Ermənilər Laçının bu kəndindən çıxarılacaq Paşinyandan açıqlama!

SİYASƏT

28 İyun 2022 14:27

Oxunma sayi: 358
Ermənilər Laçının bu kəndindən çıxarılacaq   Paşinyandan açıqlama!

Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin edən yeni yolun tikintisi ilə əlaqədar Laçının hazırda Rusiya hərbçilərinin nəzarətində olan bir sıra yaşayış məntəqələri Azərbaycan tərəfinə təhvil veriləcək.

Azmedia.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında bildirib.

Dünən yayılan məlumatda həmin yaşayış məntəqələrinin Laçın şəhəri və Zabux kəndi olduğu bildirilmişdi.

Lakin bu gün məlum olub ki, Paşinyan “Laçın dəhlizi” boyunca yerləşən daha bir kənddən bəhs edib. Yəni “Laçın dəhlizi”nə çəkilən alternativ yol istifadəyə veriləndən sonra Laçın şəhəri və Zabux kəndi ilə yanaşı, bir qrup erməninin qanunsuz yaşadığı Sus kəndi də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan xatırladıb ki, Qarabağın dağlıq hissəsinə gedən marşrutun dəyişdirilməsi ilə bağlı razılıq Ermənistan, Azərbaycan və Rusiya dövlət başçılarının 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən əldə olunub. Laçın şəhərindən yan keçən yeni Xankəndi-Gorus yolu tamamilə Rusiya sülhməramlılarının nəzarəti altında olacaq.

Paşinyan deyib ki, hazırda Laçın şəhərində yaşayan ermənilərin problemi Ermənistan hökumətinin qərarları ilə həll edilir: “Onlar mənzillə təmin olunmalıdırlar. Bu gün Laçında faktiki olaraq ailələr yaşamır”.

Zabux kəndində yaşayan ermənilərə gəlincə, Paşinyanın sözlərinə görə, onların Qarabağ separatçıları tərəfindən təmin olunacaq. Baş nazirin açıqlamasından belə məlum olur ki, Zabuxda yaşayan ermənilər oradan çıxmalı olsalar, onlar Qarabağın dağlıq hissəsinə - separatçıların olduğu ərazilərə köçürüləcək. Halbuki, həmin ermənilər əvvəllər Qarabağda yaşamayıblar, onlar bura Suriya, Livan və başqa yerlərdən köçüb gəliblər.

“Sus kəndinə gəlincə, məndə heç bir məlumat yoxdur”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, hazırda Rusiya hərbçilərinin nəzarət zonasında yerləşən “Laçın dəhlizi”ində yerləşən Laçın şəhərində, Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux kəndlərində tarix boyu erməni yaşamayıb. Onlar həmin ərazilərə 1992-ci ildəki işğaldan sonra yerləşdiriliblər (modern.az).

Razılaşmaya əsasən, Azərbaycan tərəfinin "Laçın dəhlizi"nə çəkdiyi alternativ yolun 2022-ci ilin sonunda istifadəyə veriləcəyi gözlənilir. Yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçub Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində Xankəndiyə gedən köhnə magistralla kəsişəcək. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!