“Müharibə qurtarmayıb, 13 günlük döyüşlər ərzində dostumuzu da, düşmənimizi də gördük“

SİYASƏT

10 Oktyabr 2020 17:57

Oxunma sayi: 174
“Müharibə qurtarmayıb, 13 günlük döyüşlər ərzində dostumuzu da, düşmənimizi də gördük“

Müharibə qurtarmayıb. Haqq davamız davam edir. Müharibənin uğurla nəticələnməsində Ordu ilə bərabər diplomatiyamızın da mübarizəsi çox önəmlidir. Dünən Moskvada keçirilən görüşə də məhz siyasi-diplomatik mübarizəmizin bir hissəsi kimi baxmaq lazımdır. Belə ki, son 12-13 gün ərzində (yəni ki, sentyabrın 27-dən başlayaraq) davam edən hərbi əməliyyatlarda Azərbaycan Ordusu əsl qəhramanlıq nümunəsi göstərdi. Bu müddət ərzində gedən döyüşlərdə Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Suqovuşan və bir neçə kəndlərimizlə bərabər böyük strateji əhəmiyyətə malik olan yüksəkliklər də düşmən işğalından azad edildi. Düşmənin çoxlu sayda canlı qüvvəsi, silah və digər hərbi texnikaları, istehkam qurğuları məhv edilib, əsgər və zabitləri əsir götürülüb, xeyli hərbi texnikaları və silah-sursatları qənimət kimi ələ keçirilib. Düşmən ordusu Azərbaycan əsgərinin qabağında aciz qalaraq döyüş meydanından qaçmağa məcbur olub. Bu əks-hücum əməliyyatlarında düşmən mövqelərini darmadağın edən Azərbaycan Ordusu torpaqlarımızı bir-birinin ardınca işğaldan azad etməklə təkcə Ermənistana deyil, həmçinin bütün dünyaya öz gücünü və qüdrətini nümayiş etdirdi. Hərbi əməliyyatlarda qazanılan uğur və qələbələr, siyası və diplomatik müstəvidə də davam etdirilməkdədir.
 

Artıq əvəlkindən fərqli olaraq indi şərtləri Ermənistan deyil, Azərbaycan özü diqtə edir. Dünənki görüş də bunu bir daha sübut etdi. Okyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə iki günlük humanitar xarakter daşıyan atəşkəs elan olundu. Bu iki gün tərəflərə həlak olmuş və əsir düşmüş hərbçilərin dəyişdirilməsi imkanını verir. Bu iki gün, möhtərəm Prezidentimiz İlham Əliyevin sözü ilə desək, Ermənistana verilmiş son şansdır. Ermənistan münaqişənin beynəlxalq hüquq çərçivəsində həll olunması üçün işğal etdiyi ərazilərdən geri çəkilməlidir və çəkiləcək də. Odur ki, Moskva görüşündə əldə edilən humanitar atəşkəsə yanlış don geyindirmək, bunu bizim geri çəkilməyimiz kimi, məğlubiyyətimiz kimi dəyərləndirmək lazım deyil. Bu cür düşünənlər və bu fikirləri məqsədli şəkildə yayanlar cəmiyyətdə ruh düşkünlüyü yaratmağa çalışırlar. Ancaq buna imkan vermək olmaz. Cəmiyyətdə çaşğınlıq yratmağa heç kimin ixtiyarı yoxdur. Son günlərdə cəmiyyətdə vüsət almış birliyimizə, milli həmrəyliyimizə, yüksək döyüş əhval-ruhiyyəmizə heç kim xələl gətirməməlidir. Əksinə, biz bundan sonra daha da bir olmalı, həmrəylik göstərməliyik.

 

Əsas odur ki, biz bu 13 günlük döyüşlər ərzində dostumuzu da, düşmənimizi də gördük, yaxından tanıdıq. Düşmənlərimiz, bizi istəməyənlər həddindən çoxdur. Amma dostlarımız,  müttəfiqlərimiz də az deyil. Odur ki, bizi ruhdan salmaq mümkün deyil. Qoy buna çalışan daxldəki və xaricdəki düçmənlərimiz də bunu bilsin. Hamı bilməlidir ki, bu razılaşma sadəcə “texniki atəşkəs” razılaşmasıdır, müvəqqəti anlaşmadır və bu razılaşma məhz Ermənistan tərəfinin israrlı yalvarışlarının nəticəsində baş tutub. Cənab Prezidentin də qeyd etdiyi kimi, indi Ermənistan baş naziri diz çöküb yalvarır. Onun bu günlərdə döymədiyi qapı, göndərmədiyi emissar qalmayıb. Bu da kimin kim olduğunu açıq-aydın göstərir. Xalqımıza da sözümüz budur ki, bu sülh razılaşması deyildir. Müharlbə də bitməyib. Şanlı Ordumuz hər an tətik vəziyyətindədir. Cənab Prezidentimiz dünən xalqa müraciətində də bir daha qətiyyətlə vurğuladı ki, “biz Qarabağı alacayıq, ya müharıbə , ya sülh yolu ilə”. Biz Prezidentimizin bu qətiyyətli və prinsipial mövqeyinə inanır və güvənirik. Bəzi dünya liderləri və Ermənistanın gizli-açıq havadarları da artıq bilməlidir ki, Ermənistan yenə də sözünü tutmayacağı və vasitəçilərin bundan sonra da ədalətli mövqe sərgiləməyəcəyi təqdirdə heç kəs hadisələrin hərbi müstəvidə inkişafının qarşısını ala bilməyəcəkdir.


Azərbaycan xalqı öz dövlətinin, öz Ordusunun yanındadır. Bizim güclü ordumuz var. Bunu bütün dünya gördü, bütün dünya şahid oldu ki, Azərbaycan Ordusu öz torpaqlarını hərbi yolla azad etmək iqtidarındadır. Sadəcə olaraq biz qan tökülməsini istəmirik. Azərbaycan xalqı sülhsevər xalqdır. Odur ki, işğalçı ölkəyə tərəfimizdən sonuncu dəfə şans verildi ki, həm döyüş meydanında yığılıb qalmış minlərlə hərbçilərinin meyitlərini götürsün, həm də işğalçılıq siyasətinə son qoymaq üçün real addımlar atsın. Əks təqdirdə Azərbaycan Ordusui Ermənistanı sülhə məcbur etməyin yolunu bilir.


Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!