“Doqquz yaşlı qardaşım meşədə atamın qucağında dondu” Xocalı sakini Cəmilə Ağayeva ilə MÜSAHİBƏ

MÜSAHİBƏ

25 Fevral 2022 19:00

Oxunma sayi: 273
“Doqquz yaşlı qardaşım meşədə atamın qucağında dondu”   Xocalı sakini Cəmilə Ağayeva ilə  MÜSAHİBƏ

Fevralın 26-da dünya azərbaycanlıları Xocalı soyqırımı qurbanlarını dərin hüznlə yad edirlər. 30 il əvvəl bu gündə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək, dinc əhalini vəhşicəsinə qətlə yetirib.

Xocalı soyqırımı nəticəsində Cəmilə Ağayeva 31 və 9 yaşı olan iki qardaşını itirib. Onun iyirmidən çox qohumu öldürülüb, valideynləri isə əsir götürülüb.

Hüznlü tarixin ildönümündə C.Əliyeva Media.Az-la xatirələrini bölüşüb. Özü də 30 yaşında olduğu 30 il əvvələ qayıdarkən meşədə ayaqları donduğundan yeriyə bilməyən doqquz yaşlı qardaşının atasının qucağında necə ağrılı və uzun müddətdə dünyasını dəyişməsindən, ermənilərin uşağın cəsədini dərəyə atmasından və anasının sonradan ağlını itirməsindən danışanda göz yaşlarını saxlaya bilmədi...

- Cəmilə xanım, faciə baş verən zaman ailənizdən kim Xocalıda idi?

- Məlum hadisələrdən əvvəl böyük qardaşım məni kiçik bacım və gəlinimizlə birlikdə Ağcabədiyə, qayınatasının yanına apardı. Atam Səttar Ağayev, anam Zabella Ağayeva və beş qardaşım Xocalıda qaldılar. Onlardan ikisi - Zahid və Zahir hüquq-mühafizə orqanlarında işləyirdilər, vuruşurdular. Üçü isə yetkinlik yaşına çatmamışdı: 16 yaşlı Sərdar, 12 yaşlı Sərvər və doqquz yaşlı Allahverdi. Atamız isə Ağsaqqallar Şurasının sədri idi.

- Bildiyimizə görə, şəhərə hücum başlayanda ananız qorunmaq üçün üç kiçik oğlu ilə birlikdə qaçmağa məcbur olub...

- Həmin bədbəxt gündə şəhər hər tərəfdən top atəşinə tutulmağa başladı. Əvvəllər də atışmalar olub. Adətən belə hallarda yerli sakinlər müvəqqəti olaraq zirzəmilərdə gizlənirdilərsə, bu dəfə fərqli oldu. Anam təxmin etdi ki, ermənilər Xocalını tutmağa çalışırlar. “Qrad” raket sisteminin mərmilərindən biri armud ağacını ortadan bölərək həyətimizə düşdü. Atam və qardaşlarım evdə deyildilər, döyüş postlarında idilər. Atışma getdikcə şiddətləndi və anam üç azyaşlı oğlu ilə birlikdə qaçmağa məcbur oldu. Darvazadan çıxanda görüb ki, bütün qonşu evlər artıq boşdur.

Yaxınlıqda yarımtikili məktəb binası olub, anam uşaqlarla ora gedib. Əmimin ailəsi və nənəm ora sığınmışdılar. Vəziyyətin çətinləşdiyini nəzərə alaraq, onlar şəhəri meşənin içindən tərk etmək qərarına gəliblər, həmin yol Qarqar çayından keçir.

- Şaxtalı havada çayı necə keçə bildilər?

- 16 yaşlı qardaşım anama çayı keçməyə kömək edib, 12 yaşlı uşaq isə ondan balaca olan Allahverdini aparıb, lakin oğlanlar daşa dəyərək buzlu suya yıxılıblar. Onlar quruya çıxanda məlum olub ki, ayaqları donub və çətinliklə hərəkət edə bilirlər. Yolda böyük qardaşımız Zahidlə rastlaşıblar, o, xocalılara çayı keçməyə kömək edib, özü də islanıb. Anam ona yalvararaq getməsini istəyib, amma o, qəti şəkildə bundan imtina edib. Sanki hiss edirdi ki, bu onların son görüşüdür. Qardaşım deyib ki, təkcə ailəsini xilas etmək kifayət deyil, qadınlara, uşaqlara kömək etmək, sonra düşmənlə sona qədər vuruşmaq lazımdır. O, şəhəri ən son tərk edənlərdən biri idi. O, meşədə, erməni qəsbkarları ilə döyüşdə həlak olub.

- Bəs kiçik qardaşınız hansı şəraitdə dünyasını dəyişib?

