“Ermənistan qərara gəlməsə, müharibə qaçılmaz olacaq“

SİYASƏT

31 İyul 2020 12:24

Oxunma sayi: 798
“Ermənistan qərara gəlməsə, müharibə qaçılmaz olacaq“

Özünə hörmət edən heç bir dövlət, münaqişə tərəfi xarici qoşunların öz ərazisində olduğu halda əvvəla heç bir sənədə imza atmaz. Digər tərəfdən, əgər bu məsələlərin hamısı ciddi yanaşma olarsa, gərək qarşı tərəfə bildirilsin ki, bu məsələdə niyyəti saf olan tərəf anlasın. Çünki qoşunlar oradan çıxarılmalıdır. Qoşunların orada qalması artıq təzyiq vasitəsidir, bu, artıq əvvəlcədən irəli sürülmüş şərtdir və digər tərəfdən də mən deyərdim ki, bu aşağılayıcı bir şərtdir.

 

Bunu  Azmedia.az-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov Balakən regional "ASAN xidmət" mərkəzinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan 7 şərtin qarşısına bir şərt qoyur - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır" nitqini şərh edərkən deyib.

 

O bildirib ki, Ermənistan bir daha göstərdi ki, Azərbaycandan qorxur. Belə olmasaydı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməzdi:

 

"Söhbət burada Azərbaycandan gedirsə, Azərbaycan artıq indiki məqamda güclü bənd kimi çıxış edir. Biz bilirik ki, Ermənistan 2014-cü ilin avqustunda ön xətdə ard-arda bir neçə təxribatlara yol verdi. Azərbaycan tərəfi onun ağzından vurdu və bundan sonra onlar geri çəkildilər. 2016-cı ilin aprelində bu hadisə təkrarlandı, daha geniş miqyaslı bir atışma oldu, toqquşmalar oldu və nəticədə biz irəli getdik, torpaqlarımızın bir qismini aldıq. Halbuki, imkanımız var idi ki, ümumiyyətlə, ta İrəvana qədər gedə bilərdik. Nəhayət, indi Tovuz istiqamətində bu hadisələr baş verdi. Məsəl var e, "Keçinin buynuzu gicişəndə başını çobanın çombağına sürtər", həmin o vəziyyətdir. Zəif tərəf - Ermənistan bir daha göstərdi ki, Azərbaycandan qorxur. Belə olmasaydı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməzdi. O müraciətə rədd cavabı verildi. Bu rədd cavabından sonra bir daha Ermənistanın Rusiyadakı səfiri yenə də KTMT-nin katibliyinə müraciət etdi ki, "Biz təkidlə xahiş edirik ki, fövqəladə iclas yığılsın". Yenə də rədd cavabı aldılar. Yəni, bu, nəyi göstərir ki, Ermənistan qorxur. Ona görə Prezidentin məşhur sözü yerinə düşür: "Kişisinizsə, tək gəlin də üstümüzə. Niyə başqalarını bizə qarşı qaldırırsınız? Niyə koalisiya yığmaq istəyirsiniz?" Bu baxımdan da görürük ki, onlar həm qorxurlar, həm də qorxudurlar. Zəif tərəf hansı şərti qoya bilər?! Təbii ki, müharibə şəraiti var, ancaq müharibə etmək də özü çox böyük məsuliyyətdir. Çünki bu müharibə tək Azərbaycanla Ermənistanın arasında olan problemi həll etmir, ancaq iki ölkənin maraqlarına toxunmur. Bu bölgədə Türkiyə, Rusiya, İran, Gürcüstan var. Bunların hamısının maraqlarına toxunur Ermənistanla bizim bu münasibətlərimiz. O baxımdan da, əlbəttə, əgər Ermənistan bu danışıqlarda yenə də anlaşılmaz şəraiti qüvvədə saxlamaq istəyəcəksə, status-kvonun dəyişilməsinə maneçilik törədəcəksə, onda artıq müharibə variantı çıxılmaz olduğu halda başlayacaq. Artıq ondan qaçmaq olmayacaq". 

 

Politoloq qeyd edib ki, Ermənistan silahlı birləşmələri hələ də Azərbaycan torpaqlarında qalıblar, bu halda nizama salma prosesində böyük bir irəliləyiş, dönüş gözləməyə dəyməz:

 

"Azərbaycanın mövqeyi bundan ibarətdir ki, ay camaat, ay birlik, ay beynəlxalq təşkilatlar, ay Minsk Qrupu, siz bu nadan qonşuya başa salın ki, bu, özü öz vəziyyətini pisləşdirir. Çünki bir yandan bunlar qapalı şəraitdə yaşayırlar, onlar blokadadan danışırlar. Siz hansı blokadadan danışırsınız? Sizin İranla və Gürcüstanla münasibətləriniz var və oradan çıxışlarınız da var. Sadəcə, biz öz qapımızı bağlamışıq. Buna blokada demək olmaz. Biz sizə, nataraz, anlaşılmaz qonşuya, qeyri-adekvat qonşuya qapını bağlamışıq. Əgər inkişaf istəyirsinizsə, münasibətləri bərpa etmək istəyirsinizsə, onda bu hədələrinizdən və işğlaçı siyasətinizdən əl çəkin! Bir halda ki, Ermənistan silahlı birləşmələri hələ də Azərbaycan torpaqlarında qalıblar, deməli, nizama salma prosesində böyük bir irəliləyiş, dönüş gözləməyə dəyməz. Şərtləri kim qoya bilər?! Şərti həmişə güclü tərəf qoyur, o irəli sürür. Ermənistan güclü tərəf deyil, Ermənistan, sadəcə, başqa dövlətlərin arxasında dayanıb, siçan kimi başını çıxarıb bir-iki təxribat törədib, təzədən gizlənir. Bunun da sonu olmalıdır. Çünki bu, daim təkrarlana bilməz. Bu, elə bir metodikadır ki, onun gələcəyi yoxdur. Ona görə, Prezident İlham Əliyevin dediyi fikirlərdə böyük məntiq var. Ermənistan gərək papağını qoysun qarşısına oturub düşünsün, bir qərara gəlsin. Qərara gəlməsələr, müharibə qaçılmaz olacaq. Bu, artıq hava-gün kimi aydındır".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!