İnflyasiya səngiyib: Proqnozlar nə vəd verir?

İQTİSADİYYAT

19 İyun 2023 16:17

Oxunma sayi: 749
İnflyasiya səngiyib:  Proqnozlar nə vəd verir?

Pərviz Heydərov yazır...

Cari ilin yanvar-may aylarında ölkədə istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,8%, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 11,6 və 10,6% artıb. 

Başqa sözlə, ilk baxışda bahalaşma və inflyasiya tempi davam edib.

Lakin, 2023-cü ilin mayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4% az, ötən ilin mayına isə nisbətən 11,5% çox təşkil edib. Bu isə o deməkdir ki, az qala iki il yarımdır ardıcıl davam edən bahalaşma və inflyasiya tendensiyası ilk dəfə olaraq mayda səngiyib. 

Bu, ötən ilin birinci rübünün, uzağı ilk yarısının sonuna proqnoz olunsa da, baş verməmişdi. Sonradan ilin ilk üç ayının sonuna gözlənilsə də, nəhayət, qeyd etdiyim kimi cüzi də olsa mayda baş verdi.

Sual olunur, nə səbəbə görə? Uzun müddətdir davam edən inflyasiya amilinin ötən ay səngiməsinə məhz hansı amillər şərait yaradıb?

Birincisi, bahalaşma və inflyasiya prosesinin sürəti artıq, apreldə zəifləməyə başlamışdı. 2023-cü ilin aprelində ölkəmizdə inflyasiya mart ayında qeydə alınmış 0,7% səviyyəyə qarşı 0,3% təşkil etmişdi. Bu isə o demək idi ki, proses artıq, zəifləməyə doğru istiqamət götürüb. 

Odur ki, mayda tempin səngiyəcəyi aydın görünürdü. Buna ən çox analoji tendensiyanın məhz qlobal miqyasda baş verməsi əsas yaradırdı.

Belə ki, sözügedən tendensiya qlobal məkanda əslində xeyli əvvəl səngiyib. Bizə isə indi təsir edir. İl başlanandan bəri dünya bazarlarında bir sıra strateji məhsullar, o cümlədən ərzaq malları ucuzlaşıb. 

2021-ci ilin əvvəlindən başlanan və bütövlükdə ötən il ərzində Rusiya-Ukrayna müharibəsinin təsiri nəticəsində daha da alovlanan qiymətlər bu ildən ucuzlaşmalı idi və ucuzlaşdı da. Buna enerjidaşıyıcıları üzrə qiymətlərin sabitləşməsi əsas yaratdı.

Ümumiyyətlə, bahalaşmaya və inflyasiyaya dair şərhlərimdə yazmışdım ki, prosesin səngiməsi üçün enerjidaşıyıcıları ucuzlaşmalıdır. Başqa sözlə, qlobal enerji bazarlarında ajiotaj yatmalıdır. Əks təqdirdə, prosesin ölkəmizə təsir və təzyiqləri davam edəcək, inflyasiya idxalı səngiməyəcək. 

Çünki, buna qarşı mübarizə aparmaq mümkün deyil. O səbəbdən ki, daxili bazarımız idxal məhsullarından asılı olduğundan yerli istehsal nə qədər çox stimullaşdırılsa belə, bundan yaxa qurtarmaq mümkünsüz sayılır.

Diqqət yetirək, mayda əvvəlki aya nisbətən daha çox qarabaşaq yarması, çörək, təzə balıq, süd, yumurta, süfrə marqarini, kərə, günəbaxan və qarğıdalı yağları, çiyələk, banan, xiyar, pomidor, bibər, sarımsaq, soğan, kartof, araq ucuzlaşdığı halda, əksəriyyəti idxal olunan mallar olan düyü, mal, qoyun və toyuq əti, yoqurt, xama, zeytun yağı, limon, alma, balqabaq, kələm, yerkökü, şəkər və şəkər tozu, mineral sular bahalaşıb. Digər ərzaq məhsulları isə sabit qalıb.

Yəni, bu faktın özü də kənardan idxal olunan malların qiymət tendensiyasının daxili bazarımıza necə təsir etdiyini bir daha göstərir.
İkincisi, ölkə daxilində bahalaşma ilə inflyasiyanı səngidən digər faktor isə qonşu ölkələrdə, həmçinin əsas ticarət tərəfdaşlarımız olan tərəflərdə milli valyutaların dəyərsizləşməsi prosesidir. 

Bu, həmin ölkələrdən ölkəmizə idxalın ucuzlaşmasına səbəb olur. 

Söhbət, Rusiya Federasiyası ilə Türkiyədən gedir. Rubl ilə lirənin ABŞ dollarına nəzərən dəyər itirməsi adları çəkilən milli valyutalara sahib ölkələrdən mal və məhsul idxalının ucuzlaşmasına şərait yaradır.

Üçüncüsü isə, ölkədə bahalaşma və inflyasiya prosesinin səngiməsində Mərkəzi Bankın (AMB) və hökumətin bu sahədə apardığı siyasət, gördüyü tədbirlər və atdığı addımlar da müəyyən rol oynayıb ki, bunu da etiraf etmək gərəkdir. 

Belə ki, istər ölkədə həyata keçirilən sərt pul-kredit siyasəti, istər manatın dəyərinin inzibati yolla saxlanması, istərsə də hökumət tərəfindən bəzi gömrük və vergi mexanizmlərinin tətbiqi və sair, prosesi cilovlamaq baxımından əhəmiyyətli olub.

Odur ki, sual yaranır: inflyasiya prosesinin səngiməsi uzunmüddətli xarakter daşıyacaqmı? Yenidən bahalaşma yarana bilərmi? May ayındakı deflyasiya nə dərəcədə perspektivlidir?

İlin qalan ikinci yarısı üçün hökumətin və AMB-nin verdiyi proqnozlar fərqlidir. Birincisi, 10,4% olmaqla ikirəqəmli, ikincisi isə 8,3% təşkil etməklə birrəqəmli proqnoz irəli sürülüb. Bunun hansının doğru olacağını zaman göstərəcək.

Hələlik isə cari ilin qalan dövrü ərzində də Azərbaycanda inflyasiyanın səviyyəsini qlobal bazarlardakı vəziyyət müəyyən edəcək ki, ciddi bir siyasi-hərbi böhran yaranmasa, bu il enerjidaşıyıcılarının qiymətlərinin bir az da ucuzlaşacağı gözlənilir. Bu isə ərzaq və digər bazarlarda da qiymətlərin düşməsinə səbəb olacaq. 

Nəticədə, ölkəmizdə ilin ikinci yarısında da inflyasiya tempi azalmaqda davam edəcək və qiymətlərdə sabitləşmə prosesi möhkəmlənəcək. Ancaq bu azalmanın ikiqat olub-olmayacağını söyləmək çətindir. Yəni, inflyasiyanın birrəqəmli, yoxsa ikirəqəmli təşkil edəcəyi məlum deyil. Burada hökumətin tənzimlənən qiymətlərə dair nə kimi siyasət yürüdəcəyi də mühüm rol oynayacaq. Əgər benzin, enerji, su, qaz qiymətləri artırılmasa, inflyasiya azalacaq. 

Hökumət diqqətini əsas etibarı ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəltməlidir. Belə ki, əsas növ ərzaq məhsulları üzrə istehsal təhlükəsizlik səviyyəsinə çatdırılmalı, bu mümkün olmadıqda isə, idxal sahəsində vergi və rüsumlar sıfırlanmaqla bahalaşma cilovlanmalıdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!