Düşmən Azərbaycandan asılı vəziyyətə düşür Rusiyanın YENİ PLANI

SİYASƏT

17 Mart 2021 19:15

Oxunma sayi: 845
Düşmən Azərbaycandan asılı vəziyyətə düşür   Rusiyanın YENİ PLANI

Gün doğmadan nələr doğar. Bəli, 44 günlük Vətən savaşından sonra 10 noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyanatda nəzərdə tutulan müddəalara Ermənistanın hələ də tam şəkildə əməl etməməsi şimal qonşumuzu da narahat etməyə başlayıb. Küçə intriqaları nəticəsində hakimiyyətə gəlib Ermənistanda tam despotik rejim quran Nikol Paşinyanın "generalların qiyamı"ndan nəticə çıxatmadığını görən rəsmi Kreml daha kəskin addım atmaq qərarına gəlib. 

Rusiya qazının Ermənistana nəqlinin müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçiriləcəyi ilə bağlı razılıq belə düşünməyə əsas verir. Qərarın Rusiya qazının Gürcüstan ərazisindən keçən "Şimali Qafqaz - Zaqafqaziya" qaz kəmərinin təmiri ilə əlaqədar olduğu deyilsə də, ortada Rusiya dövlət başçısının da 4 ay əvvəl imza atdığı bəyanatın icra edilməməyindən söhbət gedirsə, əlavə şərhə ehtiyac yoxdur. Qaz kəmərinin təmiri məsələsindən çox özündə siyasi çalarları əks etdirən bu qərarı Rusiyanın Ermənistana son rıçaqı kimi də qəbul etmək olar. Məlumdur ki, qaz həmişə iqtisadi əmtəə kimi yox, siyasi əmtəə kimi daha çox rol oynayıb.

Ermənistanın böyük hissəsinin qaz təminatçısı olan Rusiyanın Gürcüstanla uzun illərdir ulduzlarının barışmadığı heç kimə sirr deyil. Vəziyyət ehtiva edir ki, Rusiya bu məsələyə də nöqtə qoysun. Qısacası, rəsmi Kreml Rusiya qazının Ermənistana nəqlini müvəqqəti olaraq Azərbaycan ərazisindən keçirməklə bir güllə ilə iki hədəfi nişan almaq niyyətindədir. Yəni Moskva bu addımla bir tərəfdən həlli gecikən 10 noyabr bəyanatını icra etmək üçün Ermənistana təzyiq göstərməyi planlaşdırır, enerji təhlükəsizliyinini müvəqqəti də olsa qismən rəsmi Bakıdan asılı vəziyyətə salmaqla onlara Azərbaycanın nə qədər əhəmiyyətli qonşu olduğunu göstərmək istəyir, digər tərəfdən də Ermənistanın son 3 ildə qərbə olan meyilliyini azaltmaq niyyətindədir. Məsələ ondadır ki, baş naziri hakimiyyətə gətirən Qərb dairələri və Soros Fondu da Paşinyandan tamamilə əlini çəkməyib. Son proseslər, ələlxüsus Kremllə yaxınlaşma cəhdləri Qərbi hiddətləndirsə də, Soros Paşinyandan imtina etməyə tələsmir. Amma Paşinyanın bəyanantın müddəlarına əməl etməkdən yayınmaq cəhdləri Bakı ilə Moskva arasında müəyyən təmasların artdığı istisnalarını da ortaya çıxarır ki, məhz Rusiyanın belə bir qərar verməsinin kökündə də rəsmi Bakının narazılığı dayanır.

Bu iddiaları məhz Prezident İlham Əliyevin istər yerli və əcnəbi media mənsubları üçün keçirdiyi mətbuat konfransında olsun, istərsə də YAP-ın VII növbədənkənar qurultayında 10 noyabr bəyanatının əsas bəndində nəzərdə tutulan Zəngəzur dəhlizi ilə bağlı işlərin başlamasına Ermənistanın süni əngəllər yaratmasını açıq şəkildə bəyan etməsi daha da artırır. Buna görə də Rusiyaya bölgədə əsas tərəfdaşına, müttəfiqinə çevrilən Azərbaycan və Türkiyə ilə üz-üzə qalmaq lazım deyil.

Heç kimə sirr deyil ki, Ermənistan Rusiyanın faktiki olaraq for-postudur. Rusiya qaz amilindən hər zaman siyasi təzyiq rıçaqı kimi istifadə edib. Paşinyandan əvvəlki ölkə rəhbərləri açıq şəkildə rusiyapərəst  siyasət yürüdürdülər. Paşinyan isə həm Rusiyaya arxa çevirmək istəyir, həm də müəyyən müttəfiqlik güzəştlərindən yararlanmağa çalışır. Lakin rəsmi Moskva Nikolun hiyləsini çox yaxşı anlayır. Ona görə də rəsmi İrəvana geri addım atmaq üçün yer buraxmadı. İrəvanın istənilən geri addımı daha ağır fəsadlarla üz-üzə qalmalarına, sözün əsl mənasında Ermənistanın soyuqdan donmasına səbəb ola bilər.//milli.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!