Gülyanaq Məmmədova: “Övladlarımın atasını da bu səhnədə sevmişəm“ MÜSAHİBƏ

MÜSAHİBƏ

11 May 2020 11:36

Oxunma sayi: 678
Gülyanaq Məmmədova: “Övladlarımın atasını da bu səhnədə sevmişəm“   MÜSAHİBƏ

Azmedia.az xəbər verir ki, Buta.ws-in həyata keçirdiyi "Məşhur qonağım" rublikasının bu dəfəki qonağı xalq artisti, hamımızın sevimlisi Gülyanaq Məmmədova oldu.

 

Gülyanaq xanım saytımıza özəl müsahibə verdi.

 

- Gülyanaq xanım, mətbəxlə aranız necədir? Hansı yeməyi ən dadlı bişirirsiniz?

 

- Mətbəxlə aram çox yaxşıdır. Çünki hər bir xanım evinin xanımı olmalıdır, biş-düşü, ev işini bacarmalıdır. Günüm demək olar ki, mətbəxdə keçir. Ən dadlı hazırladığım yeməyi isə deyə bilməyəcəm. Çünki yeməyi hazırlayan vaxt o yeməyin dadına təsir edən faktorlardan biri də əhval-ruhiyyə və sevgidir. Çalışıram ki, hamısını dadlı bişirim. Bu da həmin günki əhval-ruhiyəmdən asılı olaraq dəyişir.

 

- Niyə görə insanları sənətkarların sənətindən çox şəxsi həyatı maraqlandırır? Və ən əsası da müğənnilər daha çox şəxsi məsələləri ilə sənətə gəlmək istəyir?

 

- Çünki sənətçilər hər zaman diqqət mərkəzində, səhnədədirlər. Tamaşaçı onları sevdikcə, onların görünməyən tərəfləri ilə də yaxından maraqlanır. Amma ki, şəxsi həyatı ilə gündəmə gəlməyi dəstəkləmirəm. Ümumiyyətlə, şəxsi həyatımı gündəmə gətirməyi istəməmişəm. Jurnalistlərin sualları əsasında şəxsi həyatımdan danışsam da gündəmə gəlməsini dəstəkləmirəm. Tamaşaçı məni mahnılarıma, səhnə mədəniyyətimə, geyimlərimə, danışıq tərzimə görə sevməlidir və ona görə də sevir. Ona görə də gündəmə gəlmək üçün şəxsi həyatı ortaya atmaq lazım deyil. Səsin varsa, seviləcəksən, gündəmdə olacaqsan. Səsin yoxdursa olmayacaqsan. Tamaşaçı hər şeyi görür və gözəl başa düşür.

 

- Gülyanaq xanım hansı musiqini oxuyanda özünü tapır? O musiqi onun üçün digərlərindən fərqlidir? 

 

- Oxuduğum bütün mahnılar mənə doğmadır. Bütün ifalarımı sevə-sevə oxumuşam. Bir mahnını sevə-sevə oxumalısan ki, həmin ifanı tamaşaçıya da sevdirəsən. Hansının melodiyasında gəzişsəm, orda mənə doğmalıq var. Amma son illərdə ən sevdiyim "Mən bu ömrü elə belə yaşadım" mahnısıdır.

 

- Nə vaxtsa sənətdən getmək istəmisinizmi? Sizi həvəsdən nə sala bilər? 

 

- Sənətdən heç vaxt getməz istəməmişəm. Bu yolu sevə-sevə başlamışam, arzularıma çatmışam. Bu sənət mənə çox şey qazandırıbdır. Övladlarımın atasını da bu səhnədə sevmişəm. Bu səhnə mənə tamaşaçı sevgisi, şan-şöhrət, gözəl yaşam tərzi bəxş edibdir. Heç vaxt bu sənət mənim üçün bezdirici olmayıbdır. Hər şeyimi bu sənət sayəsində qazanmışam. Bir də doğulsaydım, bu sənəti seçərdim. Çünki mən bu sənətin heyranıyam. Oxuduğum ifalar, muğamlar, oynadığım obrazlar mənə o qədər doğmadır ki, məni sevən tamaşaçılarım, dövlətim mənə o qədər əzizdir ki, bu səhnədən getmərəm. 

 

- Sənətə gələndə yolunuzu kəsənlər olubmu? Buna qarşı nə cavab vermisiniz? Ümumiyyətlə sizə qarşı pislik edəndə, sosial şəbəkədə xoşagəlməz söz yazanda cavab verirsiniz?

 

- Allah mənə bu boyda sevgini, səsi veribsə, yolumu açıbsa, bəndəsi mənim yolumu kəsə bilməz ki... Kəsmək istəsə də, ziyanı özünə dəyər. Bəzən hiss eləmişik ki, kimlərsə çəkə bilmədiklərindən yolumuzu kəsməyə çalışıb. Yaxşı ifaçının çəkə bilməyənləri çox olur. Bizə də paxıllıq edənlər, çəkə bilməyənlər olub. Amma mən heç vaxt buna məhəl qoymamışam. Sosial şəbəkələrdə də nəsə yazıblarsa, ona tərəf də baxmamışam. Çünki tamaşaçım bilir ki, mən necə biriyəm, kiməm... Kim pislik edirsə, özünə edir. Çiynimizdə yaxşımızı da, pisimizi də yazan mələklər var. Onun savabı da, günahı da özünədir. Kimsə pisliyindən qalmırsa, mən niyə yaxşılığımdan qalım? Beləcə həyatımı sürürəm, nəsə də olanda bəzən göz yumuram, bəzən də Allaha həvalə edirəm. Hər zaman tamaşaçımla səmimi olmuşam. İstər ekranda, istərsə də həyatda eyni olmuşam. Məni sevən xalqı, milləti mən də sevmişəm. Onlara sadə yanaşmışam. Mən də onlardan biriyəm. Tanınmağımıza, səsimizə görə bir balaca başımızı dik tutmaq, özümüzü göylə aparmaq düzgün deyil. 

 

- Ailə həyatınız sənətinizə mane olubmu? Çox vaxt bəzi sənətçilər ailə ilə sənətin tutmadığını bildirir. Bəs sizcə necədir?

 

- Sənətin ailə ilə tutmamağı vacib deyil, əsas xasiyyətlərin tutuşması önəmlidir. Əgər, xasiyyətlər uyğundursa, sənətlə ailə çox gözəl tutur. Mən sənətə görə ailəsi dağılanı qınamıram. Mənim ailəm dağılmayıbsa, bu qismətdən, həyat yoldaşımın anlayışlı olmağından irəli gəlir. Ola bilərdi ki, mən də eləsinə rast gələrdim ki, məni anlamazdı, səhnə fəaliyyətimu dəstəkləməzdi. Mən belə düşünürəm ki, hər şey xasiyyətdən irəli gəlir. Bir-birinə qarşı güzəştə getmə, anlayış varsa, sənətin ailəyə heç bir ziyanı yoxdur. Hər insanın özünə görə sənəti var. Həkimlər, müəllimlər və başqa sahənin işçiləri, istər qadın, istərsə də kişi, səhər gedir, axşam gəlirlər. Bu dönəmdə ələlxüsus da həkimlərimizin işi çoxdur. Günün çox hissəsini işdə keçirirlər. Amma onların da evdə övladları, həyat yoldaşı var. Ailə quranda, xasiyyət uyğunluğu, etibarlılıq və sevgi önəmlidir. Əgər kiminsə ailəsi sənətə görə dağılıbsa, mən ona qarışa bilmərəm. Hərə öz ailəsinə cavabdehdir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!