Ermənistanı cəzalandırmaq üçün daha bir dəlil tapıldı – TƏHLİL (FOTO)

SİYASƏT

30 Mart 2022 13:16

Oxunma sayi: 308
Ermənistanı cəzalandırmaq üçün daha bir dəlil tapıldı  – TƏHLİL (FOTO)

İşğaldan azad edilmiş Xocavəndin Edilli kəndində ermənilərin Birinci Qarabağ müharibəsində nümayiş etdirdiyi müstəsna vəhşiliklərə dair bir nümunə tapılandan sonra, analoji dəlil Xocalının Fərrux kəndində də üzə çıxdı.

Söhbət ondan gedir ki, Edillidə kütləvi məzarlıq, Fərruxda isə Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olduğu ehtimal edilən vətəndaşlara aid insan qalıqları tapılıb.

Bu fakt Ermənistanın xroniki sancılarını gücləndirəcək. Azərbaycan bu dəlilləri Ermənistanın beynəlxalq hüquq çərçivəsində müvafiq cəza alması ilə nəticələndirmək üçün səylərini davam etdirəcək.

Birinci Qarabağ müharibəsinin Azərbaycana gətirdiyi faciələrdən biri də 4000-ə yaxın insanın itkin düşməsi və onlar haqqında məlumatların İrəvan tərəfindən xüsusi həyasızlıqla gizlədilməsidir.

Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması üçün qoyduğu tələblər sırasında humanitar missiyaya söykənən prinsiplər də dayanır.

“Top” Ermənistanın meydançasında olsa da, İrəvan bu “topu” gah o tərəfə, gah da bu tərəfə ataraq məsuliyyətdən boyun qaçırmaq üçün əlindən gələni edir.

Prezident İlham Əliyev bu ilin fevralın 4-də fransalı həmkarı Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə də itkin düşən azərbaycanlılar barədə məsələ qaldırıb.

Avropa İttifaqı Cənubi Qafqaz regionunun sülh və təhlükəsizlik təməlləri üzərində çiçəklənməsinə tərəfdardır və bunun üçün Azərbaycanın təqdim etdiyi düsturlara böyük önəm verir. Böyük iqtisadi maraqlarla öz siyasətini quran Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir, hərçənd ki, təşkilatın üzvü Fransa sürüşkən mövqedədir və bu hal daha çox siyasi motivlərlə əlaqəlidir.

Bununla belə, Fransa da Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları qəbul edir və özünün təsəvvürlərində redaktə etmək məcburiyyətində qalır.

Çünki Azərbaycanın işğaldan azad etdiyi ərazilər və regionda yaranacaq yeni nəqliyyat-kommunikasiya sistemi böyük iqtisadi dividentlər baxımından bütün tərəfləri investisiya yatırmağa təşviq edir.

Avropa İttifaqı həmin cəlbedici mənzərədə özünə mühüm yer tutmaq istəyirsə, İlham Əliyevlə Nikol Paşinyan arasında ötən ilin dekabrında Brüsseldə keçirilmiş görüşün və videoformatdakı müzakirələrin məntiqi davamı olaraq İrəvanı kütləvi məzarlıqların ünvanını deməyə məcbur edən siyasətə keçməlidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!