar sakinlər sosial şəbəkələrdə məlumat veriblər. Xüsusilə, Qərb zonasında, Goranboy rayonu və Goran qəsəbəsi ərazisində marketlərdə şəkər tozunun olmadığı haqqında iddialar paylaşılıb.

Sakinlər şəkər tozunun qiymətinin bahalaşacağından ehtiyatlandıqlarını qeyd ediblər.

Məsələ ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda şəkər tozu da daxil olmaqla, Azərbaycanda strateji istehlak məhsullarının ehtiyatlarında hər hansı çatışmazlıq müşahidə edilmir. Dövlət Xidmətinin məlumatına görə, bu məhsulun ölkədə ehtiyatının formalaşmasına ciddi diqqət ayrılır:

“Belə ki, Azərbaycan Respublikasında əhalinin əsas ərzaq malları ilə təchizatına və ölkənin ərzaq təhlükəsizliyinə potensial mənfi təsirlərinin qarşısının alınması məqsədilə “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 103 nömrəli Qərarına əsasən, şəkər tozunun ixracına məhdudiyyətlər tətbiq edilir”.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən o da bildirilib ki, Azərbaycanda şəkər tozunun qiyməti tənzimlənən tariflərlə deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında və şəkər tozunun dünya bazarındakı (o cümlədən, əsas idxal bazarlarındakı) qiymətinə görə formalaşır. Beləliklə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər.

“Bununla belə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görür”, - deyə qurumun məlumatında qeyd edilib.

İqtisadçı, ekspert Eyyub Kərimli isə bölgələrdə çəki ilə satılan şəkər tozunun olmamasını mövsümlə əlaqələndirib. Ekspert Oxu.Az-a açıqlamasında söyləyib ki, hazırda qış mövsümünə hazırlıq, ev şəraitində mürəbbə, kompot və digər konserv məhsullarının bağlanması artıb:

“Xüsusilə, regionlarda əhali bu mövsümdə mürəbbə, kompot, şirniyyat hazırlıqlarına üstünlük verir. Həmçinin bir tərəfdən də, toy mövsümü bu aylarda daha da aktivləşir. Meyvənin bol vaxtı olduğunu nəzərə alsaq, bu kimi məhsulların hazırlanıb, qışda satış üçün saxlanması da çox rast gəlinən məqamdır. Görünür, tələbat çox olduğundan marketlər şəkər tozunu müvafiq çəkilərə bölüb, qablaşdırmağı çatdıra bilmirlər və vitrində bu məhsullar yoxdur.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, şəkər tozunun bir kiloqramdan aşağı qablaşdırmalar halına salınması ilə çox zaman kiçik müəssisələr məşğul olur. Şəkər tozunu böyük kisələrdə alaraq, kiçik qablaşdırmalar halına salıb, markalaşdırırlar, marketlərə yönləndirirlər. Görünür, tələbat və təchizatla əlaqədar kiloqramdan artıq qablaşdırmalarda şəkər tozu marketlərdə azdır”.

İqtisadçı onu da vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycanda şəkər tozunun çatışmaması problemi yoxdur:

“Statistik göstəricilərə əsasən, bu ilin ilk üç ayında 10 min tondan çox şəkər tozu ixrac etmişik və bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə təxminən 50 faiz çoxdur. Şəkər istehsalı daxili tələbatı ödəyir. Biz həm idxalçı, həm ixracatçıyıq. Bu baxımdan hesab edirəm ki, şəkər tozunun qıtlığından söhbət gedə bilməz.

Sadəcə kiçik çəkilərlə bağlı çatışmazlıqlar ola bilər. Bununla belə, istehlakçıların hüququdur ki, hər bir marketdə, kisəni açdırıb, özünün tələbatına uyğun ölçüdə şəkər tozu çəkdirib, alsınlar. İstehlakçılar market işçilərindən bunu tələb etməli, hüquqlarını qorumalıdırlar”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!