Məzahir Pənahov: Seçki məntəqəsinə polis dəvət edilib FOTO

SİYASƏT

23 Dekabr 2019 15:46

Oxunma sayi: 276
Məzahir Pənahov: Seçki məntəqəsinə polis dəvət edilib    FOTO

Mərkəzi Seçki Komissiyasına seçki proseduru ilə bağlı rəsmi şikayət daxil olmayıb. Amma sosial şəbəkələrdə bununla bağlı bəzi məlumatlar var və həmin məlumatlar araşdırılır.

 

Azmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

 

O bildirib ki, Neftçalada 61 saylı Seçki Dairəsinin 33 saylı seçki məntəqəsinə polis dəvət edilib:

 

“Məntəqə bununla bağlı dairə seçki komissiyasına müraciət edib. Əgər komissiya Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq polisin müdaxiləsinə ehtiyac olduğu barədə qərar verərsə, polis məntəqəyə daxil ola bilər.

 

Biz indi bu halı araşdırırıq. Bizə verilən məlumata görə, bütün qanuni addımlar atılıb, buna baxmayaraq, özümüz də araşdırma aparırıq. Cəmiyyətin diqqətini cəlb edən belə məsələlər olduqda biz əraziyə öz nümayəndəmizi göndərərək hadisə yerində araşdırma aparırıq.

 

Digər bir halın Sabunçuda olduğu deyilir. Oradan verilən məlumatlarda belə təəssürat formalaşdırır ki, ərazidə qeydiyyatda olmayan şəxslər səs verirlər. Amma qanunvericilik baxımından bu, tamamilə əsası olmayan iddiadır”.

 

M.Pənahov əlavə edib ki, Seçki Məcəlləsinin tələbinə görə, vətəndaş son altı ayda yaşadığı ərazi üzrə siyahıya daxil edilir.

 

"Seçici siyahısına daxiledilmə üçün vətəndaşın harada qeydiyyatda olmağındansa, onun harada yaşaması daha vacibdir. Çünki indi yüz minlərlə insan qeydiyyatda olmadığı ərazidə yaşayır. Seçki Məcəlləsinin də tələbi budur və dünya praktikasında da bu tələb əsas götürülür. Amma seçicinin adı seçici siyahısında yoxdursa və o, həmin məntəqədə səs veribsə, bu, artıq araşdırılmalıdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!