Olqa Savçenko: “Bu, Ermənistanın dostluqdan kənar addımıdır” Kiyevdən ŞƏRH

SİYASƏT

17 İyun 2022 15:59

Oxunma sayi: 263
Olqa Savçenko: “Bu, Ermənistanın dostluqdan kənar addımıdır”   Kiyevdən ŞƏRH

İrəvan Ukraynanın ərazi bütövlüyünə məhəl qoymamaqda davam edir, bunu Ermənistanla Rusiya tərəfindən ilhaq edilmiş Krımın hakimiyyət orqanları arasında turizm və kurortlar sahəsində imzalanmış beş saziş sübut edir.

Ermənistan və Rusiya KİV-in məlumatına görə, ilhaq edilmiş Krımın “hökumət”inin baş nazirinin müavini İrina Kiviko Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı bəyan edib ki, Krımla Ermənistan arasında yeni turizm marşrutunun açılması planlaşdırılır: “İpək Yolu: Ermənistan - Krım” kimi turizm marşrutu üzrə Ermənistan firmalarından çox maraqlı təkliflər gəlib”.

Yeri gəlmişkən, qeyd olunur ki, Krım və Ermənistan hakimiyyəti artıq bu ilin martında turizm marşrutunun təşkili ilə bağlı saziş imzalayıb. İrina Kivikonun sözlərinə görə, bu yay Krıma Ermənistandan ilk turistlər gələ bilər.

Azmedia.Az xəbər verir ki , Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının sədr müavini Olqa Savçenko Oxu.Az-a danışarkən ilhaq edilmiş Krımla Ermənistanı birləşdirən turizm marşrutunun açılması qərarını “İrəvanın dostluqdan kənar addımı” adlandırıb.

“Krım hazırda Rusiyanın işğalı altında olan Xerson rayonu ilə bitişik işğal olunmuş ərazidir. Rusiya Federasiyası deyir ki, onlar “əraziləri azad edirlər”, “yolları açırlar”. Amma bunlar işğalçılardır. Biz heç vaxt ərazimizə təcavüzlə, Ukraynanın, Krımın və digər ərazilərin ələ keçirilməsi, hansısa turizm marşrutlarının açılması ilə razılaşmayacağıq”, - deyə Olqa Savçenko qeyd edib.

Həmsöhbətimizin sözlərinə görə, Ukrayna Krımın, Xerson vilayətinin və digər ərazilərin tezliklə geri qaytarılmasına ümid edir:

“O zaman Kiyev bütün bu hərəkətlərə layiqli qiymət verəcək. İşğal olunmuş ərazilərlə, o cümlədən “DXR” və “LXR” ilə heç bir iqtisadi, turistik, siyasi əlaqələr olmamalıdır. Rusiya göstərməyə çalışır ki, Ukraynanın işğal olunmuş rayonları inkişaf edir, lakin biz bunun belə olmadığını görürük”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!