Deputatdan orta məktəbdə Xomeyninin təbliğatına ETİRAZ

MÜSAHİBƏ

28 İyun 2022 19:49

Oxunma sayi: 295
Deputatdan orta məktəbdə Xomeyninin təbliğatına ETİRAZ

Xəbər verdiyimiz kimi, Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə Xomeyniyə həsr edilən dini mahnının müəllim tərəfindən şagirdlərə öyrədilməsi barədə videogörüntülər yayılıb.

Artıq Regional Təhsil İdarəsi hadisəni təsdiqləyib. Qeyd edilib ki, məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb:

"Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".

Sözügedən məsələ barədə Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədovun sözlərinə məktəblərdə dini təbliğatların, dini maarifləndirmənin aparılması yolverilməzdir:

“Ümumiyyətlə, məktəblərdə bu cür dini təbliğatlar düzgün deyil. Məktəbdə müəyyən maarifləndirmə tədbirləri ola bilər, bir halda ki, Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər planına əsasən bu həyata keçirilsin”.

Deputat vurğulayıb ki, məktəblərin daxilində dini təbliğatın aparılması dövlət orqanları tərəfindən ciddi nəzarətə götürülməlidir.

“Burada biz prosesə ümumi baxanda müəllimlərin arasında çoxlu sayda dindar şəxslər görə bilərik. Ölkəmizdə dini etiqad və vicdan azadlığı var, amma bu, nəzarətsiz təbliğat aparmağa əsas vermir. Çünki məzhəblə, siyasi məsələlərlə bağlı problemlər ortaya çıxır. Buna görə də, məktəbləri maksimum dərəcədə bu prosesdən kənar saxlamaq lazımdır. Təhsil ocağı ideoloji təbliğat mərkəzinə çevrilməməlidir”-, deyə o, bildirib.  

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!