- Atamız da Qarqar çayını keçərkən çox əziyyət çəkib. Meşədə həyat yoldaşı və donmuş oğlu ilə qarşılaşanda o, əvvəlcə uşağı kürəyində aparmaq istəyib, amma bir müddət sonra taqəti kəsilib və yerə yıxılıb. Atam yerdə qalıb, donmuş uşağı qucaqlayaraq qızdırmağa çalışıb, anam isə kömək çağırmağa gedib. Bu zaman ermənilər növbəti dəfə atəş açmağa və hücuma keçməyə başlayıblar. Beləliklə, anam əsir düşüb. Ermənilər atamı meşədə tapanda, kiçik qardaşım artıq həyatda olmayıb. Atam deyirdi ki, o ölməzdən əvvəl su və çörək istəyib... Ermənilər uşağın cansız bədənini dərəyə atıb, atamı əsir götürüblər.

- Valideynləriniz əsirlikdə olanda bir-birlərini görə biliblər?

- Yox. Atamı Dəhraz kəndinə, anamı isə Ağbulağa aparıblar. Bir həftə sonra onu sərbəst buraxıblar. Biz Ağcabədidə səbirsizliklə valideynlərimizin, qardaşlarımızın qayıtmasını gözləyirdik.

Qardaşım Zahir anamızın qayıtmasına bir neçə gün qalmış ayaqları şaxtadan dizdən aşağı donmuş, qaralmış halda qayıtmışdı. Allaha şükürlər olsun ki, amputasiya lazım olmadı. Sonra o, Ağdam istiqamətində vuruşdu, döyüşdə yaralandı, sonra yenidən cəbhə bölgəsinə qayıtdı. Sonradan anam da Ağcabədiyə çatdı, amma atamın və digər oğullarının taleyindən xəbəri yox idi.

- Atanızın əsirlikdə olduğunu nə vaxt bildiniz?

- Anam hər gün Ağdama gedirdi ki, heç olmasa doğmaları haqqında nəsə məlumat öyrənsin. Orada xocalıları əsirlikdən xilas edən Allahverdi Bağırov haqqında eşidib.

(A.Bağırov - Azərbaycan hərbçisi, Ağdamın “Qarabağ” futbol klubunun keçmiş baş məşqçisi, Qarabağ müharibəsi iştirakçısı, Ağdam özünümüdafiə batalyonunun komandiri, Azərbaycanın Milli Qəhrəmanı. - red.)

Atamın ermənilərdə olduğunu ondan öyrənib. Tezliklə o sərbəst buraxılıb.

- Onun vəziyyəti necə idi?

- Atam sağlam, güclü bədən quruluşuna malik insan idi. Buna baxmayaraq, qardaşım onu əsirlikdən körpə uşaq kimi qucağında çıxarıb. Necə etmək olar ki, insan 40 günə bu hala düşsün? Hətta onu dərhal tanımadıq. O, tükənmişdi və demək olar ki, dişləri yox idi.

- Əsirlikdə keçirdiyi günlərlə bağlı nə danışdı?

- Ona hər gün bir tikə çörək və çiy kartof veriblər. O, böyük oğlunun ölümündən necə xəbər tutmasından danışıb. Ermənilər onun saxlandığı tövləyə Zahidin meyitini gətirib kimin qohumu olduğunu soruşublar. Atam görüb ki, bu, öz oğludu, amma çalışıb ki, bunu hiss etdirməsin. Daha sonra Zahidin pasportunu tapan ermənilər atama hücum edərək oğlunun meşədə onlara atəş açdığını deyiblər. Buna görə uzun müddət atama işgəncə veriblər.

- Ananız iki oğlunun ölümündən necə xəbər tutdu?

- Atam ona oğullarının artıq həyatda olmadığını desə də, anam buna inanmaq istəmirdi. O, yavaş-yavaş ağlını itirdi, danışmağı dayandırdı və heç nəyə hansısa emosiya və hiss bildirmədi... Anam 2014-cü ildə, atamdan bir il sonra öldü.

- Xocalı hadisələri zamanı neçə qohumunuzu itirdiniz?

- Qohumlarımız arasında 25-dən çox şəhid var. İki qardaşımdan başqa əmim, onun oğlu və nənəm dünyasını dəyişib. 1992-ci il martın 8-də əmim oğlunun bir yaşı tamam olmalı idi. O, fevralın 25-dən 26-na keçən gecə meşədə donmuş vəziyyətdə tapıldı. Bədənini məsciddə yuyanda sanki, möcüzə baş verdi, özünə gəlib, gözünü açdı. Ancaq balaca ürəyi tab gətirə bilmədi...

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!