Əməkdar artist İntiqam Soltan: Direktor vəzifəsindən hansısa bacarıqsızlığıma görə uzaqlaşdıra bilərlər..

MÜSAHİBƏ

24 Yanvar 2023 18:40

Oxunma sayi: 546
Əməkdar artist İntiqam Soltan: Direktor vəzifəsindən hansısa bacarıqsızlığıma görə uzaqlaşdıra bilərlər..

Respublikanın əməkdar artisti: "Direktor vəzifəsindən nə vaxtsa məni, hansısa yarıtmazlığa, yaxud bacarıqsızlığıma görə uzaqlaşdıra bilərlər. Aktyorluq isə sevgili olduğum peşəmdir. O zaman nə üçün öz sevgilimdən, sevgili peşəmdən kənarda qalmalıyam?.." 

Bu fikirləri, Mingəçevir Dövlət Dram Teatrının direktoru, respublikanın əməkdar artisti İntiqam Soltan, rəhbərlik etdiyi teatrda Xalq artisti Valeh Kərimov tərəfindən quruluş verilən "Varlı qadın" tamaşasında oynayacağı obrazla bağlı Azmedia.Az-ın bölgə bürosunun sualına aydınlıq gətirərkən söyləyib:

"Çox təhlükəli bir tendesiya var. Teatr o zaman məhv olmağa meyilli olur ki, direktor aktyoru anlamasın, direktor səhnənin müqəddəsliyini unutsun, səhnənin tozuna ögəy münasibət göstərsin, qrimin qoxusunu dünyada ən gözəl qoxu bilməsin. Bu halda teatrın varlığına son qoyulacaq".

Bu mənada  İntiqam Soltan direktorun tabeliyində olan aktyorlarla bir səhnəni bölüşməyi və onlarla bərabərhüquqlu tərəf müqabili olmağı çox normal hal və doğru davranış hesab etdiyini bildirir:

"Direktorluq mənim üçün bir vəzifədir. Ola bilsin nə vaxtsa işdəki  müəyyən yarıtmazlığa, yaxud bacarıqsızlığıma görə bu vəzifədən kənarlaşdırıla bilərəm. Amma aktyorluq mənim çox sevdiyim peşəm, sənətimdir. Onu mənim əlimdən ala bilməzlər axı..  Aktyorluq mənim içimdədir, mən aktyorluğun içindəyəm. Biz çox mehriban sevgililərik. Belə olan halda mən öz sənətimdən, belə demək mümkünsə öz sevgilimdən nə üçün kənarda qalıb, uzaq düşməliyəm? Çox sağ olsun dəyərli rejissor, aktyorumuz Valeh Kərimov dəvətimizi qəbul edib paytaxtdan Mingəçevirə təşrif buyurdu. "Varlı qadın"a quruluş verməyə razılaşdı və mən də çox böyük məmuniyyətlə razılıq verdim. Üstəlik, Valeh Kərimov kimi ünlü aktyorla bir səhnəni bölüşmək özü özlüyündə önəmli hadisədir. Yeri düşmüşkən, tamaşanın uğurlu alınması üçün hazırda böyük istəklə məşqlərini davam etdirən qadın aktyorlara, o cümlədən baş rolun ifaçısı Könül Hacıyevaya, onunla eyni rolu dublyor olaraq bölüşən, rejissor assistenti Məlahət Ağayevaya təşəkkürlərimi bildirirəm". 

"Adətən öyrəncəli olmadığımız bir davranışa müəlliflik etdiniz, direktor ikən həm də aktyor kimi səhnədə rol almağı seçdiniz. Bu sadəcə bir örnək idi, yoxsa davamlı xarakter daşıyacaq?" -sualını da əməkdar artist özünəməxsus tərzdə cavablandırdı.

"Mənim sənət yoluma bələd olanlar yaxşı bilirki, idmançı təbrincə desək mən, "oynayan məşqçi" olmağı daim sevmişəm. Doğrudur, bir məqsəd də əslində kollektivə örnək olmaq olub. Məsələn, səmimi etiraf edim ki, səhnədə hamı kimi  səhnənin bütün tələblərinə cavab verən adi aktyoram. Hər kəs bu səmimiyyətimə güvənib üzərinə düşən tapşırıqlara daha məsuliyyətlə yanaşmalıdır, "barmaqucu" deyil. Digər tərəfdən təkrarçılıq olmasın, mən aktyorluq  işini sevdiyim üçün həvəslə rejissor təkliflərini dəyərləndirə bilərəm. Qeyd edim ki, hazırda  kollektiv  daxilində mono tamaşalar festivalı keçirməyə hazırlaşırıq. Təxminən 26 mono tamaşa  nəzərdə tutulub. Mən teatrımızın baş rejissoru Vüsal Mehralıyevdən xahiş etmişəm ki, mümkün qədər məni də o tamaşalara cəlb etsin. Digər tərəfdən Qarabağ şəhidinin, qazisinin atası anlamında bir vətənpərvər pyes yazmışam. Ümid edirəm ki, bu yolla da teatrımızın mono tamaşalar festivalına kollektivin bir parçası olaraq öz layiqli töhvəmi vermək imkanım olacaq".

 

Ehtiram Muradov 
Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!