“Əsrin Müqaviləsi” Azərbaycanda yeni eranın başlanğıcı oldu

SİYASƏT

20 Sentyabr 2020 22:05

Oxunma sayi: 660
“Əsrin Müqaviləsi” Azərbaycanda yeni eranın başlanğıcı oldu

İl 1994, tarix 20 sentyabr..

 

ƏSRƏ SIĞMAYAN “ƏSRİN MÜQAVİLƏSİ”

 

Qlobal aləmdə tarixi, siyasi və beynəlxalq əhəmiyyətə malik olan “ƏSRİN MÜQAVİLƏSİ” XX əsrdə nəyinki Azərbaycan dövlətinin tarixində, hətta dünya dövlətlərinin tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən Yeni Neft Strategiyasının və Doktrinanın başlanğıcı oldu.

 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissələrinin birgə işlənməsi və hasilatının pay bölgüsü haqqında saziş imzalandı. Öncəliklə, bu neft strategiyasının əsasını təşkil edən, ölkənin gələcəyi üçün yeni perspektivlər açan və sonrakı illərin təcrübəsində öz layiqli tarixi qiymətini alan “Əsrin müqaviləsi” idi..

 

Bu gün, Azərbaycanın ən böyük neft yatağı olan Azəri-Çıraq-Günəşli hövzəsinin fəaliyyətini və dünya bazarlarına neft ixracını nəzərdə tutan və ölkənin iqtisadi inkişafında böyük paya sahib olan “Əsrin müqaviləsi” 26-cı ildönümünə qədəm qoydu.

 

Müasir Azərbaycan dövlətinin qurucusu,  Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bununla da, Yeni neft strategiyası xarici investorların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşıma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə edilməsini və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etmiş oldu.

 

Qeyd edim ki, müstəqilliyinin ilk illərində bir çox sıxıntılarla mübarizə aparan Azərbaycan Ulu Öndər Heydər Əliyevin iqtidardan hakimiyyətə gəlişi ilə ölkəmizin sahib olduğu bir çox təbii sərvətlərdən səmərəli şəkildə istifadə olunması və dünya bazarına çıxarılmasını təmin edən düzgün, strateji yol izlədi və eyni zamanda müasir, inkişafa meylli iqtisadi addımlar atdı.

 

Bununla da, bitmədi..

 

BAKI-TBİLİSİ-CEYHAN ƏSAS İXRAC BORU KƏMƏRİNİN ƏHƏMİYYƏTİ..

 

Azərbaycan neftinin daşınması üçün Türkiyə və Gürcüstanla əməkdaşlıq edildi və Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan da Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri inşa edildi.

 

Belə ki, əsas neft ixrac boru kəməri irimiqyaslı infrastruktur layihəsi olmaqla yanaşı, həm də yüksək səmərəliliyə malik olan əlverişli kommersiya layihəsi olmuş oldu.

 

Paralel olaraq, Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Amerika Birləşmiş Ştatlarının dövlət başçıları bu layihəni dəstəkləyən və onun uğurla həyata keçirilməsi üçün möhkəm zəmin yaradan “İstanbul Bəyannaməsi”ni imzaladılar.

 

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi Azərbaycan Respublikasının neft strategiyasının və xarici neft şirkətləri ilə işgüzar əməkdaşlığın davam etdirilməsi, sərmayəçilərlə bağlanmış sazişlər çərçivəsində hasil edilən neftin dünya bazarlarına çıxarılması və Azərbaycan xalqının sosial-iqtisadi rifahının yüksəldilməsi üçün mühüm siyasi və iqtisadi əhəmiyyətə malik oldu.

 

Bu gün Azərbaycan Xəzərdəki ən böyük donanmaya sahib olan dövlət olmaqla yanaşı, ötən illər ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib.

 

Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin davamçısı olan prezident İlham Əliyevin sözləri ilə - “20 Sentyabr ölkəmiz üçün tarixi bir gün oldu. Azərbaycan dövlətinin inkişafı üçün yeni imkanlar yarandı və ölkəyə xarici investisiyalar qoyuldu. Belə ki, ölkəmizin iqtisadi və siyasi inkişafı “Əsrin Müqaviləsi” ilə başladı.”

 

“Əsrin Müqaviləsi” Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoymaqla bərabər, Azərbaycan tarixində yeni eranın başlanmasında, beynəlxalq bazarlarda iştirakının genişləndirilməsində, ölkənin iqtisadi və siyasi təhlükəsizliyinin əlavə təminatında, yeni xarici investisiya qoyuluşunda, yeni iş yerlərinin açılmasında və əhalinin sosial rifahının yaxşılaşdırılmasında böyük əhəmiyyətə malik oldu.

 

Bu gün həm də, Azərbaycanda, Neft-qaz sənayesində çalışan mütəxəssislər və  bu sahənin müxtəlif sahələrinə rəhbərlik edən şəxslərin əməyinin qiymətləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr tarixi Azərbaycanda “Neftçilər günü” kimi qeyd olunmaqdadır. Azərbaycan Neftçilərinin peşə bayramı kimi..

 

Bayramınız mübarək olsun Əziz Neftçilər!

 

Ülkər Piriyeva, Politoloq

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!