Ermənilərlə birgə yaşayış məsələsini bu tarixə qədər tam başa çatdırmalıyıq

SİYASƏT

05 Yanvar 2022 14:36

Oxunma sayi: 181
Ermənilərlə birgə yaşayış məsələsini bu tarixə qədər tam başa çatdırmalıyıq

"14 ay ərzində Rusiya sülhməramlılarının üçtərəfli bəyanatda nəzərdə tutulan fəaliyyətlərini tam həcmdə yerinə yetirməməsi, o cümlədən erməni silahlılarının Qarabağdan çıxarılmaması bunun yaxın müddət ərzində baş verəcəyini ehtimal etməyə əsas vermir. Başqa sözlə desək, əgər bu fəaliyyətlər 14 ay əvvəl yerinə yetirilməli idisə və bu gün də hələ də yerinə yetirilməyibsə, o zaman biz bu proqnozlarımızda optimist ola bilmirik".

Azmedia.Az xəbər verir ki , bunu milli.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, bu il Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşayışının tamamilə bərpasını real görünmür:

"Qarabağda mövcud olan silahlıların polis qüvvələrinə keçirilməsi ilə bağlı mövcud olan məlumatlar görünür ki, Rusiya və ya Azərbaycan ilə bu sahədə hansısa müəyyən razılaşmanın olduğunu deməyə əsas verir. Çünki Azərbaycan tərəfi də Bəyanatın 4-cü bəndinin yerinə yetirilməsi üçün təzyiqlərini kifayət qədər azaldıb. 

Bu il ərzində biz Zəngəzur dəhlizinin dəmiryolu komponenti üçün kifayət qədər ciddi işlərin şahidi olacağıq, inşaat işləri yəqin ki, intensiv bir sürətlə həyata keçiriləcək. Avtomobil yolu ilə bağlı müəyyən razılaşmanın və texniki əsaslandırmanın başa çatacağını ehtimal edirəm. Digər infrastruktur layihələrin, o cümlədən hərbi şəhərciklərin, hərbi hissələrin tamamilə yenilənməsi mütləq başa çatdırılacaq. Ordumuzun silhalanması ilə bağlı, müharibədə sərf etdiyimiz silah-sursatların yerinin doldurulması ilə bağlı prosedur davam edəcək. Artıq raket-sursat sistemləri bəpa olunub, amma müəyyən yeni silah və texnikaların alınması davam edəcək. 

Komando hərbi hissələrinin sayı bu ilin sonuna qədər təxminən 10-a çatacaq. Komando birliklərinin sayı artırılmaqla paralel, digər motoatıcı bölmələrin sayında müəyyən ixtisarlar həyata keçiriləcəyini gözləyirəm. 

Zəngəzurla bağlı problemin demək olar ki, tam həll ediləcəyini gözləsək də, Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşayışının tamamilə bərpasını bu il üçün proqnozlaşdırmaq real görünmür. Amma bunu Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti yerləşdiyi ilk 5 illiyin sonuna qədər tamamilə həyata keçirib, prosesi tam başa çatdırmalıyıq".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!